Professor: “Qarabağda teleradio yayımı mütləq reallaşmalıdır”

“Televiziya kanallarının Qarabağdan reportaj hazırlaması çox müsbət haldır”
 
“Lakin bu, davamlı, nizamlı olmalıdır”


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək. Qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar. 

Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tamamilə dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunmuş rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədi ilə hazırlıq görülür. 

Belə ki, ilkin olaraq Şuşa və Xocavənd rayonunun Hadrut Radio-Televiziya Yayım Stansiyasının işinin bərpa edilməsi məqsədi ilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaq. 

Texniki hazırlıq işləri başa catdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq. 

Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və bir xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran və Ağdamı, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.

BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında bu təşəbbüsü yüksək qiymətləndirib:

“İşğal azad edilmiş torpaqlarımızda həyat tədricən bərpa olunur. Fərqli insrastukturlar artıq Qarabağa köçürlər. Əlbəttə, oradan nəinki informasiya verilməsi, eyni zamanda lazımi şəraitin yaradılması çox vacibdir. Ayrı-ayrı televiziya kanallarının Qarabağdan reportaj hazırlaması çox müsbət haldır. Lakin bu, davamlı, nizamlı olmalıdır. Ona görə də qaldırılan təşəbbüs mütləq reallaşmalıdır. Həmin işlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul olmalıdır.  Bu, onların həm vəzifəsi, həm də borcudur”.