M2-dən Nikol Paşinyana: Mən gördüyümü gördüm, özü də iki dəfə...

Dünən iki dəfə eyni mənzərə ilə qarşılaşdım: səhər işə gedəndə, axşam evə qayıdanda tıxac həmişəkindən daha çox idi. İnsanlar məlum bəyanatın nəticəsində İkinci Qarabağ müharibəsində qələbə qazanmağımızı, həmçinin Naxçıvanla quru yolun bərpa olunacağını, Kəlbəcər, Laçın və  Ağdam olmaqla üç rayonumuzun qansız, itkisiz geri qaytarılacağını bayram edirdilər. Əlbəttə, buna haqqımız çatır. Çünki otuz ildir məhz indiki məqamı gözləyirdik, belə demək mümkünsə, qələbəyə susamışdıq. Qələbə harayları, siqnal səsləri, az qala, qulaq batırırdı. İnsanlar maşınların pəncərələrindən bayraqları dalğalandırır, “luk”lardan başlarını qaldırıb “Qarabağ bizimdir, bizim olacaq!” şüarını səsləndirirdilər. Əllərində plakatlarla gəzənlər də az deyildi.

Həmin lövhələrin üzərində prezident, Ali baş komandan İlham Əliyevin Ermənistan hərbi-siyasi hakimiyyətin müraciətlə ayrı-ayrı vaxtlarda səsləndirdiyi fikirlər, o cümlədən “Noldu, Paşinyan?” ritorik sualı yer almışdı.

Ona görə “ritorik sual” deyirəm ki, baş nazir özü də başına nə gəldiyini düz-əməlli anlamır. Anlasa, yenə dövlət başçısının təbirincə desək, çıxıb düşüklük, təlxəklik edərmi? Bu, ancaq dabanyalayanlara xas xüsusiyyətdir!

 Qələbə aksiyasında hər kateqoriyadan olanların, o cümlədən kişilərin, qadınların, oğlanların, qızların, yaşlıların, uşaqların iştirak etməsi çox qürurverici olmaqla yanaşı, həm də simvolik xarakter daşıyırdı. Deməli, biz qələbə anında da birliyimizi, həmrəyliyimizi qoruyuruq.

Qəribədir, yeniyetmələrin, uşaqların, yəni işğal altındakı əraziləri bircə dəfə belə görməyən, görə bilməyənləri əllərində bayraqla saatlarla gəzməyə vadar edən nə idi? Yəqin ki, ata-baba torpaqlarına sahiblik instinkti. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi:

                                Bayraq mənliyimdir, bayraq kimliyim,
                                 Bayraq öz yurduma öz hakimliyim!

Paraddakı hər kəs həmin anlarda, şübhəsiz ki, müəllifin bu misralarından ilham alırdı.

Diqqətimi çəkən bir başqa məqam isə sıxlığa, səs-küyə rəğmən, heç kimin, necə deyərlər, cınqırının çıxmaması idi. Başqa vaxt olsa qaşqabaqlı simalara, narazı səslərə rast gələrdin. Amma indi əksinə idi. Hamının üzündə təbəssüm var idi.

Avtobusdakılar pəncərədən aksiya iştirakçılarına əl sallayır, kiçikyaşlılara göz vururdular. Söhbət vətəndən, bayraqdan gedir axı. Deməli, heç bir etiraza filana yer yoxdur.

 Bəli, dünən bütün Azərbaycan üçrənli bayrağın ətrafında birləşmişdi. Həmin bayraqları bayraq edən, sözsüz ki, uğrunda tökülən qanlardır.

Dünən uşaqların ovuclarında sıxdığı, böyüklərin yorulmadan dalğalandırdığı o bayraqlar Cəbrayıla, Qubadlıya, Füzuliyə, Zəngilana, Şuşaya, həmçinin üç qəsəbəmizə, yüzlərlə kəndimizə sancılan həmin bayraqlar idi.

O bayraqlar düşmənin ürəyinə sancılan oxlar idi. O bayraqlar bizi bizi edən, işğalçıya gücümüzü göstərən müqəddəs və canlı(!) varlıq idi. Elə isə Ermənistan baş nazirinə sual verirəm: bizim bayrağımız var, bəs sizin? Məncə, hər şeydən məhrumsunuz. Nəinki maddi varlıqlardan, hətta mənəvi hisslərdən, normal xarakterdən də.

Nikol Paşinyan, “zəncir çeynəsən” də, saqqalını yolsan da, xeyri yoxdur. Nə qədər ki, beşyaşlı körpə əlində bayraq tutub “Qarabağ Azərbaycandır!” deyir, nə qədər ki, qadınlarımız dualarını əsirgəmir və nə qədər ki, hətta veteranlar da döyüşə hazırdır, sən bizimlə bacarmazsan.

Həm də ona görə ki, sizdən fərqli olaraq, bizdə dövlət-xalq tandemi var. Nə biləsən, belə məsələləri? Evdə bişməyib, qonşudan gəlməyib...

 Bax, Paşinyan, çox açıq deyirəm. Özü də təmiz Qarabağ ləhcəsi ilə: nağarırsan, qayır, xeyri yoxdur. Heş zad eləyə bilməzsən! Sən bu bayrağı- mənliyimizi, kimliyimizi, tariximizi bizdən ala bilməzsən. Odur ki, ağlını başına yığ. Mən M2-nin pəncərəsindən gördüyümü gördüm. Həm də iki dəfə...

 Kənan Novruzov