“Ali Baş Komandanın yaralı hərbçilərlə görüşü tarixi hadisə idi” - Professor

“Çünki torpaqlarımız uğrunda həlak olan, yaralanan və qalib gələn övladlarımıza qayğı, Azərbaycanın gələcəyinə qayğı kimi qiymətləndirilməlidir”

“Şəhidlərimizin ailələri də həmişə Ali Baş Komandanın diqqətində olacaq”



Ötənlərdə Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüb. Ölkə başçısı görüşdə şəhid olmuş əsgər və zabitlərin ailə üzvlərinin, müharibə əlillərinin daim dəstəklə təmin olunacaqlarını bildirib. Prezident qəhrəmanlıq göstərən, yaralanan hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacağını diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, bundan sonra onların  həyatında yeni dövr başlayır:

“Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq”.

AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, millət vəkili Ziyad Səmədzadə Ali Baş Komandanın yaralı əsgərlərimizə göstərdiyi diqqət və qayğı barədə fikirlərini “Sherg.az”la bölüşüb. Parlament üzvü, Azərbaycan xalqını böyük qələbə münasibəti ilə təbrik edib:

“Xalqımız vətən müharibəsində böyük qəhrəmanlıq göstərdi, hər birimiz cənab Prezidentin ətrafında bir yumruq kimi birləşdik. İlk növbədə Ali Baş Komandana dərin təşəkkürlərimi bildirirəm. Çünki Azərbaycan xalqının çoxəsrlik tarixində ən şanlı Vətən müharibəsinin şahidi olduq. Sözün əsl mənasında mundar bir düşmənlə üz-üzə idik. Ermənilər torpaqlarımızı zəbt edib, iqtisadi potensialımıza böyük zərbə vurublar. Nəhayət, cənab Prezident  dünya siyasətçiləri arasında yüksək səviyyədə liderlik məharətini göstərərək xalqımızı bu müharibədə qalib elan etdi. Məğlub edilmiş xalqdan qalib bir millətə çevrildik. Təbii ki, bu uğurların əldə edilməsində Azərbaycan Ordusunun müstəsna xidməti var. Ali Baş Komandan, Azərbaycan əsgəri və silahlı qüvvələrimiz-bu üçlük öz nəticələrini verdi”.

Z.Səmədzadə qeyd edib ki, cənab Prezident son 17 ildə hər zaman əsgərlərimizin yanında olub:

“Ölkə başçısı cəbhədə həlak olan şəhidlərimizin ruhu qarşısında baş əyib, onların sosial-iqtisadi qayğılarının həyata keçirilməsi üçün böyük işlər görüb. Ali Baş Komandan xüsusilə ölkə iqtisadiyyatının yekunlarına həsr edilən çıxışlarında həmişə ordumuzun möhkəmlənməsini, əsgərlərimizə diqqətin yüksək səviyyədə olmasını qeyd edib. Prezident bu prinsipial mövqeyi ilə idarəetmə sturukturlarına ciddi tapşırıqlar verib”.

Professor qeyd edib ki, ölkə başçısının yaralı hərbçilərlə görüşü tarixi bir görüş idi:“Ali Baş Komandan yaralanan vətən övladları ilə görüşəndə əhval-ruhiyyəsi çox yüksək idi. Şübhəsiz ki, yaralı oğullarımız sağalıb, normal həyata qayıdacaqlar və ailələrinin yanında olacaqlar. Lakin həmişə yaddaşlarında qalacaq ki, dövlət başçısı onlarla görüşdü, onları dinlədi və qayğılarına qaldı. Eyni zamanda bütün dünyaya bəyan etdi ki, heç bir əsgərin hüquqları tapdalanmayacaq. Əksinə, əsgər və zabitlərimizin arzuları tam təmin ediləcək. Çünki torpaqlarımız uğrunda həlak olan, yaralanan və qalib gələn övladlarımıza qayğı, Azərbaycanın gələcəyinə qayğı kimi qiymətləndirilməlidir”.

Parlamentarinin qənaətincə, cənab Prezident hərbiçilərlə görüşdə bütün dünyaya elan etdi ki, “Mən qalib xalqın arzularını yerinə yetirirəm”:

“Uzun illər ərzində başımızı aldadırdılar, ölkəmizə qarşı açıq-aşkar ikili standartlar özünü göstərirdi. Bütün bunlara baxmayaraq, iqtisadiyyatımızı gücləndirdik. Ona görə də hər kəs gözləyirdi ki, Azərbaycan xalqı bu müharibədən qələbə ilə çıxacaq. Bu gün ərazi bütövlüyümüz təmin edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tarixi qələbədir”.

200 il ərzində başımıza böyük bəlalar gəldiyini xatırladan millət vəkili söyləyib ki, xalqımız bu bəla və çətinliklərdən uğurla çıxdı:

“Dünya miqyasında lider və qalib dövlət olduğumuzu bir daha göstərdik. Əminəm ki, dövlətimizin iqtisadi gücü bundan sonra da artacaq. Hansısa ölkədən maliyyə vəsaiti almadan torpaqlarımızı, dağılmış ərazilərimizi bərpa edəcəyik. Torpaqlarımızı azad edilməsində bilavasitə iştirak edən hər bir əsgərin yanında olacaq, müqəddəs şəhidlərimizin xatirəsini əziz tutacağıq. Şəhidlərimizin ailələri də həmişə Ali Baş Komandanın diqqətində olacaq. Prezidentimiz var olsun ki, Azərbaycan xalqını Vətən müharibəsində qalib bir xalq kimi dünyaya tanıtdı”.