Böyük qayıdış planı hazırlanmalıdır

Orta hesabla Qarabağda 1,5-2 milyon əhali yaşayacaq. Bu regionun özünün ali məktəbləri, tələbə şəhərcikləri olmalıdır

İqtisadi fürsətlər üçün imkanlar genişləndirilməlidir. Elə proqramlar həyata keçirilməlidir ki, Qarabağ torpaqları hər zaman olduğu kimi yenə də Azərbaycan iqtisadiyyatına töhfə versin

Azərbaycan ərazilərinə Ermənistan tərəfindən istiqamətlənmiş silahlı təxribat əməllərinə cavab olaraq ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatlarının başladığı vaxtdan bugünədək  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətləri, həmçinin həm yerli, həm də xarici media orqanlarına müsahibələrində böyük qayıdışla bağlı dövlət proqramlarının hazırlandığını bildirib. 30 il ərzində Azərbaycan hökuməti qaçqın və köçkünlərin problemlərinin həlli, onların daha rahat yaşayışı və sosial təminatı məqsədilə nəhəng layihələr həyata keçirdi. Cənab Prezident o zamanlar da işğal olunmuş torpaqlarımızın hər bir qarışının azad ediləcəyini və məcburi köçkünlərin doğma yurdlarına qayıdacağını inamla söyləyirdi.

Bununla yanaşı, insanların normal yaşayışı, həyat səviyyəsinin yaxşılaşdırılması heç bir vaxt sonraya - işğalın sona çatması dövrünə saxlanmadı. Məcburi köçkünlər üçün yeni qəsəbələr salındı, paytaxtda, paytaxtətrafı qəsəbələrdə, eləcə də cəbhəyanı bölgələrdə. Bu ərazilərdə insanlarımız məskunlaşdı, təsərrüfatlarını yaratdılar, dirçəldilər, bəzi hallarda bəlkə əvvəlkindən də üstün həyat səviyyəsinə sahib oldular. Lakin xalqımız bir gün doğma yurd yerlərinə qayıdacağına inamını, ümidini itirmədi. Çalışdılar; tarlalarda, əkin sahələrində, həyətyanı təsərrüfatlarda, yeni qəsəbələrdə yaradılmış istehsal sahələrində. Həyat axarına düşdü. Məcburi köçkünlər üçün iş yerləri yaradıldı, məcburi köşkün ailələrin övladları təhsil haqlarından azad edildi, istədikləri formada təhsil aldılar. Məcburi köçkünlərə aylıq müavinətlər, əvvəlki iş yerləri qanunamüvafiq qaydada saxlanılmaqla əmək haqları ödəndi. İndi isə köçkünlər böyük qayıdış ərəfəsindədir. Və işğaldan azad edilmiş ərazilərdə sosial proqramların icrası qarşıda mühüm vəzifə kimi durur. Hansı işlər görüləcək, doğma yurd yerlərinə qayıdışla bağlı?   

Sosial müdafiə, aktiv məşğulluq  
  
Məlumdur ki, 30 il ərzində məcburi köçkünlər arasında müxtəlif peşələrdə, müxtəlif sahələrdə, idarə və müəssisələrdə çalışan, həmçinin məskunlaşdıqları yerlərdə fərdi təsərrüfatlarını yaradan, sahibkarlıqla məşğul olanlar var. Doğma yurdlara qayıtmaq üçün təbii ki, nə qədər səbirsizlənsələr də, illərlə alışdıqları həyat şəraitindən ayrılmaq, çalışdıqları iş yerlərini dərhal tərk etmək də yəqin bir qədər çətin olacaq. Ailənin maddi gəlirləri baxımından. Qayıdış həyata keçirildikdə, bu insanların maddi təminatı da olmalıdır. Bunun üçün də mütləq iş yerləri olmalıdır. Azərbaycan hökuməti bütün bu amilləri nəzərə alıb.  

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin möhtəşəm tarixi qələbələri davam etdikcə, işğaldan azad edilən doğma yurd yerlərimizin də sırası genişlənir. Ölkəmizin digər bölgələrində olduğu kimi, azadlığına qovuşan həmin ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanıb”.

Bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib.

O qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib. Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq. Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəssisələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər. Ümumən, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğulluq proqramı öz töhfəsini verəcək.
Nazir, həmçinin qeyd edilən zonalarda DOST mərkəzlərinin, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələrinin yaradılacağını deyib. Bununla bağlı da layihələndirmə işlərinin aparılmasının nazirlik üçün prioritetlərdən biri olduğunu qeyd edib.

S.Babayev ölkəmizdə hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində əhaliyə xidmətlərin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirildiyini bildirib. O, xüsusilə pensiya, müavinət və təqaüdlərin, sosial yardımların ödənişlərinin vaxtlı-vaxtında icra edildiyini və bundan sonra da bu sahənin diqqətdə saxlanmalı olduğunu qeyd edib.

İş yerlərinin qorunması sahəsində də işlərin davam etdiyini, elektron sistem üzərindən daimi nəzarət həyata keçirildiyini deyib. Əmək müqavilələrinə əsassız yerə, həmçinin ciddi səbəb olmadan xitam verilməsi halları baş verdikdə işəgötürənlərlə sosial dialoq müstəvisində belə halların qarşısının alındığını diqqətə çatdırıb.

Hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hazırlanmış 21 peşə və 21 kvalifikasiya standartı da təqdim edilərək müzakirə olunub və Kollegiya tərəfindən həmin standartların təsdiq edilməsi qərara alınıb.
Bu isə o deməkdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin timsalında Azərbaycan hökuməti hərbi vəziyyətdə necə gərgin işləyirsə, böyük qayıdış zamanı da bütün sosial və iqtisadi resursların cəlbinə nail olacaq. 

Vahid Tədbirlər Planı hazırlanıb

Qeyd edək ki, noyabrın 2-də Bakıda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclası keçirildi. İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd etdi ki, işğaldan azad olunan ərazilər üzrə Vahid Tədbirlər Planı hazırlanıb və bu sahədə Azərbaycan Türk Ticarət və Sənaye Palatasına üzv ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

Növbədənkənar iclas "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusuna həsr olunmuşdu. Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərləri tərəfindən bəyanat qəbul olunub. İclasdan sonra keçirilən   brifinqdə bəyanatın məzmunu barədə məlumat verən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bəyanata əsasən, Azərbaycanın işğaldan azad olunan ərazilərinin  inkişafına yönələn proqram hazırlanacaq: "Proqram çərçivəsində kənd təsərrüfatı, turizmin inkişafı, türkdilli ölkələrin bu istiqamətdə təcrübəsi istifadə olunacaq. Burada həmçinin, qarşılıqlı investisiya qoyuluşu nəzərdə tutulur ki, bu istiqamətdə bu gün razılaşma əldə olunub". Özlüyündə bu tədbir və qəbul olunan bəyanat da Azərbaycan hökumətinin işğaldan azad edilən ərazilərlə bağlı dəqiq proqrama sahib olduğunu göstərir. 

“Qarabağ Azərbaycan iqtisadiyyatının əsas “motor”u olmalıdır”



İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, qayıdışla bağlı bir neçə mərhələdən ibarət yeni Baş Plan hazırlanmalıdır:

- İşğaldan azad edilmiş ərazilərdə ilk növbədə müdafiə və təhlükəsizlik məsələlərinə ciddi önəm verilməlidir. Elə bir həddə ki, erməni separatçıları Qarabağa hər hansı təhlükə törətməyi ağıllarından belə keçirə bilməsinlər.

İkincisi, ərazilərin minalardan, mərmilərdən, silah-sursat qalıqlarından, müharibənin izlərinin təmizlənməsi, üçüncüsü, infrastruktur layihələrinin icrası, kommunikasiya xətlərinin çəkilməsi və bərpası, dördüncü mərhələdə isə insanların köçürülməsinə hazırlıq, yaşayış evlərinin, gərəkirsə yeni qəsəbələrin salınması, tikinti işlərinin başlanması. Buna paralel olaraq biznes imkanlarının yaradılması vacibdir. Çünki insanlar məskunlaşdıqları yerdə işlə təmin edilməli, çalışmalı, gəlir əldə etməlidirlər.

Bunun üçün də mütləq uzunmüddətli, “0” vergi sistemi tətbiq edilməli, investorların cəlbi həyata keçməlidir. Təbii ehtiyatlardan, münbit torpaqlardan istifadə, aqrar sahənin sənayeləşdirilməsi, yəni təkcə becərmə və məhsul yığımı deyil, məhsulun emalı, fabrikat istehsalına imkanlar yaradılması vacib məsələdir.

Bu məqsədlə də həmin ərazilərdə mütləq istehsal müəssisələri yaradılmalıdır. Yəni, çox böyük, kompleks bir yanaşma vacibdir. İqtisadi fürsətlər üçün imkanlar genişləndirilməlidir. Elə proqramlar həyata keçirilməlidir ki, Qarabağ torpaqları hər zaman olduğu kimi yenə də Azərbaycan iqtisadiyyatına töhfə versin. Bu mənada hesab edirəm ki, böyük qayıdış planına ehtiyac yaranacaq.

N.Cəfərli bildirdi ki, Qarabağ torpaqlarının düşmən tapdağından azad edilməsi həmin ərazilərdə iqtisadi inkişafa ağ səhifədən başlamaq imkanı yaradır: 

- Məlum məsələdir ki, işğal illəri ərzində müxtəlif bölgələrdə məskunlaşmış köşkün ailələr özlərinə müəyyən qədər şərait yaradıb, fərdi təsərrüfatlar, kiçik biznes sahələri yaradıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olublar. Mövcud biznes sahələrinin, yaxud təsərrüfatların işğaldan azad edilmiş ərazilərə təkrar köçürülməsi o qədər də effektli olmaz. Bu ərazilərdə yeni biznes strukturları və təsərrüfat sahələri yaratmaq daha sərfəli olar, nəinki köhnələri bərpa etmək.

Orta hesabla  Qarabağda 1,5-2 milyon əhali yaşayacaq. Bu regionun özünün ali məktəbləri, tələbə şəhərcikləri olmalıdır. Mən bir dəfə bu təklifi irəli sürmüşəm ki, Hadrut rayonunda böyük tələbə şəhərciyi salınmalı və beynəlxalq təhsil mərkəzləri ilə əlaqələr qurulmalıdır.

Bu, bizə əlavə siyasi dividend gətirər. Ümumiyyətlə, işğaldan azad edilən və yaxın zamanda azad ediləcək ərazilərdə dayanıqlı, qalıcı və cəlbedici şərait yaradılmalıdır. O qədər yaxşı infrastruktur olmalıdır ki, hətta paytaxt əhalisi və digər regionların əhalisi də Qarabağa can atsın.

Onsuz da xalqımız Qarabağa can atır. Bunun iqtisadi dayaqları da təmin edilərsə, daha çox insanımız orada məskunlaşacaq, iş yerləri əmələ gələcək, iqtisadi gəlir əldə ediləcək.

Bunlarla yanaşı əlbəttə ki, məcburi köçkünlərə hazırda verilən müavinətlər azı 1 il qüvvədə qalmalıdır, məskunlaşma başa çatıb insanların maddi təminatı əlçatan olanadək. Ən əsası, biz daha çox investisiya cəlbinə köklənməliyik ki, yaxın 10 ildə Qarabağda iqtisadiyyatın bərpası mümkün olsun və Qarabağ iqtisadiyyatın “motor”u rolunu oynasın.