Hələ son deyil !- Səbrlə, təmkinlə hadisələri izləyək

"Masada mövqelərimizi möhkəm tutmalıyıq. Azərbaycan məhz bunu edir"

"Əksər münaqişələr onilliklərdir dondurulmuş vəziyyətdə qalır. Azərbaycan bu ənənəni sındırdı. Ordumuz yeni siyasi reallıqlar yaratdı, status-kvonu dəyişdirdi və masada diktə edən tərəfə çevrildi"

Sosial şəbəkə istifadəçiləri rus sülhməramlılarının Qarabağa yerləşməsi ilə bağlı ümidsiz proqnozlar yazırlar. Zənn edirlər ki, 1920-ci, 1990-cı illər təkrarlanır, Rusiya bizi tələyə salır, rus əsgəri əbədi bu ərazilərə nəzarət edəcək və s. Hətta rus qoşunlarının Qarabağa yerləşməsini Xankəndi, Xocavənd, Ağdərə, Əsgərandakı erməniləri qorumaq kimi qiymətləndirənlər var. Amma vətəndaşlarımız unudurlar ki, bölgədə təkcə rus yox, həm də türk silahlı qüvvələri keşik çəkəcəklər. Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı müqavilənin 5-ci bəndində bu məsələ öz əksini tapıb.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin sözlərinə görə, Qarabağda təmas xəttinə yalnız rusiyalı sülhməramlılar yerləşdiriləcək. Ancaq Ankaranın masaya oturmasını nəzərdən qaçırmaq olmaz. Hazırda Türkiyə-Rusiya ortaq əməkdaşlığının təmin olunması üçün yeni imkanlar yaranır. Əgər Qarabağda yaşayan ermənilərə heç bir status verilmirsə, onda Dağlıq Qarabağ probleminin birdəfəlik çözüldüyünə tam əmin ola bilərik. Türkiyə qüvvələri də bu nizamlama prosesinə qatılırsa, narahatlığa heç bir əsas yoxdur. Rusiya sülhməramlıları cəmi 1960 canlı qüvvə və heç bir ağır zirehli texnika olmadan gəlirsə, üstəlik, 5 ilin tamam olmasına 6 ay qalmış tərəflərdən biri onların getməsini arzulayacağı təqdirdə, Rusiya sülhməramlıları çıxıb getmək öhdəliyi götürürsə, Azərbaycan hədəfinə çatdı deməkdir. Bu, tam qələbə, qarşı tərəfin rəsmən hərbi kapitulyasiyasıdır. Hərbi qələbənin diplomatik cəbhədə davam etdirilməsidir.



Rusiya sülhməramlıları ətrafında gedən söz-söhbəti “Şərq”ə dəyərləndirən politoloq Ceyhun Əhmədli deyib ki, Rusiya sülhməramlılarının ölkəmizə ayaq basması cəmiyyətimizin müxtəlif kəsimlərində narahatlıq yaradıb. Bu da 100 ildir içimizə hopan xofun və tarixi-siyasi travmaların nəticəsidir. Fəqət emosiyaları kənara qoyub tam soyuq məntiqlə düşünəndə əsl həqiqət ortaya çıxır. Analitik bildirib ki, nə bugünkü rus əsgəri 100 il əvvəlki kimi qorxu saçır, nə də Azərbaycan o vaxtkı kimi zəif və acizdir:

“Qlobal geosiyasi reallıqlar dəyişib, Azərbaycan regionda yeni qüvvələr balansı formalaşdırıb. Bəziləri Donbas, Luqansk, yaxud Abxaziya və Cənubi Osetiya senarilərinin Qarabağda təkrarlanması ehtimalından xoflanır. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, bu gün hərbi gücə arxalanıb hansısa kənar bölgədə uzunmüddətli təsir imkanı yaratmaq mümkünsüzdür. Ukraynanın şərqində və Gürcüstanda baş verən hadisələr isə Rusiyaya başqa aternativ qoymamışdı. Adını çəkdiyim ölkələrin rəhbərləri irrasional addımları ilə hadisələrin məcradan çıxmasını şərtləndirərək Moskvaya başqa seçim tanımadılar. O ölkələrdən fərqli olaraq Azərbaycanın İlham Əliyev kimi praqmatik lideri var. O lider ki, Qəbələ RLS-dən Rusiya hərbi kontingentini müdrikcəsinə çıxarmağa nail oldu. Maraqlısı odur ki, Qərbin sanksiyaları qarşısında Rusiyanın ən uzağı 5-10 il ərzində tamamilə çökəcəyini proqnozlaşdıran kəslər bu gün Azərbaycanın bəzi suveren hüquqlarından əbədiyyən imtina etdiyini düşünürlər. Əlbəttə ki, yanılırlar. Müharibənin davam etdiyi 44 gün ərzində masadakı şərtlərin hansı sürətlə dəyişdiyini güman ki, çoxları müşahidə edib”. 

Siyasi şərhçinin sözlərinə görə, Dağlıq Qarabağ mürəkkəb etno-ərazi münaqişəsidir. İndiyə kimi bu qəbildən olan heç bir münaqişə qısa müddətə həll olunmayıb:

“Əksər münaqişələr onilliklərdir dondurulmuş vəziyyətdə qalır. Azərbaycan bu ənənəni sındırdı. Ordumuz yeni siyasi reallıqlar yaratdı, status-kvonu dəyişdirdi və masada diktə edən tərəfə çevrildi. Reallıq budur ki, münaqişə təkcə hərbi fazada öz həllin tapmır. Bunun siyasi tənzimləmə mərhələsi də var. Konfliktologiya elmi bunu tələb edir.

Bu prosesdən birmənalı imtina edən tərəf əsgərin səngərdə qazandığı uğurları göz qırpımındaca itirə bilər. Bu acı reallıqla üzləşməmək üçün masada mövqelərimizi möhkəm tutmalıyıq. Azərbaycan məhz bunu edir. Səbrlə, təmkinlə hadisələri izləyək. Bəyanatın detalları hələ ki, tam bəlli deyil.

Digər tərəfdən hər bir müharibə sonda sülh müqaviləsinin imzalanması ilə yekunlaşır. Ermənistanla belə bir müqavilə imzalanmayıb. O müqavilənin şərtləri Ermənistan üçün daha ağrılı ola bilər. Məsələn, həmin müqavilədə Ermənistanın demilitarizasiyası ilə bağlı xüsusi bəndin yer alacağı da istisna deyil.

Ermənistanda müxalifətin tam fəallaşmaması da bu faktorla əlaqəli ola bilər. Çünki hakimiyyətə gələn tərəf rüsvayçı təslim aktına imza atmaq məcburiyyətində qalacaq”.