Kremlin masasında İrəvan sözünü tutmur

Moskva görüşünün nəticəsi hələ ki görünməyəcək

İndi bütün proseslər hərbi məntiqlə inkişaf edir və nəticə olmadan heç kəs hərbi əməliyyatları dayandıra bilməz

Xarici işlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə dünən Moskvaya gedib. XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

İkitərəfli görüşdə Dağlıq Qarabağ bölgəsində atəşkəsə dair əldə olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz məsələlər və nizamlanma üçün dayanıqlı şərtlərin yaradılması müzakirə olunub.

Məlumat üçün əlavə edək ki, S.Lavrovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında oktyabrın 20-də Moskvada analoji görüş keçirilib. Mnatsakanyanın oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcəyi deyilir. 

Hərbi əməliyyatların davam etdiyi şəraitdə diplomatik müstəvidə aktivliyi “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, ATƏT-in Minsk Qrupunun, daha doğrusu, həmsədr ölkələrin tamamilə süst vəziyyətdə qalmasını gözləmək sadəlövhlük olar. Analitikin sözlərinə görə, həmsədrlər ölkələr passiv qaldıqları görüntüsü yaratmamaq üçün diplomatik fəallığı nisbətən artırmağa səy göstərirlər:

“Minsk Qrupu çalışır ki, mümkün qədər tez müddətdə atəşkəsə nail olsunlar və münaqişə tərəflərini dinc yola gətirsinlər. Bununla bağlı məsləhətləşmələr aparırlar, yollar axtarırlar.

Ancaq burada məsələ həmsədrlərdən yox, birbaşa münaqişə tərəflərindən asılıdır. Azərbaycan öz şərtlərini konkret açıqlayıb. İşğalçı Ermənistan şərtlərimizə qeyd-şərtsiz əməl etməlidir.

Əks halda fərqli nəticə gözləməyə dəyməz. Ermənilərlə iki dəfə atəşkəslə bağlı razılıq əldə olunsa da, hər dəfə anlaşmanı kobud şəkildə pozublar. Yerevan öz sözünə cavabdeh deyil. Onların qərar qəbul etmək imkanları iflic vəziyyətdədir. Belə məqamda heç kim ermənilərlə hansısa razılaşmaya qarantiya verə bilməz”. 

İ.Vəlizadə vurğulayıb ki, vəziyyətin bu həddə gəlib çatmasının günahkarı Ermənistandır, mövcud durumdan narahat olan ölkələr Yerevana təzyiq göstərməlidir:

“İndi bütün proseslər hərbi məntiqlə inkişaf edir və nəticə olmadan heç kəs hərbi əməliyyatları dayandıra bilməz. Yeganə yol işğalçı ermənilərin torpaqlarımızdan rədd olub getməsidir.

Əgər bunu öz xoşları ilə etmək istəmirlərsə, o zaman düşməni savaşaraq qovarıq. Başqa variant yoxdur. Düşmənlə yumşaq formada danışmaq faydasızdır”.