Paşinyanın getməsini nə Qərb istəyir, nə də Rusiya

Sosial şəbəkələr üzərindən vəziyyət fərqli görünür

"Əgər Ermənistanda real və obyektiv sorğu keçirilərsə, 60 faiz respondent Paşinyanı dəstəkləyəcək"

Ermənistan hakimiyyəti növbədənkənar seçkiyə hazırlaşır. “Joxovurd” qəzetinin məlumatına görə, Baş nazir Nikol Paşinyan fərqli siyasi xadimlərlə görüşlər keçirir. Paşinyanın seçkiqabağı blok yaratmaq fikrində olduğu, buraya Arman Babacanyanın Respublika Adına Partiyasını və Edmon Marukyanın İşıqlı Ermənistan Partiyasını qatmaq niyyəti vurğulanır. Baş nazir hakimiyyətə gəldiyi gündən müstəqil siyasət yürütdüyünü bəyan etsə də, hazırda Ermənistanın nə qədər “müstəqil” olması göz önündədir.

Çıxılmaz vəziyyətə qalan Yerevan hökuməti hələ də Qərblə Rusiya arasında “bağlılıq” oyunu oynamaqdadır. Azərbaycanın qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsindən sonra erməni baş nazirə qarşı etirazlar artıb. Hökumət əleyhdarları hər fürsətdə məğlub Paşinyanın istefasını tələb edir, hakimiyyətin dəyişməsini istəyirlər.

Etirazçıların fikrincə, 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əməl olunsa belə bunu Paşinyandan sonrakı hakimiyyət etməlidir. Məlum səbəblərdən Moskva hələlik Paşinyanın göndərilməsinə dəstək vermir. Kreml hesab edir ki, indiki gərgin şəraitdə onun əvəzlənməsi Rusiyanın maraqları ilə üst-üstə düşməyə bilər.

Məsələ ondadır ki, baş naziri hakimiyyətə gətirən Qərb dairələri və Soros Fondu da Paşinyandan tamamilə əlini çəkməyib. Son proseslər, ələlxüsus Kremllə yaxınlaşma cəhdləri Qərbi hiddətləndirsə də, Soros Paşinyandan imtina etməyə tələsmir.

Ermənistandakı siyasi prosesləri təhlil edən politoloqların fikrincə, Paşinyanı öz postunda saxlayan əsas səbəb ona etibar edilməsi deyil. Məsələ baş nazirin yerinə kimin keçəcəyi ilə bağlıdır. Hər şeyə rəğmən, Nikol Paşinyan hələ də iqtidardadır...
 
Prosesləri “Şərq”ə dəyərləndirən siyasi şərhçi, tanınmış jurnalist Elçin Alıoğlu bildirib ki, Ermənistandakı olaylara kənardan, sosial şəbəkələr üzərindən baxdıqda əksəriyyətin Nikol Paşinyanın istefasını istədiyi görüntüsü yaranır. Lakin analitik vurğulayıb ki, əslində vəziyyət tam tərsinədir. Onun sözlərinə görə, əgər Ermənistanda real və obyektiv sorğu keçirilərsə, 60 faiz respondent Paşinyanı dəstəkləyəcək:

“Ancaq baş nazirin reytinqinin aşağı düşməsinin səbəbləri çoxdur. Ermənistan cəmiyyəti son 30 ildə “böyük ruh yüksəkliyi” içində idi. Ermənilər özlərini “qalib xalq” görürdülər.

Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistan böyük siyasi böhranla, hərbi məğlubiyyətlə, iqtisadi və maliyyə itkisi ilə üzləşdi. Hazırda ermənilərdə ciddi ruh düşkünklüyü, kütləvi depressiya hökm sürür.

Revanşist çağırışlar həddindən artıq çox olsa da, üçüncü müharibənin başlanma ehtimalı sıfırın altındadır. İndiki dönəmdə Paşinyanın getməsində nə Qərb, nə də Rusiya maraqlıdır.

Qərb ona görə maraqlı deyil ki, Paşinyan gedərsə, yerinə gələcək şəxslər aşkar şəkildə Rusiyanın marionetkaları olacaq. Sarkisyan və Koçaryandan tutmuş Vazgen Manukyana kimi, adı çəkilən əksər şəxslər Moskvaya bağlıdır.

Paşinyanı hakimiyyətə daşıyan SOROS məhz bu səbəbdən baş nazirin üzərindən əlini götürmür. Bir sözlə, Qərb Ermənistanın müharibədə məğlub olmasında maraqlı olsa da, Paşinyanın istefasını istəmir. Rusiya isə Paşinyanı əvəz edəcək şəxslərin konkret hansı addım atacağını, mövqelərinin nə olacağını dəqiqləşdirə bilmir.

Onsuz da Moskva Ermənistanın iqtisadiyyatına, ordusuna tam nəzarət edir. Ölkənin sərhədləri Rusiyanın Federal Təhlükəsizlik və Sərhəd Xidməti tərəfindən qorunur. Sonu nagüman olan dəyişiklik Kremldə o qədər də maraq doğurmur”.

E.Alıoğlu vurğulayıb ki, sosial şəbəkələrin, xüsusən Teleqram kanallarının tam əksəriyyəti Rusiyada yaşayan ermənilər tərəfindən maliyyələşdirilir və idarə olunur:

“Ermənistanda iki qüvvə arasında mübarizə gedir. Birinci qüvvə ölkədən kənarda yaşayan erməni diasporası, ikincilər isə Rusiyanın maliyyələşdirdiyi, texniki dəstək verdiyi qruplaşmalardır.

Ermənistanda Paşinyanın istefasını tələb edən 17 müxalifət partiyasının 13-nü Qərb dairələri, 4-nü isə Rusiya maliyyələşdirir. Paşinyan isə hər iki tərəfdən istifadə edərək hakimiyyətini qoruyur. Ermənilərin seçim şansı yoxdur. Məsələ Paşinyanın getməsi deyil, getdiyi təqdirdə yerinə kimin gələcəyidir”. 

Analitikin sözlərinə görə, Paşinyanın hakimiyyətdə qalmasını şərtləndirən digər məqamlar da mövcuddur:

“Ermənistanda koronavirusla bağlı karantin rejimi iyul ayına qədər uzadıldı. Deməli, ölkədə kütləvi tədbirlər, mitinq və yürüşlər keçirilə bilməz. Digər tərəfdən Ermənistanda hərbi vəziyyət hələ ləğv olunmayıb.

Belə şəraitdə parlament Paşinyana qarşı impiçment qərarını tətbiq edə bilməz. Parlament üsul-idarəsinə keçid ölkədəki siyasi situasiyanı daha da ağırlaşdırır.

Demokratiya ənənələri olmayan, icma təfəkkürü ilə idarə edilən, hələ də oliqarxiyanın nəzarətində olan bir ölkədə “parlament demokratiyası” ölkənin və xalqın maraqlarına deyil, bir qrup şəxsin mənafeyinə xidmət göstərir.

Postsovet məkanında parlament-üsul idarəsinin tətbiq olunması Qərbin müdaxilələrindən sonra baş verib. Ukrayna və Gürcüstandan fərqli olaraq Ermənistanda dövlətçilik ənənələri yoxdur.

Ermənilərin ənənəsi daha güclüyə tabe olmaq, onların əlində alətə və köləyə çevrilməkdir”.