İqtisadiyyatda ən böyük yanlışlıq vahid bazara fokuslanmaqdır

Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub

Yerli mallarımızın Avropa bazarına çıxarılması yönündə ciddi addımlar atılmalıdır


Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Verilən açıqlamaya görə, fitosanitar rifahı qorumaq və zərərvericilərin Rusiya ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün “Rosselxoznadzor” dekabrın 10-dan etibarən Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalıb. İdarədən bildiriblər ki, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar ediblər və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər.

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 173 min ton təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir. 

Qərarı “Şərq”ə şərh edən siyasi şərhçi Kənan Paşayev bildirib ki, Azərbaycan kənd təsərrüfatı mallarının ixrac potensialı demək olar ki, tam olaraq Rusiya bazarlarının hesabına formalaşıb. Onun sözlərinə görə, yerli sahibkarlar tərəfindən Rusiya bazarlarına ixrac olunan pomidorun illik dövriyyəsi 170 milyon dollar həcmindədir. Alma ixracı isə təxmini 100 milyon dollar civarında qiymətləndirilir:

“Rusiyanın bu addımı siyasi və ya iqtisadi problemlərdən dolayı atmasının əslində bizim üçün o qədər də əhəmiyyəti yoxdur.

Diqqət etməli olduğumuz məqam Azərbaycan kənd təsərrüfatı mallarının ixrac potensialının nə üçün Rusiya bazarlarından bu qədər asılı olmasıdır. Zənnimcə, iqtisadiyyatda ən böyük yanlışlıq vahid bazara fokuslanmaqdır.

Günümüzdə iqtisadiyyatın siyasi proseslərdən asılı olduğu bir zamanda gələcəkdə ölkələrarası proseslərin hansı istiqamətdə inkişaf edəcəyini təxmin etmək çox çətindir. İqtisadiyyatımızın inkişafı üçün yerli mallarımızın Avropa bazarına çıxarılması yönündə ciddi addımlar atılmalıdır.

Sözsüz ki, bu addımlar dövlət səviyyəsində Avropa ölkələri ilə gəlinən razılıqdan asılıdır. Təkcə Abşeron zəfəranının Avropa bazarlarında 1kq-nın qiyməti 8000 dollar həcmində qiymətləndirilir.

Göyçay narının dənəsinin minimum qiyməti 3-5 dollardan başlayır. Bunun kimi onlarla yerli malımızın Avropa bazarlarında illik qiyməti milyardlarla dollar həcmindədir. Yəni ölkəyə valyuta axınını təmin etmək üçün xeyli alternativ yolumuz var”.