Türkiyənin dəstəyi Ermənistana göz dağıdır

"Rəcəb Tayyib Ərdoğan həqiqətən ciddi və qətiyyətli addımlar atdı və atmaqda davam edir"

Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olması təkcə bu iki qardaş ölkənin özləri üçün yox, eyni zamanda bütövlükdə Cənubi Qafqaz bölgəsi və türk dünyası üçün mühüm geosiyasi əhəmiyyət kəsb edir. Xüsusən ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi, eləcə də hərbi sahədəki əlaqələrimizin prioritetə çevrilməsi bütünlükdə bölgədə sabitliyin qorunmasına xidmət göstərir. Prezidentin çoxsaylı müsahibələrində dəfələrlə qeyd etdiyi kimi Türkiyə bölgədə sabitləşdirici qüvvə rolunda çıxış edir.

Həqiqətən, qardaş ölkə son zamanlar Qarabağ məsələsinin həlli ilə bağlı prinsipial mövqe tutmasaydı və proseslərə fəal şəkildə müdaxilə etməsəydi, çox güman Qarabağ müharibəsi iki ölkə arasında cərəyan edən məhəlli müharibə çərçivəsini çoxdan aşmışdı. Eyni zamanda üçüncü ölkələrin də hərbi əməliyyatlara qoşulmasıyla genişmiqyaslı regional savaşa çevrilmişdi.

Hətta bəzi ekspertlər münaqişənin üçüncü dünya savaşına yol açacağını belə iddia edirdi. Lakin Ankara prosesin arzuolunmaz məcraya yönəlməsinin qarşısını almağı bacardı. 



Qardaş ölkənin hərtərəfli dəstəyini “Şərq”ə dəyərləndirən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bəyan edib ki, Türkiyənin bölgədəki proseslərə “əl qoyması” vəziyyətin bu cür kritik məcraya yönəlməsinin qarşısını aldı. Partiya rəhbərinin sözlərinə görə, üçüncü ölkələr hərb meydanında Türkiyə kimi aparıcı NATO ölkəsi ilə qarşı-qarşıya gəlmək fikrindən daşındılar:

“Dünyanın aparıcı ölkələri hazırda Qarabağda gedən hərbi əməliyyatlara münasibətdə neytral mövqe nümayiş etdirməyə üstünlük verirlər. Bu da məhz Türkiyənin Qarabağla proseslərə fəal şəkildə müdaxilə etməsi nəticəsində mümkün oldu.

Prezident İlham Əliyev də bu məqamı nəzərdə tutaraq hər zaman bəyan edir ki, Türkiyə münaqişənin həllində sabitləşdirici rol oynayır və bu, mübahisə olunmaz aksiomadır. Prosesdə xüsusən qardaş ölkənin liderinin oynadığı mühüm rolu yüksək qiymətləndirmək lazımdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizin haqlı mövqeyini qətiyyətlə müdafiə edən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan həqiqətən ciddi və qətiyyətli addımlar atdı və atmaqda davam edir.

Müharibə başlanan ilk gündən Azərbaycanın yanında olduğunu birmənalı şəkildə bəyan edən və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması üçün öz siyasi iradəsini ortaya qoyan Ərdoğan bununla kifayətlənmədi.

O, həmçinin rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının rəhbər şəxslərinə, o cümlədən nazirlərə bu həssas dönəmdə Azərbaycanı tək qoymamağı, müharibə günlərində onlara vaxtaşırı ölkəmizə səfər etmələri barədə şəxsən tapşırıq verdi.

Türkiyənin Xarici işlər naziri cənab Mövlud Çavuşoğlunun ölkə rəhbəri ilə görüşü zamanı bu məqamı xüsusi olaraq qeyd etməsi diqqətimizdən yayınmadı”. 

Ə.Hüseynov qeyd edib ki, məhz Ərdoğanın və Türkiyənin bir çox rəsmilərinin, aparıcı siyasi partiya rəhbərlərinin Azərbaycanla bağlı verdikləri bəyanatlar, nümayiş etdirdikləri həmrəylik və mənəvi dəstək işğalçı Ermənistana göz dağıdır:

“Eləcə də Türkiyə KİV-lərinin təmsilçilərinin döyüş meydanlarından və raket zərbələrinə məruz qalan şəhər və kəndlərimizdən hazırladıqları reportajları, təşkil etdikləri canlı yayımları da ayrıca qeyd etməliyik.

Bunu dövlət başçımız da dəfələrlə vurğulayıb. Onlar həqiqətən fədakarlıq göstərərək, öz həyatlarını təhlükə altına ataraq işğalçı Ermənistanın faşist siyasətinin, vandalizminin nəticəsində ortaya çıxan tükürpərdici görüntüləri, soyqırım vəhşiliklərini bütün dünyaya nümayiş etdirirlər.

Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Biz qardaş ölkəmizin bu fədakarlığını və dəstəyini heç vaxt unutmayacağıq. Azərbaycan-Türkiyə qardaşlığı gerçəkdən də sarsılmaz və əbədidir!”.