“Prezident doğum günündə də hərbçilərin yanında oldu” - Böyük jest

“Dövlət başçısı göstərir ki, o, həqiqətən də hər kəsin - bütün azərbaycanlıların prezidentidir”


Dekabrın 24-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar. Ali Baş Komandan Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşüb. Məlumdur ki, dünən ölkə başçısının doğum günüdür. Cənab Prezidentin hər il doğum günündə hərbçi və əsgərlərimizlə görüşməyi, şəhid ailələri və qaçqınlarla birlikdə olmağı bir ənənəyə çevrilib.


Bütün bunlar dövlət başçısının əsgərlərimizə və hərbçilərimizə olan daimi diqqət və qayğısını göstərir.



Millət vəkili Tahir Kərimli “Sherg.az”a bildirib ki, Prezidentin doğum günündə belə hərbçilərimizin yanında olması böyük jest kimi dəyərləndirilməlidir:

“Ali Baş Komandan 17 illik hakimiyyəti dövründə möhkəm iqtisadi platforma yarada bildi. Azərbaycanda iqtisadi artım o vəziyyətə gəldi ki, hərbi silahlanmaya kifayət qədər pul ayırıldı və güclü ordu formalaşdırıldı.  Nəticədə beynəlxalq tədbirlər və multikultural dəyərlərlə özünü dünyada tanıdan Azərbaycan şərəfli bir zəfər qazandı.

Bu, Ali Baş Komandanımızın qətiyyəti sayəsində baş tutdu.

Son 215 ildə ilk dəfə Azərbaycan torpaqları bütövləşdi. Ona görə də İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı. Kimsə bunu dana bilməz. Ölkə başçısı Azərbaycanın şərəfini bərpa etdi, özünün və vətəndaşlarımızın başını uca tutdu”.

T.Kərimli qeyd edib ki, ölkə başçısının hər dəfə ad günlərini qaçqın və köçkünlərlə, şəhid ailələri ilə birgə keçirməsi xalqın qəlbində böyük rəğbət hissi oyadır:

“Əslində Qubadlıya səfər olduqca risklidir. Əhalinin bilmədiyi məqamlar var. Buna baxmayaraq, dövlət başçısı göstərir ki, o, həqiqətən də hər kəsin - bütün azərbaycanlıların prezidentidir. Prezidentin qarşısında duran əsas məqsəd azad edilmiş torpaqlarımızın bərpası və quruculuq işlərinin aparılmasıdır. Ölkə başçısını təbrik etmişəm. Fürsətdən istifad edib, onu bir daha doğum günü münasibəti ilə təbrik edir, uğurlar arzulayıram. Özündən muğayət olsun, çünki o, Azərbaycana lazımdır”.