Müharibənin 5-ci günü düşmənin 1500 fərarisi olub


"Ermənilər bilirdi ki, belə qüdrətli, cəsur ordu ilə döyüşmək sadəcə ağılsızlıqdır, ölüm riski yüz faizlikdir"

"Ermənistan-Azərbaycan arasındakı 44 günlük müharibə bir çox reallıqları ortaya çıxardı. İlk olaraq, Ermənistan özünün yenilməz, məğlubedilməz ordusunu yaratdığını, onun işğal etdiyi torpaqlardan kimsənin çıxarmasına gücünün çatmayacağı barədə bir mif formalaşdırmışdı. Təbii ki, himayədarları tərəfindən təmənnasız olaraq, hədiyyə kimi verilmiş böyük həcmli silahlar, hərbi texnikalar və böyük vəsaitlər hesabına inşa etdikləri hərbi-istehkam qurğuları onlarda bu arxayınçılığı yaradıb. Məhz bu baxımdan Ermənistan hərbi-siyasi rəhbərliyi hər zaman öz xalqını bu mifə inandırmağa, onları arxayın etməyə çalışırdı".

Bu sözləri politoloq Ramid Hüseynov "Şərq"ə açıqlamasında deyib. Politoloq diqqətə çatdırıb ki, müharibədən az müddət sonra Ermənistanın hazırkı və keçmiş rəsmiləri xalqa yalan məlumat

verdiklərini, yalnız bu yolla onları döyüşməyə cəlb etməyin mümkün olduğunu etiraf etdilər: "Xatırladım ki, bu yaxınlarda Ermənistan ordusunun general-polkovniki, sabiq Baş Qərargah rəisi Movses Akopyan mətbuata geniş açıqlamalar verib. O, Qarabağ döyüşləri sırasında ordudakı dəhşətli faktlardan danışaraq bildirib ki, döyüşlərin 5-ci günü artıq 1500 fərariləri var idi. General hətta onların müəyyən ərazidə saxlanılaraq, onlara yemək paylandığını etiraf edib. Təbii ki, həmin fərarilər məqsədli şəkildə Ermənistana buraxılmırdı ki, insanlarda çaşqınlıq yaranmasın. Həmin fərarilər kimlər idi? Nəinki könüllülər, həmçinin, əsgər və zabitləri də bu siyahıda idi. Düşünürəm ki, bu etiraf təsadüfi deyildi. Çünki müharibənin gedişi tamamilə fərqli mənzərəni ortaya qoydu. Azərbaycan Ordusu özünün peşəkarlığı, müasir döyüş taktikası ilə yeni bir yanaşma sərgilədi. Müasir texnologiyadan istifadə etməklə, düşmənin çox keyfiyyətli, bahalı hesab etdiyi hərbi texnikaları və canlı qüvvəsini dəqiqliklə vuraraq sıradan çıxarması erməniləri çox çaşqın, aciz bir duruma saldı".

Canlı qüvvə sarıdan ciddi itkilərə məruz qaldığını vurğulayan politoloq əlavə edib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi dəfələrlə hərbi səfərlik elan etməsinə, zor və hədələrlə gəncləri, orta yaşlı insanları döyüşməyə çağırmasına baxmayaraq, əhali fərarilik etməyə, döyüşməkdən imtina etdi:

"Bu heç də təsadüfi deyildi. Çünki ilk olaraq ermənilər çox yaxşı anlayırdılar ki, azərbaycanlılar öz Vətəni uğrunda döyüşürlər. Onlar isə işğal etdikləri və heç vaxt onlara məxsus olmayan torpaqlar uğrunda vuruşmaq məcburiyyətindədirlər. İkincisi, Azərbaycan tərəfinin nümayiş etdirdiyi videosüjetlərdən də hər kəs aydın görürdü ki, Azərbaycan Ordusu hansı imkanlara malikdir və necə dəqiqliklə hərbi hədəfləri vurur. Belə qüdrətli, cəsur ordu ilə döyüşmək sadəcə ağılsızlıqdır, məğbuliyyət və ölüm riski yüz faizlikdir. Ona görə də istər yeni döyüşə cəlb olunanlar, istərsə də hərbiçilər hər cür vasitələrlə döyüşməkdən imtinaya can atır, fərarilik edirdilər. Düşünürəm ki, bu müharibədə Azərbaycan Ordusu özünün peşəkarlığı, müasir döyüş taktikası ilə özünə olan yeni münasibəti formalaşdırdı. Habelə, dünyanın ən güclü ordularının belə nümunə götürə biləcəyi məqamları ortaya qoydu. Bu isə çox təqdirəlayiqdir".