“Ali Baş Komandanın yumruğu xalqdır, ordudur”

“Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışı Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki Türkiyənin sülhməramlı qoşunları cənab Ali Baş Komandanın dediyi kimi Qarabağda olacaq. Onlar Rusiya  ilə birlikdə Qarabağa nəzarət missiyasını yerinə yetirəcəklər.”

Bu sözləri “Sherg.az”a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O söyləyib ki,  Rusiya və Türkiyə sülhməramlıları  3 rayonumuzun Azərbaycana qaytarılmasının müşahidəçisi  olacaqlar:

“Anası erməni olan Lavrovun və onun kimilərin  çıxışları bizə təsir edə bilməz. Çünki bizim əks təsirimiz var. O da Ali Baş Komandanın yumruğudur. O yumruq da xalqdır, Azərbaycan ordusudur. Ona görə Lavrov kimilərinə fikir vermək lazım deyil. Qələbə Azərbaycanladır!  Bundan sonra lazım olsa,  hərbi yolla işğalda nəyimiz varsa, düşmənin əlindən alacağıq.”

Xalq artisti, həmçinin böyük qələbəmizlə bağlı təəssüratlarından da söz açıb:

“Əlbəttə, mən də çox sevinirəm. Bu günü uzun illərdir gözləyirdim. 1988-ci ildən Qarabağla əlaqədar istər döyüşlərdə, istərsə arxa cəbhədə yaxından iştirak etmişəm. Şəhid dostlarım çoxdur.

Ən böyük arzum  Cıdır düzündə onların ruhuna müjdə  verməkdir. Qalib gəldiyimizi, torpaqlarımızın azad olunduğunu hayqırmaqdır.

Böyük ümidlə o günü gözləyirəm. İnşallah o zaman da gələcək. Azərbaycan ordusuna eşq olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.  Bundan sonra onların ailələrinə xüsusi diqqət göstərəcəyimizə dair söz verməliyik.

Şəhidlərimizin ruhu şad olsun. Yaralılarımıza Allahdan can sağlığı arzulayıram. Ordumuzun daha da möhkəmlənməsini istəyirəm”.

Məlumat üçün qeyd edək ki,  Rusiyanın xarici işlər naziri  Sergey Lavrov Türkiyənin heç bir sülhməramlısının Qarabağa göndərilməyəcəyini bildirib. Lakin istər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, istərsə də Milli müdafiə naziri Hulusi Akar çıxışlarında türk sülhməramlılarının da Qarabağda olacağını vurğulayırlar.