Qarabağ döyüşçülərinin konkret təklifləri var

Şəhid və qazilərin pensiyalarını artırmaq üçün kifayət qədər resurslar var

"İki ayağını itirmiş gənc oğlanın 150 manat pensiya alması sosial ədalətsizlikdir"

Yeni ildə Milli Məclisin Əmək və sosial siyasət komitəsi müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı müzakirə və dinləmələr keçirəcəyi gözlənilir.    
Ötən əsrdən indiyədək - əvvəlcə Qarabağ Əlilləri Cəmiyyəti, sonrasa Qarabağ Qaziləri Birliyi kimi təkcə müharibə əlillərinin deyil, şəhid ailələrinin də problemlərinin həlli üçün hökumət qarşısında əməli təkliflə çıxış edən Qarabağ qaziləri müzakirələrdə iştirak edəcəkmi? Suala cavabında Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsinin döyüşçüsü Rey Kərimoğlu müzakirələr başlanarsa, dəvət ediləcəklərindən əmindir:   

- Milli Məclisin Əmək və sosial siyasət komitəsi yenidən formalaşdırılıb. İnanırıq ki, komitənin sədri, millət vəkili Musa Quliyev sələfi Hadı Rəcəbli kimi olmayacaq, komitənin fəaliyyəti yeni, müsbət mərhələyə keçəcək. Çünki Musa müəllimi tanıyırıq, fəaliyyətinə bələdik, onun bizə, bizim də ona hörmətimiz var. Belə müzakirələr, dinləmələr təşkil olunarsa, yəqin ki, Qarabağ Qaziləri  Birliyi də dəvət ediləcək. Qazilər, müharibə veteranları, şəhid ailələri ilə bağlı indiyədək qəbul olunmuş qanun və qərarlarla bağlı təkliflərin əksəriyyəti zamanında Qarabağ Qaziləri Birliyi və onun mərhum sədri Etimad Əsədov tərəfindən səsləndirilib. Ümumilikdə tərəfimizdən 34 təklif irəli sürülüb. Onlardan qəbul olunan, icraya yönələnlər də olub. Yəni biz qazilər hər zaman konkret təkliflər səsləndirmişik. Bir məsələni vurğulamaq istəyirəm ki, bəzən bizim təkliflırimiz, iradlarımız yanlış anlaşılır. Biz qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətindən narazı deyilik. Əksinə, bu fəaliyyəti təqdir edirik. Sadəcə, bütövlükdə qanunvericilikdə dəyişikliklər edilməsini günün tələbi hesab edirik. Bununla bağlı da konkret təkliflərimiz var. 

R.Kərimoğlu  qeyd etdi ki, bu gün Qarabağ qazilərinin heç də hamısı yüksək məbləğdə təqaüd almır:

“Nazirliyin dünən açıqladığı rəqəmlər illərdir qazilərə ödənilən pensiya, müavinət və prezident təqaüdü ilə bağlıdır. Qarabağ əlillərinə pensiyalar müxtəlif cür hesablandığından birmənalı şəkildə demək olmaz ki, 1-ci, 2-ci və 3-cü qrup Qarabağ əlilləri həmin məbləğdə pensiya alırlar. Çünki sovet dövründə xidmət keçən və Qarabağda müharibə başladıqda Azərbaycanda gəlib döyüşən və döyüşdə əlil olanların pensiyası və sovet dövründə yox, məhz Azərbaycan Ordusunda xidmət keçmiş şəxslərin pensiyası fərqli hesablanır.

Azərbaycan Ordusunda xidmət edərək müharibədə yaralanan qazilərin pensiyası 1-ci qrup 240, 2-ci qrup 200, 3-cü qrup 190 manata yaxındır. Bu sadaladığım şəxslər eyni zamanda prezident təqaüdü də alırlar. 3-cü kateqoriya isə 18-20 yaş arasında döyüşdə yaralanan və heç bir iş stajı olmayan şəxslərdir ki, onlara heç bir pensiya verilmir. Onlar ancaq müavinət alırlar. Onlara verilən müavinətin məbləği 1-ci qrupa 150, 2-ci qrupa 130, 3-cü qrupa 110 manatdır. Bunun üzərinə prezidentin aylıq təqaüdü də daxildir. 

R.Kərimoğlu bildirdi ki, əlillik qrupundan asılı olaraq Qarabağ qaziləri minimum 2000 manat məbləğində pensiya almalıdır. Bu, yaşayış üçün normal məbləğ sayıla bilər. Qazi və şəhid ailələrinin bu ölkədə normal insan kimi yaşamaq haqqı var.

Şəhid ailələrinə gəlincə, R.Kərimoğlu qeyd edir ki, şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği 300 manatdır: “Şəhid ailələrinə 300 manat prezident təqaüdü verilir. Üstəlik, övladları 18 yaşına çatanadək müəyyən pensiya ödənilir. Bu məbləğ də aşağıdır. Biz hesab edirik ki, bu məbləğ də artırılmalıdır”.

R.Kərimoğlu iddia edir ki, Azərbaycanda şəhid və qazilərin pensiyasını artırmaq üçün kifayət qədər resurslar var:

“2001-ci ilə qədər qazilərimiz üçün əlavə dolanışıq imkanları yaradılırdı. Onlara ticarət köşkləri verilirdi ki, oradan gələn gəlirlə ailələrini dolandırsınlar. İndi bu imkanlar yoxdur. Bizim bu gün ən ciddi problemimiz bu insanların qapılarda qalmasıdır. Bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi ilə bağlı qanunlarda boşluqlar var. İki ayağını itirmiş gənc oğlanın 150 manat pensiya alması sosial ədalətsizlikdir. Bu gün gərək Milli Məclisin deputatları bu boşluqların aradan qaldırılması məsələsini qaldırsınlar. Biz dəfələrlə parlamentə bununla bağlı müraciət etmişik ki, müvafiq qanunlar qəbul olunsun”.