Şəhidlikdən böyük savab ola bilməz

Canları, qanları bahasına torpaqlarımız uğrunda döyüşənlərin yeri cənnətlikdir

"Hər bir insan lazım gələrsə öz malını, mülkünü, canını bu yolda qurban verməyə hazır olmalıdır"

Vətən, millət uğrunda döyüşərkən həlak olanlara şəhid, sağ qalanlara isə qazi deyilir. İslam alimlərinin fikrincə, ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və əhalisinin mühafizəsini, malını, şərəf və namusunu müdafiə zamanı canını fəda edənlər şəhiddirlər. Tanrı dərgahında şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra ən yüksək zirvədir. 

Şəhidlərin Allah qatındakı məqamı ilə bağlı "Şərq"ə danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev bildirib ki, Şəhidlik zirvəsinin dində çox yüksək dəyəri var. İ.Quliyev vurğulayıb ki, istər "Qurani-Kərim"də, istərsə peyğəmbərlərin, imamların hədislərində bu mövzuda çoxlu sayda ayələr var:

"Həm şəhidlik, həm də ümumilikdə vətən sevgisi ilə əlaqədar olaraq "Qurani-Kərim" də ayələrimiz çoxdur. Məsələn, Bəqərə surəsinin 191-ci ayəsində Uca Rəbbimiz buyurur ki, "Onları harada ələ keçirsəniz öldürün. Sizi qovub çıxardıqları yerdən siz də onları çıxardın". Əgər biz bu ayəyə diqqət yetirsək, həqiqətən də "Qurani-Kərim" nöqteyi-nəzərdən ermənilər bizi vaxtilə torpaqlarımızdan qovub çıxarıblar. İndi biz Ali Baş Komandanımız İlham Əliyevin sərkərdərliyi, rəhbərliyi altında özünün də ifadə etdiyi kimi onları artıq biz "iti qovan kimi" qovub öz ərazilərimizdən çıxardırıq. Bu da onu göstərir ki, biz bütövlükdə haqq və ədalət yolundayıq. Həmçinin "Qurani-Kərim"in Tövbə surəsinin 14-cü ayəsində Uca Rəbbimiz buyurur ki, onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin və s. Bu ayə də onu göstərir ki, düşmənə qarşı vuruşmaq hər bir kəsin, xüsusilə də, özünə igid, kişi deyənlərin Vətən qarşısında olan vəzifə borcudur.

Peyğəmbərimizin də hədislərinə diqqət etdiyimiz zaman görürük ki, həqiqətən vətən yolunda çarpışmaq, döyüşmək son dərəcə zəruri olan vəzifələrdən biridir ki, Uca Rəbbimiz o vəzifəni bizim üzərimizə qoyub. Məsələn, İmam Əli əleyhisəlamın vətən haqqında çox gözəl hədisi var. Vətən haqqında buyurur ki, "şəhərlər vətən sevgisi ilə abad olar".

Bu hədis onu göstərir ki, əgər insanlar vətəni sevməsələr, öz doğma torpaqları uğrunda vuruşmasalar, o doğma torpaqlara məhəbbət bəsləməsələr, heç vaxt onların şəhərləri abad olmayacaq. Bizim bu günləri Qarabağ uğrunda apardığımız mübarizə haqq və ədalətli olmaqla yanaşı, cəbhədə çalışan Ali Baş Komandandan tutmuş sıravi əsgərinə qədər hər bir kəsin Allah yanında çox böyük savabı var. Çünki bu savab Allah tərəfindən bəyan edilərək, peyğəmbər, imamlar tərəfindən bizlərə çatdırılıb".

QMİ əməkdaşı vurğulayıb ki, Şəhidlik bəndənin nail ola biləcəyi bütün savablardan üstün bir savabdır:

"Allah yanında savabların sayı çoxdur. İnsan müxtəlif savab əməllər görməklə, Allah yanında qiymətə malik ola bilər. Amma peyğəmbərimiz buyurur ki, Allah yolunda, vətən və xalq yolunda vuruşub şahadətə çatmaq tamam başqa savaba malik olmaq deməkdir. Yaxud başqa bir ayədə buyurulur ki, şəhidin qanının ilk damlası axdıqda onun bütün günahları bağışlanmış olar. Peyğəmbərimiz buyurur ki, özünü təcavüzdən qoruyaraq öldürülən şəxs şəhiddir. Bilirik ki, ermənilər təcavüzkarlardır. Bu hədis bizim vətən yolunda canını fəda etmiş hər bir şəxsin ali bir məqama, Şəhidlik məqamına yüksəldiyinin baris göstəricisidir.

Bu gün bizim igidlərimiz Qarabağ uğrunda vuruşurlar. Düşmənlərimizi tarixi əzəli torpaqlarımızdan qovurlar. Onların hər biri Allah yanında şəhadət məqamına yüksəlmiş şəxslərdir. Yaralıların, o cümlədən postlarda, səngərlərdə gözətçilik edənlərin çox böyük savabı vardır. Peyğəmbərimiz buyurur ki, cənnətə girən ilk şəxs şəhid olacaq. Bax, bu hədis də onu göstərir ki, həqiqətən də şəhidlər torpaqlarımız, dinimiz uğrunda ölənlərdir. Bilirsiniz ki, erməni işğalçıları altında olan torpaqlar bizim, islam ərazisidir, islam torpaqlarıdır. Bizim orada min illərdən bəri formalaşdırdığımız böyük islam və din mədəniyyətimiz var.

Ermənilər ağına-bozuna baxmadan bizim işğal altındakı pirlərimizi, ziyarətgahlarımızı, dini-tarixi abidələrimizi, o cümlədən məscidlərimizi dağıdıblar. Məscidlərimizdə donuz, inək və ya müxtəlif heyvanlar saxlayıblar. Bu təkcə nəinki bizim xalqımıza, bütün müsəlman dünyasına qarşı təhqir idi. Şükürlər olsun ki, bizim Prezidentimizin sərkərdərliyi altında biz artıq o torpaqları düşməndən, təcavüzkardan təmizləyirik. Prezidentin də buyurduğu kimi, məscidlərimiz bərpa olunacaq, lazım gələcəksə əlavə məscidlər tikiləcək".

İ.Quliyev əlavə edib ki, şəhidlərimizin ruhunun şad olması üçün tələb olunan bir neçə məsələ var:

"Hər birimiz bir vətəndaş olaraq onların qanının batmamağı üçün şəhidlərimizin gördükləri işləri görməliyik. Yəni onlar necə vətəni seviblərsə, öz qanları, canları bahasına bu torpaqları azad ediblərsə, yaxud da qoruyublarsa, biz də onları etməliyik. Şəhidlərimizin yolu ilə gedərək vətənə olan sevgilərini bir an belə unutmasınlar. Lazım gələrsə, öz mallarını, mülklərini, canlarını bu yolda necə deyərlər, qurban verməyə hazır olsunlar ki, bizim şəhidlərimizin də ruhları şad olsun. İkincisi, şəhidlərimizin adlarını daim xatırlamalıyıq.

Müxtəlif tədbirlər keçirməklə, dini mərasimlərdə ruhlarını yad etməklə ruhlarına fatihələr, dualar oxuyaq. Əminliklə deyə bilərəm ki, bizim xalq da elə bir millətdir ki, vətən yolunda canını, mülkünü vermiş şəxsləri heç vaxt unutmur".