“Doing Business 2020” hesabatı !- «Azərbaycan ən cəlbedici ölkələrdən biridir”

“Azərbaycanın bu yeni göstəricisi ölkəyə xarici investisiyaların cəlbinə, iqtisadi potensialın tanıdılmasına yardım göstərir”

“Bununla yanaşı islahatların gedişində ölkənin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına müsbət təsir edir” 




“Ötən illər ərzində Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində Azərbaycan “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib”.

Bu sözləri “Sherg.az”a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Xanım parlamentarinin sözlərinə görə, son illərdə Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar ölkənin maliyyə imkanlarının daha da genişlənməsini, xarici investisiyaların cəlb olunmasını  sürətləndirib:

“Beyəlxalq arenada ölkənin artan nüfuzu, siyasi və makroiqtisadi sabitlik, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Azərbaycanın Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi mühüm əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu göstəricinin əsasında ölkədə 2015-ci ildən etibarən daha da dərinləşərək davam edən  sosial-iqtisadi islahatlar dayanır. Bu nəticə özlüyündə Azərbaycanda aparılan islahatlara beynəlxalq qiymətin verilməsidir. Sözsüz ki, Azərbaycanın bu yeni göstəricisi ölkəyə xarici investisiyaların cəlbinə, iqtisadi potensialın tanıdılmasına və təqdim olunmasına yardım göstərir. Bununla yanaşı islahatların gedişində ölkənin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına müsbət təsir edir”. 
Həmçinin T.Cəfərova bildirib ki, 2002-ci ildən dərc olunan “Biznesin asanlaşdırılması”  (“Doing business”)  tədqiqatına  Azərbaycan 3 il sonra cəlb olunub:

“Hazırda bu hesabat  Azərbaycanda biznesin durumunun  dəyərləndirilməsində  ən çox istinad edilən beynəlxalq mənbə sayılır.  Müxtəlif vaxtlarda Azərbaycanın göstərdiyi nəticələr ölkəmizdə davam edən islahatların inkişaf dinamikasını özündə əks etdirir. Azərbaycan “Doing Business 2012” reytinqində mövqeyini üç pillə yaxşılaşdıraraq, 2011-ci ildə  tutduğu 69-cu yerdən 66-cı yerə yüksəlib. Daha bir neçə il sonra-2017-ci ildə isə 65-ci pillədə qərarlaşıb. Bir il sonrakı hesabatda Azərbaycan 8 pillə yüksələrək 57-ci yerə qalxıb. “Doing Business 2019” hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yerdə qərarlaşıb”.

T.Cəfərova xüsusilə vurğulayıb ki, “Doing Business”in qeydə alınma prosesi qanunvericiliyin təkmilləşdirilməsi, praktiki icra və sahibkarların istifadəsi nəticəsində müsbət rəyin verilməsi mərhələləri olaraq ardıcıl şəkildə həyata keçirilir:

« Hesabatın hazırlanması zamanı 4 əsas informasiya mənbəyi: müvafiq qanunlar və qanunvericilik aktları, respondentlərlə − sahibkarlarla aparılmış sorğuların nəticələri, ölkənin hökuməti və Dünya Bankının regional əməkdaşları tərəfindən verilən məlumatlardan istifadə edilir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının 28 illik tarixi var. Dünya Bankı Azərbaycanın iqtisadi potensialını hər zaman müsbət qiymətləndirmiş və inkişafına dəstək verib».

Sonda millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində həyata keçirilən sosial-iqtisadi islahatlar bəhrəsini verməkdə davam edir :

«Azərbaycanın Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi ölkəmizdə həyata keçirilən islahatlara verilən beynəlxalq dəyərdir ».