İctimai nəzarət, şəffaflıq olsa xeyli iş görmək olar

Dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimiz üçün 2,2 mlrd manat vəsait ayrılacaq – az məbləğ deyil

2021-ci il dövlət və icmal büdcənin layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub. Azərbaycan Maliyyə Nazirliyindən verilən məlumata görə, 2021-ci il dövlət və icmal büdcənin layihələri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi ölkənin qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı, habelə dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri üzrə qarşıda duran vəzifələr əsas götürülməklə tərtib edilib.

Növbəti ilin dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri 2020-ci ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında vurğulayıb ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat nəzərdə tutulur və bu da 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 faiz çoxdur. Ekspert əlavə edib ki, 2021-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirləri 11,851 milyard manat nəzərdə tutulub:

“Məlumata görə, gəlirlərin 48,7 faizini və yaxud 5 674 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 33,5 faizini və yaxud 3 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 7,6 faizini və yaxud 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, 8,1 faizini və yaxud 947 milyon manatını isə digər gəlirlər təşkil edəcək . Bir daha, bu proqnozdur, həyata keçməsi üçün iqtisadi aktivlik də bərpa olunmalıdır, bu isə çox çətin məsələdir. 2020-ci il kiçik-orta sahibkarları dizi üstə qoyub, onların özünə gəlməsi üçün böyük maliyyə dəstəyi lazımdır ki, o da 2021-ci büdcəsində görünmür”.

Ekspert qeyd edib ki, Neft Fondundan büdcəyə transferi dəyişmir:

“2020-ci ilin avqust büdcə düzəlişlərində nə qədər idisə, o qədər də qalır – 12 mlrd. 200 mln. manat. Bu isə o deməkdir ki, büdcənin neftdən asılığı azalmır, azalması üçün institusional heç bir ciddi addımlar atılmır.

Büdcə kəsrinin həcmini və başqa dolayı parametrləri nəzərə alsaq, 2021-ci il büdcəsindən devalvasiya “qoxusu” gəlir. Ola bilər ki, bu addımı bu il yox, gələn ilin fevral-mart aylarında atsınlar.

Dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimiz üçün 2,2 mlrd manat vəsait ayrılacaq – az məbləğ deyil, ictimai nəzarət, şəffaflıq olsa xeyli iş görmək olar. 2021-ci ildə Azərbaycan büdcədən 2,2 mlrd. manat ayırıb xarici borc (o cümlədən 466,27 milyon manatı faiz ödənişləri) qaytaracaq.

Gələn il büdcə kəsrinin bir hissəsini maliyyələşdirmək üçün Azərbaycan 2 milyard manatlıq dövlət istiqrazı yerləşdirməyi planlaşdırır ki, bu da elə əlavə borclanmaq deməkdir”.