Türk dövlətləri Qarabağ duruşu sərgiləməlidir

Dövlət Baxçalı Azərbaycana yetərli dəstək verməyən türk ölkələrini sərt tənqid edib

Firudin Cəlilov: "Bir az səbirli olaq, vaxt keçsin. İnşallah, Qarabağda böyük qələbə qazandıqdan sonra bu əhval-ruhiyyə Xəzərin o tayına da keçər"

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Qarabağdakı savaşa səssiz qalan, Azərbaycana yetərli dəstək verməyən türk ölkələrini sərt tənqid edib. Partiya rəhbəri bildirib ki, qardaş dediyimiz dövlətlər “türkün türkdən başqa dostunun olmadığını” anlamalıdır. Baxçalının sözlərinə görə, indi bütün türk toplumları birləşməli, əllərini daşın altına qoymalıdır: “Kipr davasında səsiniz çıxmır, Kərkükdəki proseslərdən xəbərsizsiniz, heç olmasa Dağlıq Qarabağa biganə yanaşmayın. Ayıbdır, günahdır.


“Bir türk dünyaya dəyər” deyirik, amma heç bir dost ölkədən dik duruş görmürük. Türk respublikalarının Dağlıq Qarabağdakı haqq savaşına susqun yanaşması məni qəhr edir”. MHP başqanı Özbəkistan, Qazaxıstan və Türkmənistanın münaqişə tərəflərini dialoqa və müzakirələrə səsləməsini də tənqid edib. Bildirib ki, türk ölkələri birmənalı haqqın və həqiqətin yanında yer almalıdır: “Haqlı tərəf Azərbaycandır. Təcavüzə məruz qalan, ərazisi işğal olunan ölkə Azərbaycandır. Belə məqamda türklərin susması tarixi xəta, faciəvi acizlikdir. Tarixini zorla unutmaq istəyən toplumların milli mənsubiyyət və mətanət duyğuları itəcək, kölgəyə dönəcək”.

Milliyətçi hərəkatın rəhbəri Dövlət Baxçalının türk ölkələri ilə bağlı iradını “Şərq”ə təhlil edən türkoloq-alim, professor Firudin Cəlilov bu biganəliyin müəyyən səbəblərinin olduğunu deyib. Onun sözlərinə görə, türk xalqları 70 illik sovet rejimində təzyiq altında yaşayıblar və nəinki türkçülük davası güdmək, hətta “türk” sözünü işlətməkdən belə qorxublar:

“Sovetlər dağıldı və Orta Asiya türk ölkələri müstəqillik əldə etdilər. Sovetlərdən müstəqilliyə keçid çox ağrılı idi. Demək olar ki, əksər türk dövlətlərində köhnə rəhbərlər müstəqil ölkənin rəhbəri oldular. Yəni qapalı və köhnə düşüncəli şəxslər uzun müddət prezident olaraq qaldı. 70 ildə qazanılan siyasət yeni dövrdə də davam etdirildi.

Millətçilikdən, türkçülükdən danışan iki-üç nəfəri isə dərhal həbs etməyə başladılar. Bu cür təzyiqlərə görə neçə ziyalı Türkmənistandan, Özbəkistandan qaçmaq məcburiyyətində qaldı. Yerdə qalan camaat gördü ki, “türk” deyəni incidirlər, onlar da susdular. Bu vəziyyət Mərkəzi Asiyanın türk ölkələrində hələ də davam etməkdədir. Türkmənistan Şimali Koreyadan sonra bəlkə də ikinci ən qapalı ölkədir. İnsanlar bir-biri ilə qorxusundan pıçıltı ilə danışırlar”. 

F.Cəlilov vurğulayıb ki, belə vəziyyətdə türk ölkələrindən Qarabağa daha ciddi dəstək gözləmək qeyri-mümkündür. Çünki orada buna şərait yoxdur:

“Az-çox Qazaxıstan və Qırğızıstanda vəziyyət nisbətən düzəlməkdədir. Amma onların da başları daxili proseslərə qarışıb. Həmin ölkələrdəki siyasi və sosial durum istəklərimizə cavab vermir. Bir az səbirli olaq, vaxt keçsin. İnşallah, Qarabağda böyük qələbə qazandıqdan sonra bu əhval-ruhiyyə Xəzərin o tayına da keçər.

Turan birliyi Azərbaycandan, özü də Təbrizdən başlayacaq. O zaman Mərkəzi Asiyanın türk ölkələri də ayılacaq”.