Avropa İttifaqı Qarabağda... ! - “Aləm cənnətə dönəcək”

“Aİ-nin üzvü və Azərbaycana dost olan ölkələrin nümayəndələrinin Qarabağdakı layihələrdə iştirakı yaxşı haldır”

Bu günlərdə -dekabrın 18-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib. İclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Aİ isə xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclasda tərəflər Əməkdaşlıq Şurasının son iclasından etibarən Aİ və Azərbaycan arasındakı əməkdaşlıq münasibətləri və bu xüsusda əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparıblar. C.Bayramov regiondakı son vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verib. C.Borel hazırda bölgədə ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsinin vacibliyini və bu xüsusda Aİ-nin yardım göstərməyə hazırlığını qeyd edib. Münaqişə sonrası bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakı mümkünlüyü vurğulanıb. İclas zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.



Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında Avropa İttifaqının Qarabağda bərpa və yenidənqurma işlərində iştirakının müsbət hal olduğunu deyib. Parlament üzvü xatırladıb ki, cənab Prezident bütün dost ölkələri Qarabağda həyata keçirilən böyük layihələrdə iştiraka dəvət edib:

“Düşünürəm ki, Avropa İttifaqı Azərbaycanın tərəfaşıdır. Əlbəttə, bir neçə ölkəni istisna edirik. Çünki Aİ-yə üzv olan bəzi ölkələr öz parlamentlərində qeyri-qanuni qərarlar qəbul ediblər.

Fikrimcə, Aİ-nin üzvü və Azərbaycana dost olan ölkələrin nümayəndələrinin Qarabağdakı layihələrdə iştirakı yaxşı haldır.

Bu proses tezliklə Azərbaycana Qarabağı cənnətə çevirməyə şərait yaradacaq”.