“Twitter”də Qarabağla bağlı postlar silinir ! - Kənar müdaxilə, yoxsa...? 

Son vaxtlar müxtəlif sosial şəbəkələrdə Dağlıq Qarabağla bağlı həqiqətlərin, həmçinin Bərdə, Gəncə dağıntılarına dair məlumatların silindiyinin şahidi oluruq. Bu, əlbəttə, təəssüfləndiricidir. Biz “Facebook”da, “Twitter”də yazacağıq, kimsədə siləcək? Yəni, həqiqətən “kimsənin” işidir? Ya həmin statusların silinməsinin başqa səbəbləri var? İnformasiya müharibəsinin səngər savaşı qədər vacib olduğu bir vaxtda  sosial şəbəkələrdə yazılan statusların, paylaşılan multimedia vasitələrinin nə qədər əhəmiyyətli olduğunu etiraf etməliyik. Deməli, məsələnin aydınlanmasına ehtiyac var.

 Siyasi analitik Yeganə Hacıyevanın bu barədə özünün “Facebook” hesabında yazdıqları da xarakterikdir:

“ ““Twitter” “zorakılıq görüntüləri və kütləvi qırğın silahlarının nümayişi” adı altında Gəncə və Bərdədə ermənilərin mülki əhaliyə qarşı kasset bombalarla hücumun görüntülərini silir. Bu paylaşımları edən hesabları bloklamaq hədəsi ilə paylaşımları silməyə məcbur edir. Xüsusilə beynəlxalq insan haqları təşkilatlatları tağlanmış paylaşımlar silinir...”.



İnternet-media eksperti Səbuhi Abbasov bu barədə “Sherg.az”a danışıb. O, aysberqin görünməyən tərəflərindən söz açıb: 

““Twitter”dən əvvəl “Facebook”da da eyni problem var idi- profillər kütləvi şəkildə bloklanırdı. Hətta Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı müvafiq müraciət etmişdi. İndi geniş formada olmasa da, “Twitter”də  də eyni məqamla rastlaşırıq.

Heç də bütün statuslar avtomatik silinmir. Bunun bir mexanizmi, alqoritmi var: şikayətlər “bəyənmə”ləri, rəyləri dəfələrlə üstələyən zaman post avtomatik silinir və ya gizlədilir. Yəni məsələ “Twitter” rəhbərliyində yox, birbaşa istifadəçilərdədir.

Nəzərə almaq lazımdır ki, sözügedən sosial şəbəkə kifayət qədər ciddi platformadır. Ən böyük dünya liderləri bircə “Twit”lə dünyanı dəyişə bilirlər. Deməli, kənar müdaxilə mümkün deyil”.

S. Abbasov, həmçinin çıxış yolunu da göstərib:

“Şikayətlər lap çox olarsa, hətta nəinki post silinə, profil də bloklana bilər. “Facebook”dan fərqli olaraq, “Twitter”də bloklanmış profili bərpa etmək, yenidən aktivləşdirmək olduqca çətindir.

Deməli, istifadəçilər bir-birilərinin postlarına, paylaşımlarına qarşı qısqanc olmamalı, bacardıqları qədər rəy yazmalı, “like” etməlidirlər”.