Qarabağı dirçəldəcəyik...


Yeni yaradılan fond işğaldan azad edilmiş ərazilərin dirçəldilməsində əsas lokomativ olacaq

Ərazilərimiz qısa bir zamanda bərpa olunarsa, bu, dövlətimizin də, yurd-yuvalarından didərgin salınmış vətəndaşlarımızın da mənafeyinə xidmət etmiş olacaq


Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə Böyük adlandırılırsa, bu, bir neçə amilə bağlıdır. Ən əsası əlbəttə ki, 28 il işğal altında saxlanılan ərazilərimizin düşmən tapdağından xilas edilməsi, ərazi bütövlüyümüzlə yanaşı suverenliyimizin də bərpası, Azərbaycan coğrafiyasının bütövləşməsi, mənfur, xain düşmənin ölkəmizin hüdudları daxilində - Qarabağda qaladığı separatizm alovunun söndürülməsidir. Sonrakı amillər də məhz döyüş meydanındakı zəfərin məntiqi davamıdır: milli birlik, vətəndaş həmrəyliyi, xalqın yumruq kimi birləşib düşməni əzməsi, milli-mənəvi dəyərlərimizin ali səviyyədə təcəssümü.

Ön cəbhədə sinəsini sipər edən əsgərə arxa cəbhədəki insanımızın bütün varlığı ilə dayaq durması, beynəlxalq aləmdə gücümüzün təsdiqi, dünya dövlətləri arasında var olan nüfuzumuzun daha da artması. 2020-ci ilin Qələbəsi bizə elə ali duyğular yaşadıb ki, söyləməklə bitməz. Lakin müharibə bitib. Döyüşlərin aktiv fazası, desək, daha doğru olar. Hətta 3 tətəfli Bəyannamə imzalandıqdan sonra da biz düşmənin xain planlar həyata keçirmək istədiyini görürük, müşahidə edirik. Ordumuz, rəşadətli əsgərlərimiz onlara layiq olduqları cavabı verir. Düşmənin məkrli, xain, hiyləgər olduğunu da unutmuruq. Bu mənada Vətən savaşımızın hələ də davam etdiyini, ölkə daxilində düşmən hiylələlərin qarşısını hələ çox almalı olacağımızı da bilirik. Siyasi müstəvidə də mübarizə davam edir. Azərbaycan dövləti hər zaman olduğu kimi yenə bir neçə cəbhədə mübarizə aparır. Belə şəraitdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti danılmazdır. Həm Vətən müharibəsinin gedişində, həm də hazırda yaşadığımız post-müharibə dövründə xalqımız cənab Prezidentin Silahlı Qüvvələr, ordumuz, əsgər və zabit heyəti ilə bağlı gərəkli sərəncam və fərmanlar imzaladı. Onlardan  biri “Yaşat” Fondunun yaranması ilə bağlı oldu. Bu Fondun vəzifəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş, əlil olmuş, yaralı əsgərlərə, şəhid ailələrinə dəstək göstərməkdir. Bu istiqamətdə fəaliyyət artıq başlayıb. Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi yaralı qazi ailələrinə və şəhid ailələrinə gedir, onların ehtiyaclarını öyrənir. Ehtiyaclar dəyərləndirilməsinin yekunu olaraq ailələrə konkret maddi yardım göstəriləcək, müalicə ehtiyacları ödənəcək. Növbəti fərman isə işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin aparılması, vəhşi düşmənin darmadağın etdiyi, taladığı, viran qoyduğu ərazilərimizin dirçəldilməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasıyla bağlıdır. Belə bir Fondun yaradılmasına dair fərman imzalanmasının hansı hədəflərə hesablandığını bilmək üçün Fondla bağlı məlumatlara diqqət edək. Əlbəttə, bu birmənalıdır ki, Fondun yaradılması dövlət və vətəndaş maraqlarına hesablanıb. Ərazilərimiz nə qədər tez, qısa bir zamanda bərpa olunarsa, bu, dövlətimizin də, eyni zamanda 28 il əvvəl doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın da mənafeyinə xidmət etmiş olacaq. 

Dirçəliş Fondunun hədəfləri         

Qeyd etdiymiz kimi Azərbaycan  Prezidenti İlham Əliyevin 04 yanvar 2021-ci il tarixli fərmanıyla "Qarabağ Dirçəliş Fondu" yaradılıb. Prezidentin başqa bir sərəncamı ilə ölkənin ictimai-siyasi və mədəni sahədə çalışan doqquz nəfər fondun Müşahidə Şurasına üzv təyin edilib. Prezidentin saytının məlumatına görə, fond işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması üçün ölkə daxilində və xaricində sərmayələrin cəlb edilməsini təmin edəcək.
Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurumdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı əsasında publik şəxs kimi yaradılıb.
Məlumdur ki, erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilib, dağıdılıb. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. “Qarabağ Dirçəliş Fondu”nun publik hüquqi şəxs kimi yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirməkdir.

İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də əsas məqsədlərdəndir.

Fondun vəsaitləri isə fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. 
Prezidentin fərmanına əsasən Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Fondun fəaliyyətinə cari rəhbərliyi isə 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib. Həmçinin fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi, strukturunun təsdiqi, idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurası üzvlərinin, İdarə Heyəti sədrinin və sədrin iki müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, ləğvi və yenidən təşkili məsələləri də Azərbaycan prezidentinin səlahiyyətləri daxilindədir.

İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq edilib. Prezidentin sərəncamıyla İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, deputat Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Dillər Universitetinin rektoru, professor Kamal Abdulla, İqtisad Universitetinin rektoru Ədalət Muradov və Xalq artisti Alim Qasımov da Müşahidə Şurasının üzvləri təyin olunublar.

Dirçəliş Fondu milli həmrəyliyimizi yüksəkdə saxlayacaq 

Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı Fond barədə fikirlərini bildirərkən söyləyib ki, millətimizin və dövlətimizin tarixində örnək olan bu Fondun yaradılması təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyətlidir: 
- Hər şeydən əvvəl, əgər müharibə günlərində millətimizin birlik rəmzi olan “dəmir yumruq” hamını birləşdirib düşmənin başını əzmişdisə, indi bu yumruq dünyanın harasında yaşamasından asılı olmayaraq, millətimizin nümayəndələrini Qarabağın xarabazarlıqdan xilas edilib dirçəldilməsi və dinc quruculuq işləri ətrafında yenidən birləşdirir. Atalar yaxşı deyib ki, dirilik birlikdədir.

İnsanlarımızın həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə fəxr edəcəklər. Tarixən belə olub: əsgər canı, qanı, digəri əməyi, başqa birisi maddi vəsaiti, sözü ilə Vətənə və dövlətə xidmət edib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz artıq öz sözünü deyib. İndi söz dirçəldənlərin, bərpaçıların, bütün millətindir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün təqribən 30 il gözləmişdiksə, inanıram ki, dövlətimizin başçısının liderliyi ilə Qarabağın dirçəldilməsi çox qısa müddətdə olacaq. Bu prosesin tez başa çatması bizlərin də iştirakından asılıdır. 

"Qarabağ hazırda xarici investorlar üçün ən cəlbedici məkandır"

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Qarabağ Dirçəliş Fondunun yaradılması vacib məqamdır: 
- Ölkənin təbii sərvətlərindən dövlət və xalqın mənafeyi üçün istifadə olunması praktikası Azərbaycan dövlətçiliyində artıq mövcuddur. Bilirsiniz ki, neft gəlirlərinin idarə olunması ilə bağlı uzun illərdir Dövlət Neft Fondu fəaliyyət göstərir.

Ölkədə həlli gərəkən neçə-neçə məsələ, problem məhz bu Fondun gəlirləri hesabına, Fondun dəstəyi ilə həll olunub və həll olunur. Azərbaycan hakimiyyəti təbii ehtiyatların akkumulyasiya sistemini yarada bildisə, işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi istiqamətində də yeni strategiyaları hərəkətə gətirməklə məqsədinə nail olacaq. Buna şübhə belə olmamalıdır.

Fond işğaldan azad edilmiş ərazilərin dirçəldilməsində əsas lokomativ olacaq. Biz 44 günlük müharibədə dünyaya bir sıra nümunəvi örnəklər verdik. 44 gündə Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik, güc, birgəlik son 100 ildəkindən qat-qat artıq oldu.

Bütün bunları dünya da görür. İşğaldan azad edilmiş Qarabağ hazırda xarici investorlar üçün ən cəlbedici məkandır. Azərbaycanın son 30 ildə regionda həyat keçirdiyi meqalayihələri də bura daxil etsək – Bakı-Tbilisi Ceyhan, Bakı-Ərzurum, Bakı-Qars dəmir yolu, Cənub Qaz Kəməri layihələrini, Azərbaycanın nəhəng enerji layihələrinin icrasında böyük təcrübəyə malik olduğu görünür.

Bunu dünyanın aparıcı şirkətləri, böyük investorlar da bilir. Azərbaycan hətta əraziləri işğal altında olduğu illərdə də etibarlı, sabit tərəfdaş idi. Regionda sabitliyin əsas qarantı idi. İndi vəziyyət Azərbaycanın xeyrinə daha da əlverişli, daha da müsbət və daha da cəlbedici olub. Əsas məsələ nədir, qısa bir zamanda hərəkətə keçmək və xarici investorları əlbəttə ki, həm bizim üçün, həm də onların özü üçün cəlbedici şərtlərlə Qarabağa cəlb etmək. Amma ilk növbədə dövlət və milli maraqları qorumaqla.

Və Qarabağı dirçəltmək. Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti və əsas məqsədi bu olmalıdır. “Yaşat” Fondu ölkə daxilində şəhid ailələrinin, yaralı əsgərlərimizin, qazilərimizin ehtiyaclarının ödənməsi ilə məşğul olursa, Dirçəliş Fondu müzəffər ordumuzun düşməndən təmizlədiyi Qarabağ ərazilərini dirçəltmək olmalıdır. Bunun üçün də həm yerli investorlar, həm də xarici investorlar Qarabağa cəlb edilməlidir.

Bu işdə hər birimiz aktiv olmalıyıq. Torpaqlarımızın bərpasında, Qarabağımıza həyatın, əsgərlərimizdən sonra həm də mülki şəxslərin, vətəndaşlarımızın qayıdışı ilə can verməliyik. Orda müəssisələr açılmalı, iş yerləri yaradılmalı, təbii sərvətlərdən düzgün və məqsədyönlü şəkildə istifadə olunmalıdır.