Qızıl Xaç vasitəçi vəzifəsini icra edir

Əsirlərin azad edilməsi birbaşa münaqişə tərəflərinin səlahiyyətinə aiddir

Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixində imzalanan bəyannamənin şərtlərindən biri də girovlar haqqındadır. Girov və əsirlərin geri qaytarılması gündəmdə olan əsas məsələlərdən biridir.

Hazırda itkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyən edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.

Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilir. Yenə də məsələ sual doğurur. Görəsən, əsir düşən həmvətənlərimiz  nə vaxt qaytarılacaq?

Beynəlxalq Qızıl Xaç Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova girovlarımızın vətənə qaytarılmasının hansı formada mümkün olacağı barədə “Şərq”ə danışıb. 

O, girovların geri qaytarılması haqqında qərar qəbul edilməsinin BQXK-nin səlahiyyətlərinə daxil olmadığını söyləyib: “BQXK saxlanılan şəxslərə baş çəkir. Girovların hansı şəraitdə saxlanıldığını, onlarla rəftarı müşahidə edir.

Həmçinin həmin şəxslərə ailələri ilə əlaqə üçün imkan yaradır. Amma əsirlərin azad edilməsi məsələsi BQXK-nin səlahiyyətində deyil. Bu barədə qərar verən əsirləri saxlayan tərəfdir.

Onların qaytarılması üçün münaqişə tərəfi saxlanılan şəxsi azad etmək barədə qərar verməlidir. Eyni zamanda girov qayıtmaq istəyini bildirməlidir. Bununla yanaşı əsirin vətəndaşı olduğu ölkə  onun qayıtmasına razılıq verməlidir.

Beynəlxalq Qızıl Xaç Komitəsi də bu əməliyyatın həyata keçirilməsində vasitəçi vəzifəsini icra edir”.