Geriyə yol yoxdur

Bütün köhnə formatlar keçərsizdir

"Yaxın günlərdə Sarkisyan-Koçaryan cütlüyü özlərini “Qarabağ klanı”nın rəhbərləri adlandıra bilməyəcəklər"


Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan İngiltərənin “The Independent” nəşrinə müsahibə verərək, hakimiyyətlə qarşılıqlı münasibətlərindən danışıb. Müharibə canisi, Qarabağın işğalında müstəsna rol almış Sarkisyan bu dəfə özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışıb. Erməni ordusunun məğlubiyyətini və geri çəkilməli olduğunu etiraf edən sabiq prezident ermənilərə təskinlik verircəsinə deyib ki, hazırda Qarabağda gedən döyüşlərdə Azərbaycanın uğurları olduqca “baha başa gəlir”.

O da hazırkı Ermənistan rəhbərliyi kimi, guya, Azərbaycan tərəfində muzdluların döyüşdüyü barədə yalanı təkrarlayıb. Sarkisyan Azərbaycanın hərbi uğurlarını və irəliləməsini etiraf etsə də, işğaldan azad olunan ərazilərin gerçək miqyasını gizlətməyə çalışıb. Daha sonra eks prezident Ermənistanın indiki hökumətini və onun başçısını hazırda yaranmış durumun əsas günahkarı kimi təqdim edir.

Bildirib ki, Azərbaycan rəhbərliyi ilə uzun illər aparılan danışıqlar Ermənistanın və qondarma “DQR”-in təhlükəsizliyini müəyyən qədər təmin etməyə imkan verirdi. Lakin Paşinyan danışıqlar prosesinə “yeni nöqteyi-nəzərdən” yanaşmaqla, bugünkü durumun yaranmasına səbəb olub: “Mənim xələfim bizim uzun müddət uğurla getdiyimiz yolla getmədi və özünün dediyi kimi, danışıqları öz nöqteyi-nəzərindən başlamaq qərarı verdi”.

Ermənistanın sabiq prezidenti bildirib ki, indiki müharibə Azərbaycan və Türkiyənin yüksək dərəcədə hazırlığının nəticəsidir: “Türkiyə PUA-ları Azərbaycanın hücumunun əsasını təşkil edir.

Belə nəticəyə gəlmək olar ki, hərbi əməliyyatlarla bağlı qərarlar birgə verilir”. Ermənilərin cəbhədəki məğlubiyyətini “malalamağa” çalışan sabiq prezident münaqişənin hərbi yolla həllinin olmadığını iddia edib. Hansı ki, məhz onun aktiv iştirakı ilə 1990-cı illərdə Ermənistan bu münaqişəni hərbi yolla həll etməyə çalışıb. Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğal edib və uzun illər işğal olunmuş əraziləri bazarlıq predmeti kimi əlində saxlayıb. Geri qaytarmağı heç vaxt düşünməyib. Münaqişənin hərbi yolla həlli yoxdur deyən Sarkisyan digər tərəfdən söyləyib ki, Prezident İlham Əliyevlə təkbətək danışıqlara getməyin mənası yoxdur. Çünki Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. 
Azərbaycan tərəfi Sarkisyanın sərsəm açıqlamalarını cavabsız qoymayıb. Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın sabiq prezidentinin “The Independent”dəki müsahibəsinə öz “Twitter” hesabında cavab yazıb: “O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”.

Eks-prezidentin absurd yanaşmalarını “Şərq”ə analiz edən politoloq Turan Rzayev bildirib ki, cəbhədə əldə etdiyimiz nailiyyətlər, xüsusən Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın işğaldan azad edilməsi Ermənistanda ciddi məyusluq yaradıb. Onun sözlərinə görə, düşmən məğlubiyyətini qəbul edir:

“Birbaşa etiraf edilməsə də Ermənistanın indiki rəsmilərinin, sabiq rəhbərlərin və qondarma rejim təmsilçilərinin bəyanatları düşmən ölkənin acı məğlubiyyət yaşadığını göstərir.

Prosesləri və Paşinyan hökumətinin uğursuzluğunu yaxından izləyən  “Qarabağ klanı” isə daim gücünü qoruyub və fürsət gözləyib. Bu klan Rusiyanın Ermənistandakı alternativ hakimiyyətə namizədidir. Ona görə də Moskva tərəfindən müntəzəm maliyyələşdirilir. Sabiq prezident Serj Sarkisyanın fəallığı bundan xəbər verir.

Əslində bunu Koçaryan-Sarkisyan cütlüyünün aktivləşməsi kimi dəyərləndirə bilərik. Koçaryan da tez-tez mövcud vəziyyəti şərh edir və Paşinyan hökumətini tənqid hədəfinə çevirir. Koçaryan-Sarkisyan tandemi yaxşı dərk edir ki, müharibənin məğlubiyyətlə başa çatması, Paşinyanın biabırçı şəkildə getməsi və “Qarabağ klanı”nın yenidən aktivləşməsi deməkdir”. 

Siyasi şərhçi hesab edir ki, bütün erməni hökumətləri Azərbaycanla danışıqlara getməyin mənasız olduğunu düşünürlər. Çünki rəsmi Bakının mövqeyi dəyişməzdir və qətidir:

“Azərbaycan tərəfi torpaqlarımızın mərhələli də olsa konkret tarixlərdə mütləq boşaldılmasını tələb edir. Hüç şübhəsiz, Yerevan hökuməti danışıqlara getməyə, təslimçi sülhə razılıq verməyə məcbur qalacaq. Hələlik düşmən ümid edir ki, Rusiyadan və Qərbdən onlara dəstək gələcək. Lakin geriyə yol yoxdur və köhnə formatlar keçərsizdir. Yaxın günlərdə Sarkisyan-Koçaryan cütlüyü özlərini “Qarabağ klanı”nın rəhbərləri adlandıra bilməyəcəklər. Çünki Qarabağ Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunacaq. Əgər Ermənistan itkilərinin Qarabağdan daha artıq olmağını istəmirsə, tez zamanda Azərbaycanın diktə etdiyi şərtlərə boyun əyməlidir. Əks təqdirdə düşmən ölkənin məhvinə görə məsuliyyəti indiki hökumət daşıyacaq”.