Suraxanı bir həftədir susuz qalıb

Dövlət büdcəsindən ən çox maliyyə ayrılan "Azərsu"dur, amma su təchizatını normala sala bilmirlər

“Bir həftədir Suraxanıda su yoxdur. Susuz qalmışıq. Müvafiq nömrəyə zəng etdik. Amma su o qədər az gəldi ki, heç bir qab da doldura bilmədik”.
 Bu sözləri tanınmış tarixçi-alim Kərəm Məmmədov redaksiyamıza açıqlamasında deyib. O, indiki şəraitdə belə bir məsuliyyətsizliyin yolverilməz olduğunu deyib.

"Altay" Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı bu barədə “Şərq”ə danışarkən səlahiyyətli qurumu sərt tənqid edib: “Hazırkı mövsümdə su çatızmazlığının heç bir izahı yoxdur.

"Azərsu" çox vaxt müxtəlif yerlərdə belə edir və sakinlərə heç bir məlumat vermədən suyu kəsir. Şikayət və zənglərə də əhəmiyyət vermirlər. Bu cür məsuliyyətsizlik olmaz! Su qaz və ya elektrik deyil ki, bir neçə gün olmamasına dözəsən. Həyat üçün ən vacibi sudur.

Bunu təmin edə bilmirlərsə, istefa verib gedib bacardıqları işlə məşğul olsunlar. Abonentlərə problem və əhalidə narazılıq yaratmasınlar. Dövlət büdcəsindən ən çox maliyyə ayrılan, xarici fondlardan ən çox vəsait cəlb edilən təşkilatlardan biri də "Azərsu"dur.

Bu qədər maliyyənin qarşısında bunlar hələ də su təchizatını normala sala bilmirlər. İndi hesabat versinlər görək, o pullar hara, necə, nə vaxt xərclənib, niyə regionlar bir yana qalsın, paytaxtda əhali hələ də sudan “korluq” çəkir?!

Üstəlik, verdikləri su da bir çox yerlərdə pis vəziyyətdədir, filtrdən keçirilmədən içilməsi mümkün deyil. Hazırda virusun yayıldığı, yoluxmaların artdığı bir vaxtda suyun təmizliyi yüksək səviyyədə olmalıdır.

Lakin belə deyil. Nə etmək lazım olduğunu dəqiq bilmirəm. Dəqiq bildiyim odur ki, haqqında ən çox şikayət edilən orqanlardan biri olan "Azərsu" rəhbərliyi istefaya göndərilməlidir. Yaxşı olar ki, özləri könüllü istefa versinlər. İşləyə bilmirlərsə, çəkilsinlər kənara, işləyə bilənlər gəlib işləsin.

Belə bir həssas vaxtda əhalidə sosial narazılıq yaratmaq lazım deyil”.