“Atom silahı” ermənilərin utopiyasıdır

Çıxılmaz vəziyyətdə olduqları üçün ağıllarına gələni danışırlar

Məğlub Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantılarından hərbi məqsədlər üçün istifadə edilməsi məsələsi media və parlamentarilər arasında müzakirə olunmaqdadır. Mövzunun gündəmə daşınmasına səbəb Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Akop Vardanyanla deputat Mikael Melkumyan arasında baş tutan dialoqdur. Melkumyanın “bu tullantıların hərbi məqsədlər üçün istifadəsi ehtimalı varmı” sualına nazir müavininin cavabı belə olub: “Bu mümkündür. Kimya dərslərindən bilirik ki, plutonium atom bombası əldə etmək üçün əsas elementdir və uran yandıqda əmələ gəlir”.

“Atom silahı” mövzusu erməni siyasi dairələrin də diqqətini çəkib. Bəzi politoloqlar etiraf ediblər ki, Ermənistan Azərbaycan və Türkiyə qarşısında gücsüzdür və təkbaşına bu iki dövlətlə bacara bilməyəcək. Digər tərəfdən vurğulayıblar ki, müttəfiqləri - Rusiya və Fransa Ermənistanı məğlubiyyətdən xilas edə bilməyib. Ona görə də Ermənistan “xilası” haqqında təkbaşına düşünməli və bu məqsədlə atom silahı əldə etmək üçün çalışmalara başlamalıdır. İddia edirlər ki, guya, atom silahı əldə etmək üçün Ermənistanın kifayət qədər mütəxəssisi var. Ekspertlətin fikrincə, Ermənistanın “atom silahı” əldə etməsi xülya olsa da, Yerevanda bu cür təhlükəli müzakirələrin getməsi diqqətdən yayınmamalıdır.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Şərq”ə bildirib ki, beynəlxalq qanunlara görə, atom elektrik stansiyalarının tullantılarından istifadə yolverilməzdir. QAT rəhbərinin sözlərinə görə, heç bir məqsədlə radioaktiv tullantılardan faydalanmaq olmaz:

“Hətta kimyəvi tullantıların torpağa basdırılması prosesi belə ciddi nəzarət altında həyata keçirilir. Azərbaycan tərəfi uzun müddət "Metsamor" AES-lə bağlı narahatlığını beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Köhnə və yararsız vəziyyətə düşmüş stansiyanın təkcə Ermənistan deyil, region üçün risk daşıdığını dəfələrlə gündəmə daşımışıq.

Ermənilər “Metsamor”un təhlükəli tullantılarını Azərbaycanın işğal olunmuş ərazilərində də basdırıblar. İşğaldan azad edilmiş ərazilərin radioaktiv zəhərlənmə səviyyəsinin yoxlanılması üçün komissiya yaradılıb. Bir müddət əvvəl rəsmi Bakının təşəbbüsü ilə qonşu ölkələrin nümayəndələrinin iştirakı ilə anti-Metsamor koalisiyası yaradılmışdı.

İran, Gürcüstan və Türkiyə rəsmiləri təhlükəli stansiyanın bağlanmasını tələb edirdilər. Əfsuslar olsun ki, Ermənistanın cinayətlərinə beynəlxalq reaksiyaların şahidi olmuruq”. 

A.Nağı vurğulayıb ki, bu cür cinayət xarakterli açıqlamalar Ermənistan hakimiyyətinin nə dərəcədə başıpozuq və məsuliyyətsiz olduğunu göstərir:

“Ermənistan kimi bir ölkənin bunu reallaşdırması mümkün deyil. “Atom silahı” ermənilərin utopiyasıdır. Çıxılmaz vəziyyətdə olduqları üçün ağıllarına gələni danışırlar. Hər halda yüksək siyasi dairələrdə kimyəvi silah mövzusunun müzakirəsi təhlükəlidir. Beynəlxalq məhkəmələr Ermənistanı məsuliyyətə cəlb etməli və bu cür təşəbbüslərə sərt reaksiya bildirməlidirlər”.