“Bu “Dostluq” yeni tarixi mərhələnin əsasını qoyur” - Geoiqtisadi dividendlər !

“Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması həm Azərbaycanın, həm Türkmənistanın, həm də bütövlükdə regionun qarşısında yeni geostrateji perspektivlər açır. Bu, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformasının yaradılması, qarşılıqlı faydalı işbirliyinin əhatə dairəsinin genişləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir”. 




Bu barədə “Sherg.az”a politoloq Nurlan Qələndərli deyib. 

Onun sözlərinə görə, bu sazişin Azərbaycan üçün mühüm geoiqtisadi dividendləri var: 

“Məlumdur ki, Azərbaycan neft və qaz ixracatçısıdır. Ölkəmizin təşəbbüsü, liderliyi və moderatorluğu ilə regional və qlobal əhəmiyyətə malik olan mühüm layihələr reallaşdırılıb. Paralel olaraq bu sazişin imzalanması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artması baxımından da səmərəli və faydalıdır.

Eyni zamanda, ölkəmizlə Türkmənistan arasında energetika, nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq”.

Nurlan Qələndərli bildirib ki, “Dostluq” yatağı üzrə sazişin imzalanması Xəzər dənizi regionunda iqtisadi fəallığın artmasına da mühüm töhfə verəcək: 

“Bu, regionda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, sərmayədarların məlum layihələrə cəlb edilməsi üçün önəmlidir. Təbii ki, bütün bunlar Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilmiş Azərbaycanın tranzit potensialının möhkəmlənməsinə də ciddi təkandır”. 

“Dostluq” sazişi Xəzər dənizi regionunda bölgə aktorlarının iştirakı ilə qlobal əhəmiyyətli əməkdaşlığın, etimada əsaslanan dialoqun gücləndirilməsi kontekstində strateji önəm kəsb edən faktordur”,-deyən politoloq əlavə edib ki, bölgədə işbirliyi və təhlükəsizlik müstəvisində yeni tarixi mərhələ başlanır.