Füzulidən Şuşaya yeni yol çəkiləcək

Bu layihə işğaldan azad edilən torpaqlarımızda birinci layihədir

Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa edilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Səfər zamanı Füzulidən Şuşaya çəkiləcək yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.

Millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında qeyd edib ki, bu yolun çox böyük əhəmiyyəti var. O vurğulayıb ki, çünki bu yol bizi Qarabağın tacı olan Şuşaya aparır:

"Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. 2004-cü ildən bu günə qədər 16 min km-dan çox avtomobil yolu çəkilib. Şuşaya çəkilən bu yolun xüsusi əhəmiyyəti var. Bu layihə işğaldan azad edilən torpaqlarımızda birinci layihədir.

Füzuli-Şuşa yolu Azərbaycan üçün strateji əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda iqtisadi mahiyyəti də var. Nəzərə alsaq ki, işğaldan əvvəlki dövrlərdə də Füzuli-Şuşa arasında nəqliyyat əlaqələri olub.

Bu gün Azərbaycanın iki ayrılmaz tarixi şəhəri arasında nəqliyyat əlaqəsinin yenidən bərpa olunması çox sevindirici və qürurvericidir. Xüsusən nəzərə alsaq ki, Şuşa Azərbaycan üçün qürur şəhəri olmaqla yanaşı, həm də turizm baxımından çox vacib şəhərdir.

Nəticə etibarilə Füzulidən Şuşaya nəqliyyat əlaqəsi imkan verəcək ki, başqa bölgələrimizdən olanlar asanlıqla Füzuli vastəsilə Şuşaya gedə bilsinlər.

Nəzərə alaq ki, Füzulidə kifayət qədər tarixi yerlər var. Məsələn, Şah Abbas Məscidi, Azıx mağarası orada yerləşir. Ümumiyyətlə, bu nəqliyyat yolu iqtisadi baxımdan çox mühüm hesab olunur. Düşünürəm ki, Azərbaycan tarixi üçün bu yolun həm strateji, həm də iqtisadi faydaları çox olacaq".