Baş redaktorlar nigarandırlar: Köşklər bağlanmasın! 

Dekabrın 14-dən yanvarın 18-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonunun ərazisində, eləcə də bəzi rayonlarda xüsus karantin rejimi təbiq ediləcək. İnsanlar əvvəllər olduğu kimi, yenə də “sms icazə” vasitəsilə evdən çıxa biləcəklər. Lakin çap mətbuatının fəaliyyəti ilə bağlı bir sıra ziddiyyətlər hələ də həll olunmamış qalıb. Belə ki, KİV-in sərbəst fəaliyyətinə icazə verilir. Amma qəzet köşkləri bağlanır. Elə isə bir neçə otaqlıq redaksiyalarda gərgin iş şəraitində, operativliyi mümkün qədər qoruyaraq işləyən qəzetçilərin nəşr etdikləri qəzətlər niyə oxucuya çatmasın? Axı jurnalistlərin istədikləri, uğrunda çalışdıqları da elə budur- informasiya təminatının həyata keçirilməsi.

Həm də qəzet satılmaması redaksiyaların maddi problemlə üzləşməsi və gələcəkdə informasiya təminatı ilə bağlı çətinliklərin yaranması deməkdir. Başqa bir məqam isə ondan ibarətdir ki, jurnalistlər həyatlarını təhlükəyə ataraq işə gəlirlər. Əməkdaşlar bir-birilə nəinki görüşməkdən, üz-üzə söhbət etməkdən də çəkinirlər. Sadəcə kompüterləri arxasında oturur və oxucularını gündəmlə tanış edərək, sevinclə “bu gün də yoluxmadım” deyəcəkləri anı gözləyirlər.

 Belə bir vəziyyətdə bir qup baş redaktor baş nazirə, Prezidentin köməkçisinə və Mətbuat Şurasına müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

 “Azərbaycan Mətbuatı hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olub. Ölkə rəhbərliyinin koronavirus pandemiyasına qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsinə dair Nazirlər Kabineti yanında Operativ Qərargahın 08 dekabr 2020-ci il tarixdə verdiyi xüsusi karantin rejiminin sərtləşdirilməsinə dair qərarını dəstəkləyirik. Mövcud pandemiya ilə mübarizə şəraitində KİV-in fəaliyyətinin əhəmiyyəti danılmazdır və bu işdə mətbuat olaraq üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarı mətbuatın fəaliyyətinə icazə versə də, qəzetlərin yayımına müəyyən çətinliklər yaradır. Belə ki, qəzetlərin satışı üçün nəzərdə tutulmuş köşklərin aqibətinə aydınlıq gətirilmir. Olduqca vacib bir sahənin fəaliyyət mexanizminə kifayət qədər diqqət yetirilmir. Nəticədə qəzetlər nəşr olunur, lakin onların satış məntəqələri bağlı olduğu üçün anbarlarda qalmalı olur. Bu halda onsuz da çətin durumda olan çap mediasi iflic vəziyyətə düşür. Qəzet köşklərində yoluxma riskinin demək olar ki, olmadığını nəzərə alaraq, Operativ Qərargahın mətbuatla bağlı qərarına yenidən baxması, qəzetlərin satışı üçün şərait yaradılması ümumi məqsədimizə xidmət edərdi. Bununla həm pandemiya dövründə əhalinin marifləndiməsi işi operativ aparılar, həm də qəzetlər və qəzet satışı ilə məşğul olan firmalar mövcud vəziyyətdən minimum itki ilə çıxmış olarlar”.

 “Sherg.az” olaraq məsələnin optimal həllinə dair fikirlərini öyrənmək naminə bir neçə media kapitanı ilə söhbətləşdik:



“Bu, mətbuatın işinin daha da ağırlaşması deməkdir”
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, medianın fəaliyyətinə icazə verilib və işcilərin çoxu məsafədən, yəni evdən işləyirlər:

“Problem odur ki, qəzet köşklərinin işləməyəcəyi ilə bağlı müzakirələr dolaşır. Bu, onsuz da son illərini yaşayan mətbuatın işinin daha da ağırlaşması deməkdir. Odur ki, bir qrup baş redaktor baş nazirə, Operativ Qərargaha, Mətbuat Şurasına müraciət ünvanlayıb. Əgər köşklərin fəaliyyətinə icazə verilməyəcəksə, onda qəzetlər yalnız abunəçilər üçün nəzərdə tutulsun və məhdud tirajla çıxsın. Ümumiyyətlə, indi çətin dövr yaşayırıq. KİV də bu çətinlikdən kənarda deyil”.



“Yeganə məqsədimiz informasiyanı oxucuya çatdırmaqdır”
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, satış məntəqələrinin, yayım şirkətlərinin fəaliyyəti təmin edilməlidir:

“Əks halda ciddi problemlər yaranacaq. İnformasiya, təhlil oxucuya çatdırılmalıdır. Nəzərə almaq lazımdır ki, heç də hər kəs internet resurslarından istifadə edə bilmir. Qəzet, bəlkə də, bəzilərindən ötrü yeganə informasiya mənbəyidir. Yəni KİV-in sərbəst fəaliyyətinə icazə verib, köşklərə “işləməyən” demək absurddur. Operativ Qərargahdakı media təmsilçiləri ilə məsləhətləşəmələr aparılmalıdır. Bizim yeganə məqsədimiz informasiyanı oxucuya çatdırmaqdır. Başqa heç bir iddiamız yoxdur”.



KİV-in sərbəst fəaliyyətinə icazə verilməlidir”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, bu, o qədər də yeni sistem deyil:

“Hər halda artıq təcrübədən keçib, sınanıb. Yəni redaksiyaların işinin çətin olacağını düşünmürəm. Düzdür, məhdud saatlıq “sms icazə” çətinlik yarada bilər. Ona görə yenə KİV-in sərbəst fəaliyyətinə icazə verilməlidir. Yəqin, belə də olacaq. Üstəgəl, “sms icazə” ilə kollektivin bütün üzvlərinin işə gəlməsinin qeyri-mümkünlüyü nəzərə alınmalıdır. Redaksiyalarda ən azı 30 faizlik işçi qrupu var ki, onlarsız qəzet çıxarmaq mümkün deyil. Və ən azı həmin adamların müddətsiz iş fəaliyyətinə icazə verilməlidir”.