"Yatsaq yuxumuza girməzdi"

Mirələm ordumuzun qələbə təəssüratlarını bölüşüb

İkinci Dağlıq Qarabağ müharibəsini zəfərlər, sevinclər müşayiət etdi. 44 günlük  haqq savaşımız layiq olduğumuz böyük qələbə ilə sona çatdı. İndi qələbədən sonrakı hüzurun, sükutun bizi ağuşuna almasına icazə veririk. 30 illik yanğına su səpib, fərəhlə işğaldan azad edlimiş torpaqlara addım atacağımız günü gözləyirik.

Elə bil Azərbaycanda  1 milyon deyil də, 10 milyon məcburi köçkün var. Hər birimiz sanki orda dünyaya göz açmış kimi səbirsizlənirik. Hələ planlar da qururuq. Şuşada, Zəngilanda, Kəlbəcərdə əsarətdən qurtulan bütün torpaqlarda ürəklə gəzəcəyimiz günü gözləyirik. 

Sevilən xanəndə Mirələm Mirələmovla söhbətimizdə təxminən eyni fikirləri dilə gətirdi. Çox vaxtı olmadığından qısaca təəssüratlarını bizimlə bölüşdü: “Əhval-ruhiyyəmiz yüksək səviyyədədir.

Döyüşlər gedəndə də belə idik. Müharibə zaman cəbhə bölgəsinə də yollandım. Həqiqətən o sevinci, ab-havanı izah etmək olmur. 30 ildir gözlədiyimiz qələbədir. Yatsaq yuxumuza girməzdi.

Ona görə qələbə sevincimizin həddi-hüdudu yoxdur. Onu da qeyd edim ki, bir üzümüz gülürsə, o biri ağlayır. Şəhidlərimizə görə üzülürük. Lakin şəhidsiz də torpaq almaq olmaz. Allah onlara  rəhmət eləsin, ailələrinə səbr versin. Yaralı hərbçilərimizə də şəfa diləyirəm. Analarının əllərindən öpürük”.