Xankəndidəki erməni evlərini pulla almaq mənasızdır

Sadəcə olaraq, Azərbaycan əhalisinin artıq ora köçürülməsinə başlanılmalıdır

Xankəndidə ermənilər evləri təcili şəkildə satışa qoyublar. Müxtəlif ev elanı saytlarında yerləşdirilən evlərin təcili satıldığı bildirilir. Diqqət çəkən məqamlardan biri isə odur ki, evlərin böyük əksəriyyəti bütün əşyaları ilə birlikdə satışa qoyulub. Evlər təcili satıldığı üçün bazar qiymətindən aşağıdır.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Şərq”ə açıqlamasında vurğulayıb ki, ilk növbədə bu məsələnin həqiqiliyi araşdırılmalıdır. QAT sədri qeyd edib ki, artıq bir müddətdir ki, ermənilərin Xankəndində qalması və yaşaması üçün dilə tutulurlar:

“Amma görünən odur ki, onlar nə qədər dilə tutulsalar da, müəyyən şirnikləşdirici vasitələrə əl atılaraq Xankəndinə yenidən gətirsələr də, başa düşürlər ki, orada müvəqqətidirlər. Azərbaycan ordusu və dövləti gəlir. Onlar da gec-tez oradan çıxmalı olacaqlar. Ona görə də bu proses başlayıb. Hesab edirəm ki, bu, obyektiv və düzgün bir prosesdir. Belə də olmalı idi! Təbii ki, biz onları oradan çıxartmırıq. Dəfələrlə Azərbaycan hökuməti də bildirib ki, yaşamaq istəyirlər yaşasınlar, yəni biz onları heç nəyə məcbur etmirik”.

A.Nağı azərbaycanlıların həmin evləri almaq məsələsinə də toxunub:

“Azərbaycanlıların həmin evləri almağına heç bir ehtiyac yoxdur. Oradakı evləri almaq, ona pul xərcləmək hesab edirəm ki, mənasızdır. Sadəcə olaraq, Azərbaycan əhalisinin artıq ora köçürülməsinə başlanılmalıdır. Yəni əhali Xankəndinə, orada yaşadıqları öz evlərinə qaytarılmalıdır. Bunu tələb etmək lazımdır. Çünki həmin evlərin hamısının ünvanları var. Hazırda Xankəndində yaşayan azərbaycanlıların sayı 12-13 mindir. Hər kəs öz evini, ünvanını tələb etməlidir. Dövlət səviyyəsində onların öz doğma evlərinə qaytarılması tələb olunmalıdır”.