Biz də eyni addımı atmalıyıq

Türkiyə turistlərin gəlməsinə icazə verir, amma siqaret çəkməklərinə yox

Əgər Azərbaycan da turistləri qəbul edirsə, qadağaların sərtləşdirilməsi vacibdir

Koronavirus pandemiyası dövlətləri ən sərt tədbirlərə əl atmağa vadar edir. Türkiyə kimi turizm sektorundan böyük gəlir əldə edən, turistlərin axın etdiyi ölkə də koronavirusla zarafatı heç kəsə, hətta turistlərə də bağışlamaq niyyətində deyil. Türkiyə koronavirus pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edir. Bu məhdudiyyətlər həm yerli sakinlərə, həm də turistlərə şamil ediləcək. Türkiyə Daxili İşlər Nazirliyinin “Koronavirusla mübarizə Tədbirləri” sənədinə daha bir məhdudiyyətin tətbiqi ilə bağlı maddə əlavə edilib.

Yeni maddə nəinki ictimai nəqliyyatda, artıq avtobus dayanacaqlarında, insanların kütləvi toplaşdığı yerlərdə də siqaret çəkilməsini qadağan edir. Belə bir qərarın verilməsinə səbəb bəzən insanların siqaret çəkmək bəhanəsiylə tibbi maskalardan istifadə etməməsidir. Bu qadağa turistlərə də aiddir. Ölkə ərazisindəki turistlər yalnız qaldıqları otel otaqlarında və ya siqaret çəkmək üçün ayrılmış xüsusi yerlərdə sərbəst siqaret çəkə bilər. Qadağanı pozanlar cərimələnəcək. Göründüyü kimi, Türkiyə pandemiyanın yaradacağı fəlakəti önləməyi turistlərin ölkəyə verəcəyi gəlirdən daha vacib sayır. Və pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün turistlərə güzəştə getmək fikrində deyil. 

Həkim-terapevt Vaqif Qarayev “Şərq”ə açıqlamasında siqaret qadağasının həm sağlamlıq, həm də yoluxmanın qarşısının alınması baxımından düzgün addım olduğunu dedi: 

- Koronavirus pandemiyası ilə bağlı artıq ümumi bir nəticə var ki, insanlar arasında kontakt sıxlaşdıqda, yoluxma da artır. Biz də bunu gördük, yaşadıq. Nə vaxtkı əhali arasında ünsiyyət azaldı, yoluxma sayı düşdü. Nə vaxtkı ünsiyyət çoxaldı, yoluxma sayı da artdı. Gürcüstanda yoluxma sayı 1 rəqəmli idi, hamı da onları örnək göstərirdi. Mən də daxil. Amma nə oldu? Gürcüstan turizm zonalarını açdı və yoluxma yüksəyə sıçradı. İndi Gürcüstan “yanır”. Ümumiyyətlə, bütün dünyada, o cümlədən Avropa ölkələrində yoluxma sayı durmadan artır. Lakin qapalı vəziyyəti uzun müddət davam etdirmək ölkələrin iqtisadiyyatını, maliyyə bazarını çökdürür.

Ona görə də müəyyən açılımlara gedirlər. Türkiyə nə edir? Turistlərin gəlməsinə icazə verir, amma siqaret çəkməklərinə yox. İctimai yerdə siqaret çəkmək etik baxımdan düzgün deyil. Bir tərəfdən də əgər pandemiyadırsa, hesab edirlər ki, siqaret çəkmək ziyanlı ola bilər. Siqaret çəkmək pandemiya oldu-olmadı, onsuz da ziyandır. Amma siqaretin koronavirusa yoluxmada konkret hansı təsirə  malik olduğu barədə fikir ayrılıqları var. Bir tərəf deyir, siqaret çəkənlər xəstəliyi  daha ağır keçirir, bir qrup isə siqaretin heç bir xüsusi təsirə malik olmadığını.  Mənim fikrimi soruşursunuzsa, siqaret çəkmək həmişə ziyandır, tənəffüs yollarını, ağ ciyəri zədələyir. Zədəli bronxlar, ağciyər xəstəliyə daha davamlı olar, yoxsa, zədələnmiş orqanlar?! Əgər Azərbaycan da turistləri qəbul edirsə, qadağaların sərtləşdirilməsi vacibdir.