Qazi dəyişikliyi alqışladı: “Hərbçilərin övladlarına müavinətlər...” 

“Müharibə zamanı Vətənə yardım etmək üçün öz canını təhlükəyə atan oğullarımız var”

“Bu baxımdan onların övladları üçün sosial müavinətlərin verilməsi çox gözəl addımdır”

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 
“Sherg.az”xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 
Dəyişikliyə əsasən, bundan sonra müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək. Müavinətin verilməsi həmin şəxsin həqiqi hərbi xidmətdə olduğu müddəti əhatə edir. 
Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev “Sherg.az”a bildirib ki, bu, çox gözəl təşəbbüsdür:“Lakin qanunvericilikdə belə bir məqam var: Məsələn, hərbçi hərbi qulluğunu bitirən kimi onun uşaq pulu müavinəti kəsilir. Kimsə hərbidən imtina edir və bu sahədə işləmək istəmir deyə bu yardımdan məhrum ola bilər. Amma ümumilikdə bu məsələlərə yenidən baxılmalıdır. Çünki elə qazilərimiz olur ki, sona qədər döyüşmək istəsə də, səhhətləri imkan vermir və hərbi qulluqlarını başa vururlar. Lakin  bu şəxslərin övladları üçün sosial yardımlar edilməlidir”.

N.Mehdiyev qeyd edib ki, neçə il xidmət edilməsindən asılı olmayaraq hərb hər zaman yüksək peşələrdən biridir:

“Müharibə zamanı Vətənə yardım etmək üçün öz canını təhlükəyə atan oğullarımız var. Bu baxımdan onların övladları üçün sosial müavinətlərin verilməsi çox gözəl addımdır”.