İkiüzlü Fransa... – Sözdə demokrat, üzdə avtokrat ! 

“Rəsmi Paris öz strateji maraqlarını erməni lobbisinin maraqlarına qurban verdi”

“Əlbəttə, Fransa hökuməti bu sənədi tanımaya bilər, amma Senatın sözügedən qərarı islamofobiya və türkofobiyadan irəli gəlir”

“Bu qərar da, ilk növbədə, beynəlxalq hüququn tapdanması deməkdir”


Xəbər verdiyimiz kimi, Fransa Senatı noyabrın 25-də hökuməti "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qətnamə qəbul edib. Sənədin lehinə 305 senator səs verib, bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır. Sənəddə olan  islamofob və türkofob yanaşma, Türkiyəyə qarşı iddialar müzakirələrə səbəb olub və bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi (XİN) noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb. Türkiyənin müdafiə naziri Hulusi Akar Fransa Senatının məlum qərarına münasibət bildirib:

"Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçası olduğunu bir daha təsdiqlədi".



Durumu şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Sherg.az”a açıqlamasında bildirib ki, belə bir sənədin qəbulu ikitərəfli və çoxhektorlu əlaqələrə zərbə vura bilər.:

“İlk növbədə, Fransa öz strateji maraqlarını erməni lobbisinin maraqlarına qurban verdi. Əlbəttə, Fransa hökuməti bu sənədi tanımaya bilər, amma Senatın sözügedən qərarı islamofobiya və türkofobiyadan irəli gəlir.

Demək olar ki, Fransa Senatında təmsil olunan müxalifət partiyaları məhz Türkiyənin regionda aktivliyinə zidd olaraq  Qarabağ məsələsində Azərbaycanın qalib gəlməsinə qarşı yekdil qərar qəbul ediblər.

Bu qərar da, ilk növbədə, beynəlxalq hüququn tapdanması deməkdir. Mövcud addım isə hər zaman beynəlxalq ali hüquqlara dəyər verən və bunu ən ali strategiya hesab edən Fransanın ikili standartlarının və ikiüzlü yanaşmasının təzahürüdür”.

Ekspert diqqətə çatdırıb ki, Türkiyə və Avropa ittifaqı arasında çox güclü siyasi-iqtisadi əlaqələr var. Amma belə bir sənədin qəbul olunması Türkiyə- Avropa əlaqələrinə böyük zərbə vuracaq:

“Artıq Belçika və, Hollandiyada belə bir sənədin qəbul edilməsi ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki,  Avropa Türkiyənin böyük supergücə çevrilməsinin, Aralıq dənizində, Cənubi Qafqazda güclənməsinin qarşısının alınması üçün belə qondarma sənədlərin qəbulunu reallaşdıra bilər.
Azərbaycanla Türkiyə koordinasiyalı şəkildə Avropa dövlətləri ilə sıx əməkdaşlıq etməli, bu sənədlərin qəbulunun qarşısını almalıdır”.

Aysel İbrahimova