Təklif dəstəkləndi: “Solovyov kimiləri “neytrallaşdırmağa” ehtiyac var” 

Mübariz Əhmədov: “Həftədə 1 dəfə olmaqla rus dilində 1 saat 30 dəqiqəlik analoji proqram hazırlansın”

“Hər verilişdə Rusiya TV-lərinin Azərbaycan, eləcə də Türkiyə əleyhinə qaldırdığı məsələlərə uyğun olaraq çox kəskin cavab verilsin”

Qulu Məhərrəmli: “Bu, ən azı keçmiş sovet məkanında, o cümlədən Rusiyada və Ermənistanda ictimai şüura təsir etməyə şərait yaradacaq”



 Bakı Slavyan Universitetinin (BSU) Jurnalistika fakültəsinin dosenti Mübariz Əhmədov özünün “Facebook” hesabında maraqlı təkliflə çıxış edib. O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında döyüşlər başa çatsa da, ancaq informasiya müharibəsində döyüşlər hələ bitməyib və çox güman ki, heç bitməyəcək də:

“Rusiya telekanallarında azərbaycanlı ekspertlərə öz fikirlərini ifadə etməyə qəsdən lazımınca şərait yaradılmır. Belə layihələrə ölkəmizdə  çox ehtiyac var. Təklif edirəm Rusiya telekanallarında yayınlanan – Rusiya 1-də “60 dəqiqə” və “Veçer Vladimirom Solovyovım”, NTV-də Roman Babayanın "aparıcısı" olduğu “Svoya pravda”, ORT-də yayınlanan “Vremya pokajet” və digər bu kimi proqramlarda özlərini jurnalist hesab edən şovinist “aparıcıların”, həmçinin, “ekspert” qismində ermənipərəst “siyasətbazların” cavabını vermək üçün, bizim İTV kanalında həftədə 1 dəfə olmaqla rus dilində 1 saat 30 dəqiqəlik analoji proqram hazırlansın. Hər verilişdə qarşı tərəfin Azərbaycan, eləcə də Türkiyə əleyhinə qaldırdığı məsələlərə uyğun olaraq çox kəskin cavab verilsin. Sonra bu verilişlər “Youtube” üzərindən də yayınlansın. Düşünürəm ki, bizdə bu işin öhdəsindən gələ biləcək kifayət qədər rusdilli politoloq və jurnalistlər var”.

 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında təklifin zəruriliyindən danışıb:

 “Əlbəttə, Azərbaycana ünvanlanmış yalanların, ittihamların qarşısını almağa, xüsusilə Solovyov kimiləri “neytrallaşdırmağa” ehtiyac var. Bizim CBC kanalımızda həm rus, həm ingilis dilində çox səviyyəli proqramlar yayınlanır.

Yəni ideya özü yaxşıdır. Sadəcə onu necə reallaşdırmaq barədə düşünmək lazımdır. Belə ki, bizim ayrı-ayrı kanallarımızda debat xarakterli verilişlər var.

Lakin onların çoxu “quru” və cansıxıcıdır. Sözügedən verilişləri Rusiya məkanına çıxarmaqdan ötrü bacarıqlı aparıcıya, savadlı ekspertə və güclü rejissor işinə ehtiyac var”.

Q.Məhərrəmli, həmçinin başqa təkliflər də səsləndirib:

“Əslində bu işi televiziya mühitində görmək şərt deyil. Xüsusi bir elektron jurnal yaradıla və ya “Youtube” platformasında ayrıca kanal açıla bilər. Bütün hallarda yüksək intellektə və böyük maliyyəyə ehtiyac olduğu aydındır. Lakin dediyim kimi, təklifi dəstəkləyirəm.

Bu, ən azı keçmiş sovet məkanında, o cümlədən Rusiyada və Ermənistanda ictimai şüura təsir etməyə şərait yaradacaq. Hətta çox istərdim ki, erməni dilində də, heç olmasa, bir radio kanalı açılsın.

Qoy, Qarabağdakı ermənilər həqiqəti eşitsinlər, bilsinlər. Onlar illər uzunu ancaq birtərəfli, özü də yalan “informasiya” alıblar”.