Nazir müavini “topa tutuldu”: “Gigiyenik qaydaya əməl etməyibsə, ona nə deyim?!” 

“Nazir müavininin balaca uşaqlara öyrətdiyimiz qaydalara əməl etməməsi təəssüf doğurur”

“Məsələn beş yaşlı nəvəm var. Ona ikinci dəfə bir söz deyəndə, cavab verir ki, bilirəm”

“Yəni təkrar onu tənbeh etməyimizi özünə həqarət sayır”


Nazirlər Kabineti yanında Operativ Qərargahın son birifinqində çıxış edən Səhiyyə nazirinin müavini Viktor Qasımovun davranışları müzakirələrə səbəb olub. Çünki nazir müavini gigiyena qaydalarını açıq-aşkar pozub. Onun eynəyin qulpunu ağzına salıb, çeynəyə-çeynəyə çıxış etməsi cəmiyyətdə ciddi tənqid olunub. Hər kəs xalqa tövsiyə verib, həmin qaydaya özü əməl etməyən V.Qasımova irad bildirib.



Məsələn tanınmış jurnalist Tural İrfan öz Feysbuk hesabında məlum hadisəyə dair foto paylaşaraq bunları yazıb: 

“Eynəyin qulpunu ağzına salıb çeynəyə-çeynəyə gigiyenik qaydalardan danışan Səhiyyə nazirinin müavini...Allah, bu milləti özün qoru. Görün xalqın sağlamlıq taleyi kimin əlində can verir!”

Məlum paylaşıma isə çoxsaylı şərhlər yazılıb.

Esmira Xəlilbəyli: Allah özü qorusun xalqımızı. Səhiyyə dəhşətdir. Rüşvət baş alıb gedir. Savadsız kadrları doldurublar

Serxan Tağıyev: Virus belələrini tutmaz harda yetim- yesir var yapışır yaxasına.

Tamara Nadirova Tənha Bulud: Nə günlərə qaldıq.

 Esmira Xəlilbəyli: Görün, xalqın taleyi kimlərin əlində oyuncağa dönüb.

Gülşad Nurani Azərbaycan: Gigiyenadan danışan insan virus geniş yayıldığı bir dövrdə qulaqa, stola, cibə və s yerlərə toxunan eynəyin qulaqcığını ağzına salıb çeynəməz.




Nazir müavinin brifinqdəki davranışları haqqında "Sherg.az"a danışan “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli mövzu ilə bağlı bunları söyləyib:

"Adi qaydalara əməl etməyibsə, ona nə deyim? Düzü, həmin brifinqə baxmamışam, lakin bu, normal hərəkət deyil. Azərbaycanda koronavirus kimi ciddi pandemiya ilə mübarizə aparan qurumun nümayəndələri hərəkətləri ilə xalqa örnək olmalıdırlar.

İstər davranışlarına, istərsə də açıqlamalarına diqqət etməlidirlər.

İndi çox həssas dönəmdən keçirik. Onun yol verdiyi səhvi biz azyaşlı uşaqlara başa salırıq, olmaz deyirik. Nazir müavininin balaca uşaqlara öyrətdiyimiz qaydalara əməl etməməsi təəssüf doğurur.

Məsələn beş yaşlı nəvəm var. Ona ikinci dəfə bir söz deyəndə, cavab verir ki, bilirəm. Yəni təkrar onu tənbeh etməyimizi özünə həqarət sayır. Əfsuslar olsun ki, hazırda elementar etik qaydalardan uzaq olan şəxslər müxtəlif vəzifələrdədir.

İstər parlamentdə, istərsə də icra hakimiyyətlərində səlahiyyətləri var. Ona görə idarəetmədə yeniliklər məsələsi haqlı olaraq gündəmə gəlir".