“Biz yalnız tarix yazmadıq, dünya üçün arxamızca öyrəniləcək çox izlər buraxdıq" - Politoloq

“Azərbaycan Xalqı tarix boyu böyük çətinliklərə, məhrumiyyətlərə sinə gərərək, işğalçılara qarşı mübarizə aparmağı bacarıb. Xalqımız müdrik olduğu üçün, hər zaman düşəmənə qarşı səbirli davranmış, amma haqqının tapdanmasına heç zaman razı olmayıb. Çünki uğrunda Şəhid olmağı özü üçün böyük şərəf bilən igidləri, o cümlədən müdrik və uzaqgörən şəxsləri buna heç zaman imkan verməyib. Məhz Azərbaycan Ordusu Ermənistan üzərində qazandığı Böyük Qələbəsi ilə öz sözünü döyüş meydanında, habelə siyasi müstəvidə bir daha onun qüdrətini və kimliyini dünyaya nümayiş etdirdi”.

Bu sözləri Sherg.az-a politoloq Ramid Hüseynov deyib. O qeyd edib ki, müharibə həm də xalqımızın Allaha, dini-mənəvi dəyərlərimizə, tarixi-keçmişimizə, dövlətçilik ənənələrimizə necə bağlı olduğumuzu da göstərdi:

“Biz yalnız tarix yazmadıq, dünya ölkələri üçün arxamızca öyrəniləcək çox izlər buraxdıq. Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Bu müharibədə ermənilərin özləri haqqında yaratdığı məğlubedilməzlik mifi darmadağın oldu. Qısa zamanda düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsinin məhv edilməsi hərbçilərimizin peşəkarlığı və cəsurluğundan xəbər verdi. Biz bunu yalnız tarixi baxımdan deyil, hüquqi baxımdan da sübut etdik. İşğalçını az qala dünyanın yarıdan çoxunun müdafiə etməsinə baxmayaraq, biz qısa müddətdə qalib gəldik. Çünki bizim mübarizəmiz haqq işi idi, biz ədalətli zəfər yoluna çıxmışdıq. Vətən Müharibəsində haqqı olan tərəf  Azərbaycan bununla da tarixi qələbəyə imza atdı”.