“Şəhid ailələri və qazilərin mənzil problemi həllini tapacaq”

Dünən Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirib. Ölkə başçısı müşavirədə vacib məqamları qeyd edib. Prezident işğaldan azad edilmiş ərazilərdə məskunlaşma ilə bağlı vacib göstərişlər verib. Dövlət başçısının sözlərinə görə, aidiyyəti qurumlar, hökumət, Prezident Administrasiyası kəndlərin optimal say tərkibini müəyyən etməlidir:
“Hər şəhər üzrə vahid konsepsiya olmalıdır. Eyni zamanda, kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır. Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı çox az idi, təqribən 20 nəfər, 30 nəfər, 50 nəfər. Əlbəttə, ilk növbədə, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq”.

Prezident həmçinin vurğulayıb ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək:

“Bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu. Əmək və əhalinin sosial müdafiəsi naziri bu yaxınlarda mənə məruzə edib ki, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq. Bu proqram bu il də davam etdirilməlidir. Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir. Onu da bildirməliyəm ki, bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək”.

2020-ci ilin xalqımız üçün tarixi il olduğunu deyən “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri, Qarabağ qazisi Firidun Məmmədov “Sherg.az”a bildirib ki, dövlətimiz tərəfindən məcburi köçkünlərə on minlərlə ev tikilib:

“İndi isə köçkünlərimizə doğma yurdlarına evlər tikiləcək. Təbii ki, bütün bunları hər birimiz üçün böyük sevincdir. Evlərindən didərgin düşən vətəndaşlarımız işğaldan azad edilən rayonlarımıza qayıdacaqlar. Əvvəlcədən onlar üçün tikilən evlərin xalqımızı qoruyan, torpaq üçün can qoyan şəhid ailələrinə verilməsi çox gözəl addımdır. Cənab Prezidentə dərin təşəkkürlərimi bildirərəm ki, ən vacib məqamda bu qərarı qəbul etdi. Şəhid ailələri və Qarabağ əlilləri arasında aztəminatlı və mənzil şəraiti pis olanlar var. İnanırıq ki,onların da mənzil problemi həllini tapacaq. Qısa zamanda məcburi köçkünlərimiz də doğma yurdlarında məskunlaşacaqlar”.