İki istiqamətdə təbliğat aparmalıyıq

Vüqar Zifəroğlu: "Nəzərə alaq ki, Fransanın mediası erməni diasporasının nəzarəti altındadır"

Fransa Senatında “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn əsas prinsiplərə məhəl qoymamasının əyani sübutudur. Bu addım BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, dövlət sərhədlərinin tanınması, ərazi bütövlüyünün qorunması barədə “jus cogens” normalarının tələblərinə də tamamilə ziddir.

Bildiyimiz kimi, erməni lobbi və diaspor təşkilatları Fransanın ən müxtəlif dairələrində kifayət qədər aktiv təmsil olunurlar, bu da təbii ki, ermənilərin yeni məhsuludur. Azərbaycana münasibətdə məhz bu ayrıseçkiliyi açıq-aydın şəkildə görmək mümkündür. Bu məqsədlə Azərbaycan Mətbuat Şurası Fransanın kütləvi informasiya vastələrinə müraciət edib.

Müraciətdə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri, dövlət və hökumət qurumları, qeyri-hökumət təşkilatları kimi, ölkəmizin media ictimaiyyətinin nümayəndələri, müstəqil jurnalistləri də Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnaməsindən narahatlıq keçirdiklərini və təəssüfləndiklərini bildirib:

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri daim diqqət mərkəzində saxlayan Azərbaycan jurnalistləri hesab edirlər ki, belə bir sənədin qəbulu nəinki ölkəmizin beynəlxalq səviyyədə, o cümlədən Fransa dövləti tərəfindən tanınmış ərazi bütövlüyünün nəzərə alınmamasına, habelə münaqişənin ədalətli həllinə maneçilik törətməyə hesablanmış hərəkətdir. Qətnamə eyni zamanda bölgədə davamlı sülhün, sabitliyin və əminamanlığın, Azərbaycan və erməni xalqlarının eyni coğrafiyada dinc şəraitdə yaşamalarına yol verməməyi hədəf seçən, gələcəkdə təxribatlar üçün zəmin yaradan məsuliyyətsiz davranışdır. Aydındır ki, sözügedən sənəd Fransa Senatında təmsil olunan ermənipərəst çoxluğun lobbiçiliyinin məhsuludur. Erməni lobbi və diaspor təşkilatları Fransanın ən müxtəlif dairələrində kifayət qədər aktiv təmsil olunurlar. Vəziyyətin obyektiv səbəblərinin olması reallığını, müəyyən tarixə, keçilmiş yola əsaslandığını qəbul edirik. Ancaq hesab edirik ki, bu, hadisə və proseslərə baxışda aşkar qeyri-obyektivliyə, ədalətsizliyə, heç bir ölçüyə sığmayan yanaşmaya gətirib çıxarmamalıdır.

Mediamız məlum qətnamənin qəbulu ilə Azərbaycana münasibətdə məhz bu ayrıseçkiliyi görür. Təəssüf ki, Fransanın kütləvi informasiya vasitələrinin bir çoxunun da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri söyləmədiklərinə, yalanları yaydıqlarına dair kifayət qədər əsaslar var. Biz münaqişə bölgəsindən obyektiv reportaj hazırlayan “TF1” telekanalının əməkdaşı Liseron Budulun erməni lobbisinin təmsilçiləri tərəfindən təzyiqə, hədə-qorxuya, aşağılayıcı rəftara məruz qalmasına Fransanın media ictimaiyyətinin, ümumən vətəndaş cəmiyyəti institutlarının böyük ölçüdə susqunluq nümayiş etdirdiklərini görmüşük. Jurnalistikaya təzyiq kimi ikrah doğuracaq davranışı həyata keçirənlərin Fransanın tarixi şəxsiyyətlərinin, mütəfəkkirlərinin baxışlarının təntənəsi kimi meydana çıxan demokratizmi, bəşəri prinsipləri təhdid etmə “cəsarətindən” hiddətlənmişik.

Bir qrup erməninin qədim tarixə, ənənəyə malik ölkənin yaşatdığı dəyərləri asanlıqla, hər hansı hədd bilmədən heçə sayması həqiqətən çox üzücüdür. Bilmənizi istərdik ki, üzüntümüz, təəccübümüz və təəssüfümüz Fransa Senatının məlum qətnaməsi ilə daha da artdı. Biz, ölkəmizin tanınmış media orqanlarını sıralarında birləşdirən Azərbaycan Mətbuat Şurasına üzv kütləvi informasiya vasitələri, ümumilikdə Azərbaycan jurnalistləri Fransa mediasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalət nümayişinə çağırırıq.

Biz, Azərbaycan jurnalistləri bütün dünyada mütərəqqi ictimai təsisat kimi qəbul edilən jurnalistikanın bəşəri dəyər və prinsiplər naminə səfərbərlik missiyasına inanırıq. Arzu edərdik ki, eyni səfərbərliyi Fransa mediası Dağlıq Qarabağ həqiqətlərinə münasibətdə də həyata keçirsin. Sizləri əmin edirik ki, bu, dünyada mürəkkəb bölgə kimi qəbul edilən Cənubi Qafqaz regionunda yaşayan insanların gələcək taleyi baxımından olduqca vacibdir. Siyasilərin avantürist baxışlarının bəşəri dəyər və prinsipləri təhdid etməsinə, etnik separatizmi alovlandırmasına meydan verməyin! Nəzərə alın ki, Fransa da Azərbaycan kimi ən müxtəlif dindən də dildən olan insanların birgə yaşadıqları ölkədir və heç bir fransalı istəməz ki, onun Vətəni bölünsün! Heç bir azərbaycanlı, çoxmillətli Azərbaycan xalqının heç bir nümayəndəsi də bunu istəmir! Biz bu bölgədəki həqiqətlərin öyrənilməsi, ictimai maraqların, xalqların mənafelərinin qorunması ilə bağlı təsəvvürlərinizin genişlənməsi üçün sizinlə hər cür əməkdaşlığa, fikir mübadiləsinə, açıq müzakirələrin aparılmasına hazırıq. Belə bir istək və məramı ifadə etmənizdən yalnız məmnun ola bilər, köməyimizi əsirgəmərik. Nəhayət, biz sizlərin Fransa Senatının Dağlıq Qarabağla bağlı çıxardığı ədalətsiz qəntaməsinə ictimai reaksiyanın formalaşması üçün dəstək göstərmənizdən məmnun olardıq. Bunun haqqa, ilahi ədalətə əsaslanan mövqe olduğuna inanırıq. İstərdik ki, siz də inanasınız. Bu mövqe eyni zamanda Fransa və Azərbaycan xalqları arasındakı dostluq və əməkdaşlığın qorunmasına və inkişaf etdirilməsinə yönələn mövqedir. Bunu da nəzərə almağınızı xahiş edirik".

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, tanınmış jurnalist Vüqar Zifəroğlu bildirib ki, Fransa Senatının belə bir absurd sənəd qəbulu ilə bağlı Azərbaycan mediasında iki istiqamətdə iş gedir. O diqqətə çatdırıb ki, birinci istiqamət öz auditoriyamızın məlumatlandırılması ilə bağlıdır:

"Yəni  bu məsələdə Azərbaycan mediasının üzərinə artıq böyük iş düşür. Düşünürəm ki, əslində bizim kütləvi informasiya vasitələri bunun öhdəsindən layiqincə gəlirlər. Bu günləri bu mövzuda çoxlu sayda ekspertlər danışdırmaqla ictimaiyyət məlumatlandırılır, maarifləndirilir. Ekspertlərin bu məsələyə münasibəti sərgilənərəkən əsasən, belə bir qətnamənin qəbul edilməsinin arxasında nəyin durduğu göstərilməlidir. Məsələn, Fransanın nə kimi niyyətləri var? Ümumiyyətlə, Fransa-Ermənistan münasibətləri necədir? Habelə, Fransanın Azərbaycana, eləcə də Türkiyəyə münasibəti hansı şəkildədir və maraqları nədir? Bu kimi suallara cavab verən müxtəlif araşdırmalar aparılmalı, ekspertlərin məsələ ilə bağlı fikirlərinə geniş yer verilməlidir". 

Ekspert vurğulayıb ki, Fransanın ermənilərin dəstəkləməsi bu günün və dünənin məsələsi deyil: "Bunun kökündə daha uzun illərə, hətta deyərdim əsrlərə dayanan bir münasibət durur. Tarixə nəzər salsaq, görərik ki, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindən başlayaraq Fransa Yaxın Şərqdə, eləcə də Osmanlı İmperiyası ərazisində öz geosiyasi hədəflərinə çatmaq üçün ermənilərdən daim istifadə edib. 

Hətta Osmanlı dövründə Birinci Dünya müharibəsi ərəfəsində erməni qiyamının təşkil edilməsində Fransanın odövrki xüsusi xidmət orqanlarının və Fransa hökumətinin xüsusilə böyük rolu olub. Bax, bu cür həqiqətlərdən çıxış edərək, fransa-erməni münasibətləri tam şıltaqlığı ilə bizim auditoriyaya təqdim edilməlidir. Onlar bilməlidirlər ki, əslində hansı mahiyyətdən irəli gələrək, belə bir sənəd qəbul olunub. Düzdür, əslində belə bir sənədin qəbul edilməsi gözlənilən idi. Çünki burada söhbət hansısa bir dövlətin başqa bir dövlətə dəstək verməsindən getmir.

Burada söhbət yalnız böyük yırtıcının kiçik yırtıcıya dəstək verməsindən gedir. Mahiyyət etibarilə bu iki dövlət eyni şeydir. Bu gün Fransanın özünün də  bir çox ölkələrlə məhz ərazilərlə bağlı konfliktləri var. Ən azı 5 ölkənin adını çəkmək olar. Məsələn, Mərakeş, Surinam və bir sıra başqa ölkələri burada misal gətirmək mümkündür. Buna görə də Fransa özü prinsip etibarilə erməni kimi eyni mahiyyəti sərgiləyir. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədri kimi qəbuledilməzlik məsələsi formada bizim ictimaiyyətə bu həqiqətlər çatdırılmalıdır". 

Xarici mediaya gəldikdə isə ekspert qeyd edib ki, beynəlxalq yazıların sayının artırılması çox mühümdür:

"44 günlük Vətən müharibəsi dövründə bir çox media quruluşlarının Cənab İlham Əliyevlə müsahibələrində necə qərəzli suallar ünvanladıqlarının hər birimiz şahidi olduq. Bütün bu suallar əslində jurnalist etikasına, beynəlxalq jurnalistikanın norma və prinsipləri ilə ziddiyyət təşkil edirdi. Həmin jurnalistlərin əksəriyyəti mövqe qoyurdular. Ortaya qoyduqları suallar istiqamətverici suallar olurdu. Orada tərəf açıq-aydın göstərilirdi. Amma jurnalist gərək obyektivliyini, tərəfsizliyini qorusun. 

Ancaq sonradan xarici mediada ələlxüsus müharibənin sona doğru getdiyi bir mərhələdə beynəlxalq yazıların saylarının artırıldığının şahidi olduq. Burada həm Cənab Prezidentin verdiyi müsahibələrin, həm də  bizim dövlət olaraq apardığımız informasiya siyasətinin son dərəcə böyük rolu oldu. Düşünürəm ki, xarici mediada Azərbaycan həqiqətləri ilə bağlı yazıların sayı nə qədər çox olsa bir o qədər yaxşıdır. Amma nəzərə alaq ki, Fransanın mediası erməni diasporasının nəzarəti altındadır. Ona görə də onlardan müsbət nə isə gözləmək düzgün deyil.

Təsadüfi deyil ki, məsələn, 1987-ci ildə Abel Aqambekyanın Fransanın "Humanite" qəzetinə verdiyi müsahibə ilə ermənilər ilk dəfə beynəlxalq mediada Qarabağa olan haqsız iddiallarını ortaya atmış oldular. Yəni 80-ci illərin sonlarında Fransa mediası nə idisə, 2020-ci ildə də həmin mediadır".