Məsələ bitib, Minsk qrupu artıq "dəfn" olunub

...Amma Fransa dinc durmur, Qarabağda atəşi yenidən alovlandırmaq istəyir

44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər çalması və düşmən ölkəni diz çökdürməsi Ermənistanın əsas müttəfiqi Fransanı da ciddi narahat edib. Ümumiyyətlə, Fransa 30 il ərzində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib.

Bu ölkə ATƏT-in Minsk qrupu həmsədri kimi fəaliyyətində illər boyu tərəfkeşliyi ilə seçilib. 10 noyabrda Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı imzalanan üçtərəfli sazişdən və bu prosesdən kənarda qalan Fransa Azərbaycanın böyük qələbəsini həzm edə bilmir, yeni təzyiq mexanizmlərini işə salır. Hər vəhclə ATƏT-in Minsk qrupunun saxlanmasına çalışan Fransa məkrli məqsədlərini həyata keçirməyə dirəniş göstərir.

Paris meriyasının qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşması da tərəfli yanaşmanın tərkib hissəsidir. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa meri Enn İdalqodan gəldiyi bəllidir. Ermənilərə yaxınlığı ilə tanınan İdalqonun bundan əvvəl həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri dəfələrlə olub. 

30 ilə yaxın idi ki, Ermənistanın işğal altında saxladığı tarixi torpaqlarımızı danışıqlar yolu ilə qaytaracağına dair müxtəlif vədlər verilirdi. Bu istiqamətdə haqlı olaraq ən çox tənqid edilən münaqişənin həlli ilə "məşğul" olan ATƏT-in Minsk qrupu idi. Minsk qrupunun, həmsədrlərin fəaliyyətsizliyi göz önündədir. İndiyədək münaqişənin həll edilməsi üçün heç nə ilə yadda qalmadılar.

Müharibə bitsə də, həmsədr ölkələrdən olan Fransa qərəzli mövqe sərgiləyir. Fransa rəhbərliyinin ermənipərəst münasibət sərgiləməsi adi hal alıb. Avropanın demokratik dövləti sayılan Fransanın beynəlxalq hüquqa sığmayan, faktlara əsaslanmayan bəyanatları bir daha sübut edir ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövcud mövqeyi ilə heç vaxt ədalətli həllini tapa bilməzdi. Çünki həmsədrlərin problemin ədalətli həlli məqsədi yox idi və onlar buna çalışmırdılar. Bu illər ərzində nəinki işğalçı ölkə, həmsədrlər də status-kvonun saxlanmasında maraqlı göründülər. Bu günə qədər, xüsusən son dövrlərdə münaqişənin həlli istiqamətində Fransanın tutduğu mövqe onun ATƏT-in Minsk qrupu kimi həmsədrlik və bitərəflik statusuna zidd idi.

Münaqişənin nizamlanmasının ilkin illərində Azərbaycanın dövlət və cəmiyyət olaraq Minsk qrupundan gözləntiləri var idi. Biz yeni dövlət olaraq  həmsədr ölkələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzv ölkəsi olan həmsədrlərin nizamlanma prosesində uğurlu ola biləcəyini ehtimal edirdik.

Dağlıq Qarabağ konfliktinin nizamlanmasına başlandığı ilkin illərdə bunu müsbət dəyərləndirdik. Çünki həmsədr ölkələr BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ konfliktinin həllinə dair 4 qətnamənin tərtib olunmasında iştirak etmiş və  ona səs vermişdi. Lakin konfliktin nizamlanmasında davam edən 27 il ərzində  ATƏT-in Minsk qrupunun həmsədr ölkələri  BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin sülh yolu ilə icra edilməsini təmin etmək üçün səy göstərmədi. Buna rəğmən, Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun davrandı. Ordumuz qısa müddətdə işğalçını bütün dünyada qanuni torpaqlarımız kimi tanınan Qarabağ və ətraf rayonlardan çıxarmağı bacardı. Qələbəmiz münaqişə ətrafında yaradılmış geostrateji vəziyyəti birdəfəlik dəyişdi. ATƏT-in Minsk qrupunun diplomatik səyi ilə deyil, məhz Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində status-kvo ləğv olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 44 günlük müddətdə Ermənistana çağırış etməyən həmsədrlər ötən 28 il ərzində münaqişənin hərbi fazaya keçməməsi üçün Ermənistana heç bir siyasi təsir və təzyiq göstərməmişdilər. Bu bir faktdır ki, onlar işğalçı ilə işğala məruz qalana eyni cür yanaşırdılar. 

Dağlıq Qarabağ münaqişəsi vasitəsilə Cənubi Qafqazda siyasi oyunlar qurmağa və maraqlarını təmin etməyə çalışan dövlətlərin məkrli planlarının baş tutmaması, təbii ki, həmin dövlətləri ciddi narahat edir. Ancaq qalib tərəf olan Azərbaycanın üzərinə gəlmək cəhdləri uğursuzluqla nəticələnəcək. Dövlət siyasəti anneksiyaya, soyqırımına, etnik təmizləməyə, qanunsuz məskunlaşdırmaya, qeyri-qanuni iqtisadi fəaliyyətə, terrorizmin dəstəklənməsinə əsaslanan ölkəyə bu cür fəaliyyətinə görə 28 ildə heç bir təsir və təzyiq göstərməyən, pərdə arxasında hətta ona dəstək verən ölkələrin hazırkı vəziyyətlə barışa bilməməsi anlaşılandır.

Artıq Türkiyə ilə Rusiya Qarabağda sülhyaratma missiyasına qoşulur ki, bu, həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Bu cür sülhyaratma missiyası Cənubi Qafqazla tarixi, siyasi, iqtisadi bağları olmayan ölkələri narahat etməməlidir. Hərbi əməliyyatların yenicə başa çatdığı dövrdə bəzi dövlətlərin ultimativ ritorikadan çəkinərək Ermənistanı reallıqlarla barışmağa, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə çağırmaları daha məqsədəuyğundur. Artıq geri yol yoxdur və müharibə ədalətli şəkildə yekunlaşdı. Regionda yaranan yeni situasiyanı isə yalnız Ermənistan deyil, İrəvana 28 ildə heç bir təsir və təzyiq göstərməyən məlum dövlətlər də qəbul etməlidirlər. 
Analitiklərə görə, Fransanın məqsədi Dağlıq Qarabağın indiki durumunu tamamilə Ermənistanın xeyrinə dəyişməkdən və özünü idarəetmə statusuna nail olmaqdan ibarətdir. Lakin imzalanan bəyanatda heç bir statusdan söhbət getmir. Həmçinin, keçmiş Dağlıq Qarabağ ərazi vahidinin çərçivəsi xeyli qısaldılıb. Azərbaycan işğalda olan torpaqlardan Ermənistan ordusunu çıxardığı üçün ermənilər kiçik bir əraziyə sıxışdırılıb. Məqsəd budur ki, Minsk qrupu həmsədrləri institutunun fəaliyyətini bərpa etməklə, bu məsələləri yenidən müzakirə obyektinə çevirsinlər.

Müzakirə obyekti olduğu təqdirdə müxtəlif təzyiq və bəhanələrlə yenidən bu məsələni əvvəlki status-kvo ilə inkişaf etdirməkdir. Şübhəsiz, bu məsələ bitib və Minsk qrupu artıq dəfn olunub. Bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla sakini məhv edib. Özünü "insan haqlarının və demokratiyanın vətəni"  sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. 

Rəsmi Parisin mənasız canfəşanlığı Ermənistan tərəfini həvəsləndirir. Yerevan hökuməti “ölmüş” həmsədrlik institutunu yenidən “diriltməyə” çağırış edir. Prezident Armen Sarkisyan deyir ki, Fransa, ABŞ və Rusiyanın həmsədrliyi ilə Minsk prosesinə qayıtmaq üçün hər şeyi sürətlə etmək lazımdır. Onun sözlərinə görə, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üzrə üçtərəfli razılaşma onun yekun statusunu müəyyənləşdirmir. Ona görə də Minsk prosesi bərpa edilməlidir: “Bu, Minsk prosesi deyil, üçtərəfli atəşkəs razılaşmasıdır. Minsk qrupuna Artsaxın yekun statusunu müəyyənləşdirmək mandatı verilib". 

Millət vəkili, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov deyib ki, Fransa Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa mənasız cəhdlər göstərir. Deputatın sözlərinə görə, Fransanın həm Azərbaycan Ordusunun əks-hücum əməliyyatları dövründə, həm də 10 noyabr bəyanatının imzalanmasından sonra nümayiş etdirdiyi mövqe bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsizliyinə olan şübhələri ciddi şəkildə gücləndirir:

“Fransanın bu cür qərəzli və Ermənistanın təəssübkeşi kimi davranması həmsədrlikdən kənarlaşdırılması məsələsini aktuallaşdırır. Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşması ilə bağlı məlumatlar Fransanın öz qərəzli siyasətini həyata keçirməkdə israrlı olduğunu göstərir. Daha əvvəl bəzi siyasi dairələr bu məsələni Fransa Milli Assambleyasında da müzakirəyə çıxarmağa cəhd göstərib. Lakin bu cəhdlər heç bir nəticə verməyib”.

Parlament üzvü bəyan edib ki, Fransa 27 sentyabrdan bu günədək yüksək səviyyədə səslənən bəyanatlar verməklə, Ermənistana birmənalı dəstək ifadə edən addımları ilə münaqişəyə münasibətdə neytral mövqedən çıxış etmədiyini artıq sübut edib:

“Fransa münaqişənin Azərbaycanın tam qələbəsi ilə başa çatması ilə barışmaq istəmir. Lakin artıq nəinki münaqişə bölgəsində, həm də bütün regionda yeni geosiyasi reallıq yaranıb. Fransa bu reallığı dəyişmək iqtidarında deyil. Proseslərin gedişi də göstərir ki, Fransa məhz ədalətsiz, qeyri-obyektiv siyasətinin nəticəsi olaraq, Cənubi Qafqazda gedən proseslərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsir imkanlarını xeyli dərəcədə itirib. Bu imkanları yenidən bərpa etmək üçün isə təzyiq və təhdidlərə əl atmaq mənasızdır”.

Soltan Məmmədov qeyd edib ki, Fransanın son addımları Rusiya və Türkiyənin birgə səyləri nəticəsində əldə olunmuş atəşkəsi pozmaq məqsədinə xidmət edir:

“Lakin ötən dövrün təcrübəsi Minsk qrupu formatının nəticəsiz müzakirələrdən başqa heç nəyə xidmət etmədiyini sübut edib. Münaqişə artıq həllini tapıb, üç ölkənin dövlət başçıları birgə bəyanat imzalayıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Lakin Fransa münaqişəni yenidən alovlandırmağa, Ermənistana ən müxtəlif formalarda dəstək verməklə vəziyyəti dəyişməyə mənasız cəhdlər göstərir. Hesab edirəm ki, Cənubi Qafqazda müəyyən maraqları olan bütün aparıcı dövlətlər mövcud siyasi, iqtisadi və hərbi reallıqları düzgün qiymətləndirməli, bütün imkanlarını regionda təhlükəsizliyin, sabitliyin və sülhün təmin olunmasına yönəltməlidir”.

Politoloq Vasif Əfəndiyev də vurğulayıb ki, Qərb Minsk qrupu formatına qayıdışı tələb etsə də, bu artıq mümkün görünmür:


“Bölgədə yeni situasiya yaranır. Ermənistanda Paşinyan hakimiyyətdən uzaqlaşdırılsa belə onun yerinə Rusiyapərəst siyasətçi gəlməyəcək. Hər iki halda Qərb, xüsusən Fransa Ermənistandan bərk yapışıb. Bu, Rusiya bazalarının Ermənistandan çıxmasına hesablanıb. Vəziyyət getdikcə mürəkkəbləşir. Azərbaycan Türkiyə ilə birlikdə hərəkət etməlidir. Rusiya “sürüşkən” qonşudur. Bir anın içərisində dediklərinin əksini edə bilər. Qeyd edim ki, Putin rus qoşunlarının Qarabağda iştirakını qanuniləşdirmək üçün parlamentə müraciət edib”.

Mətbuat Şurasının sədr müavini, ekspert Müşfiq Ələsgərli isə bəyan edib ki, Parisin meri Ann İdalqonun müavinlərindən biri erməni Anuş Toronyandır.
Onun sözlərinə görə, Anuş Toronyan Fransız ermənilərinin təşkilatı - “CCAF”ın rəhbəri Ara Toronyanın qızıdır: “2015-2018-ci illərdə Parisin meri Anna İdalqo Ermənistan prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. Paris meri Ermənistanda yaradılmış “TUMO Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub. Ann İdalqo “erməni soyqırımı” ilə bağlı tvitlər paylaşıb. Göründüyü kimi Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqe sərgiləyir. Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik üzərində qurması, Paris meri və onun çevrəsində olan erməni şəbəkəsini də ruhlandırır”.