Televiziyaların xəbər formatları bir-birinə çox bənzəyir

Aparıcı heç bir halda öz mövqeyini tamaşaçıya sırımamalıdır

Televiziyada xəbər aparıcılarında dil qüsurları problemi hələ də öz aktuallığını qoruyur. Keçirilən monitorinqlər fonunda xəbərdarlıqlara baxmayaraq Azərbaycan televiziya məkanında kifayət qədər çatışmazlıqlara rast gəlmək mümkündür. Başlıca qüsurlar isə aparıcıların peşəkarlığı ilə bağlıdır. Təəssüflər olsun ki, efirə çıxan xəbər aparıcılarının böyük əksəriyyətinin nə jurnalistikanın qaydalarından, nə də ədəbi dilin normalarından anlayışı var. Bəzi aparıcıların nitqində, davranışında, geyimində xeyli nöqsanlar gürülməkdədir. Aparıcıların əksəriyyətinin dialekt sözlərdən istifadə etməsi, ləhcə ilə danışması, nitqlərində loru, kobud ifadələrə yol verməsi də artıq adi hal alıb. Nəzərə alınmalıdır ki, televiziya kütləvi informasiya vasitələri içərisində ən çox baxımlı və populyar olanıdır.

Televiziya kanallarına baxan adamlar oradakı hər bir sözü, hər bir ifadəni çox ciddi qəbul edirlər. Bu səbəbdən efirdə hər hansı bir yanlışlıq ciddi bir rezonans doğurur və daha geniş yayılır. Sovet dövründən sonra özəl telekanalların sayı az olduğu üçün telekanallara daha çox səlis danışmağı bacaran, görünüşü fotogenik olan adamlar buraxılırdı. Amma özəl telekanalların sayı artdıqca, ümumiyyətlə, verilişlər çoxaldıqca qaydalara əməl etmək unuduldu. Bir sözlə, telekanallarımız insanların zövqünə adekvat deyil. Aparıcılar tamaşaçı və peşəkarlar qarşısında məsuliyyət hiss etmədikdə peşələrinə dırnaqarası yanaşırlar. Efirdə dialekt və şivələrdən istifadə edilməsi halları da məhz məişət davranışının nəticəsi olaraq meydana gəlir. Bundan başqa efir görünüşlərində də ciddi nöqsanlar aşkarlanmaqdadır. Media ekspertləri hesab edirlər ki, dil-üslub redaktə edən şəxslər aparıcı ilə xüsusi şəkildə məşğul olmurlar. Onların sözlərinə görə, televiziya aparıcılarından edilən tələblər yüksək səviyyədə deyil. Burada yaş meyarı əsas götürülməlidir. Bunun nəticəsidir ki, bəzən aparıcılar efir məkanında hər sahədə ciddi nöqsanlara yol verirlər.

Media eksperti Zeynal Məmmədli də "Şərq"ə açıqlamasında bu günləri efir məkanında xəbər aparıcılarında çoxsaylı qüsurların olduğunu qeyd edib. Onun sözlərinə görə, xəbər proqramının özündə də kifayət qədər nöqsanlar görülməkdədir:

"Bu gün xəbər proqramlarında prodüser işi yetərli deyil. Bir xəbər proqramının mütləq prodüseri olmalıdır. Çünki prodüser proqramda hansı mövzular hazırlayacağını, hansı bilgiləri verəcəyini, xəbərlərin necə sıralanacağını əvvəlcədən müəyyənləşdirir. Yəni burada tək sıralamaq işi deyil, tamaşaçı marağını idarə eləmək üçün xəbərin hansı formatda verəcəyini də o müəyyənləşdirməlidir. Təbii ki, xəbər proqramının formatının içində də müxtəliflik var. Məsələn, səs müxtəlifliyi, kadr müxtəlifliyi, görüntülərin keyfiyyət və zənginliyi, təbii nitqlərdən istifadə və s. bütün bunlarla bağlı peşəkarlığın çatışmadığı açıq-aydın hiss olunur".

Media eksperti vurğulayıb ki, çox təəssüf  ki, teleməkanımızda xəbər formatları bir-birinə çox bənzəyir:

"Xəbər hazırlayarkən ilk növbədə "Nə ilə başlayıram? Necə davam etdirirəm? Bunun son nöqtəsi haradır? Hadisəni necə çözəcək? Necə bitirəcək? bu kimi amillərə xüsusi diqqət yetirilməlidir. Bu baxımdan bizim xəbər proqramları çox təəssüf ki, bir-birinə bənzəyir. Halbuki, tamam fərqli olmalıdır. Yəni tamaşaçı efiri canlı izləməsə belə, aparıcının xəbər təqdimatı ilə hansı kanalın olduğunu müəyyən etməlidir. Məhz buna maksimum fikir verilməlidir. Bunu az-çox təmin edən hesab edirəm ki, hələlik "ARB 24" kanalıdır. Qeyd edim ki, efir məkanında ilk növbədə parlaq aparıcı və fərqli format olmalıdır. Yəni hər birinin öz siması olmalıdır. Bu baxımdan çox ciddi qüsurlar aşkarlanmaqdadır.  Bəzən xəbər proqramında aparıcıya çox yer verirlər. Məsələn, Xəzər TV-də xəbər aparıcısının danışığı, o cümlədən də xəbərlər nə qədər yer tutur. Bu, heç bir baxımdan mümkün deyil. Burada prodüserin zəifliyi ön plana çıxır". 

Xəbər cümlələrində ciddi səhvlərin mövcud olduğunu qeyd edən ekspert əlavə edib ki, bu sahədə ciddi islahatların aparılmasına zərurət var:

"Çox zaman xəbər aparıcıları hüquq-mühafizə orqanlarının verdiyi məlumatı olduğu kimi oxuyurlar. Halbuki, rəsmi xəbərlərin verilmə tərzi başqa cürdür. Yəni praktiki bilgiyi saxlayıb, onu çox sadə dillə ifadə etməlidirlər. Amma çox təəssüf ki, bu da görülmür. Bir də görürsən ki, cümlə başlayıb, aparıcının artıq nəfəsi kəsilir, cümlə isə hələ bitməyib. Xüsusilə də kriminal, rəsmi xəbərlərdə çox ciddi şəkildə nöqsanlar var. Bununla bağlı ciddi işlər görülməli və aparıcılar bu istiqamətdə peşəkarlaşmalıdırlar. Məsələn, formatda tamaşaçı marağı necə ifadə olunmalıdır? Daima təkrarlanan hissələri bir ayrı rubrika edib, fərqli formada necə etməliyəm və s. barədə daim düşünməli və onlar üzərində işlər aparılmalıdır. Ayrı rubrikalar olmalıdır. Bununla bağlı ciddi işlərin görülməsinə çox ehtiyac var. Düşünürəm ki, fərqli bazar olsa, yəni ancaq reklamdan pul qazansalar, məcbur olacaqlar ki, onlar da keyfiyyətli işlər görsünlər". 

Z.Məmmədlinin fikrincə, bütövlükdə xəbər proqramlarında bədən dilinə də xüsusi diqqət yetirilməlidir:

"Bəzi aparıcıların görünüşündə çox ciddi qüsurlar var. Məsələn, aparıcının saçının yarı hissəsi qabaqda, o biri hissəsi arxadadır. Xəbər aparıcısı belə ola bilərmi? Yəni bütövlükdə bədən dilinə də baxılmalıdır. Bu barədə nöqsanlar kifayət qədərdir. Bu günləri məni bir çox meyarları ilə qane edən "ARB 24" kanalının xəbər aparıcılarıdır, özəlliklə də Günel Mönsümovadır. Yəni demək olar ki, o, bütün kriteriyalara uyğun gəlir. Geyimindən tutmuş, saç düzümü, intonasiyasına qədər öz missiyasını dəqiq yerinə yetirir. Bilinir ki, bu, spikerdir. Amma fikir verin, "Xəzər" TV-də Lalə Azərtaşa. O öz missiyasını qarışdırır. Yəni faktiki olaraq  xəbər proqramı təbliğat proqramına çevrilir. Amma xəbər proqramının əsas meyarı bilgiləndirmək, yönləndirməkdir. Xəbər proqramlarında saydıqlarım içərisində yaş baxımından uyğunluq əsas meyar kimi götürülməlidir. "ARB 24" və "AZTV" yaş baxımından adekvatdır. Xəbər proqramında yaş uyğunluğu, geyim tərzi, saç düzümü, xəbər intonasiyası və sözlük əsas götürülməlidir. Bütün bunlar baxımından "ARB 24"-ü daha üstün sayıram. O birilərində dediklərimə qismən uyğun gələnlər var, amma tam uyğunu yoxdur. "ATV"-nin son aparıcıları da  normaldır. Amma onlarda qəribə bir çəkingənlik var, sanki öz missiyasına hakim olmaq yoxdur. Yəqin ki, o da müəyyən təcrübə qazanıldıqdan sonra olacaq. Amma bütövlükdə ən ciddi nöqsan xəbər aparıcısının şəxsiyyət, yoxsa robot olması məsələsidir. Yəni ya robot kimidir, ya da ki, özünü olduğundan daha artıq şəxsiyyət kimi göstərmək istəyir. Bunlar sözsüz ki, xoşagəlməyən nüanslardır. Bir məsələyə də diqqət çəkmək istəyirəm. Xəbər proqramının elə bir yeri var ki, ya o studiya müsahibədir, ya da ki, studiyadan kənar bağlantıdır. O halda orda bir moderatorluq qeyd olunur. Aparıcı heç bir halda öz mövqeyini tamaşaçıya sırımamalıdır, sadəcə bilgiləndirməlidir. Bu baxımdan da nöqsan görünməkdədir". 

Tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, bu günləri xəbər aparıcılarında terminologiya sahəsində ciddi axsamalar müşahidə olunmaqdadır. O qeyd edib ki, bəzən xəbəri təqdim edərkən hiss olunur ki, aparıcı danışdığı mövzu barədə o qədər də bilgiyə malik deyil:

"Rəsmi məlumatları əldə etmək üçün televiziya kanallarını tez-tez izləyirəm, özəlliklə də İctimai Televiziyanı. Bu kanalın xəbər təqdimatı barədə hər zaman yüksək fikirdə olmuşam. Burada xəbər aparıcısı kimi xüsusilə Nigar Sabirqızı diqqətimi cəlb edir. "Real" TV də mahiyyət üzrə çox operativ xəbərlər verir. Həmçinin "Xəzər" TV də xəbər təqdimatını yüksək qiymətləndirirəm. Bu günləri demək olar ki, "Space" TV-ni izləmirəm. Lakin vaxt var idi "Space"TV-də  Fuad Babayevi izləyirdim. Yəni Fuad Babayevin  "Hər gün" və "Hər həftə" verilişlərini oturub gözləyirdik ki, məhz onun təqdimatında xəbərlərə baxaq. Gəlin indi diqqət yetirək. Bu günləri bu cür xəbər təqdimatçıları varmı? Məhz onlara görə oturaq gözləyək ki, filankəsin təqdimatında xəbərlərə baxaq? Təbii ki, xeyir. Çünki bu günləri bəzi televiziya kanallarında xəbər aparıcılarının naşılığını müşahidə edirik. Hiss olunur ki, danışdıqları mövzu barədə məlumatlı deyillər. Yaxud da ki, təqdim etdikləri xəbərdə keçən xarici sözləri, terminləri işlətmə tərzlərindən bəlli olur ki, bu adamların dünyagörüşü çox kasaddır. Hiss olunur ki, bədii ədəbiyyat oxumayıblar. Ümumiyyətlə, terminologiya sahəsində ciddi axsayırlar. Fuad Babayev isə belə şeylərdə heç vaxt axsamazdı. Adam əməlli-başlı təqdimat edirdi. Ağzından çıxan hər sözdən hiss olunurdu ki, bu adamın savadı, dünyagörüşü var. Hamını ucdantutma tənqid etmirəm. Amma təəssüflər olsun ki, bəzən elələri də az deyil. Dünyagörüşü, mütaliə diapazonu zəif olan xəbər aparıcılar da az deyil. Amma həqiqətən də elə aparıcılarımız var ki, onların əməyini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu problemlər də müsbətə doğru öz həllini tapacaq".