Millət vəkili: "Bütün dünya Şuşanın zəngin mədəniyyət beşiyi olduğunu anlayacaq və görəcək”

“Şuşa işğal olunmamışdan əvvəl şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi”. 

Bu barədə “Sherg.az”a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. 

Deputat bildirib ki, Şuşada iqtisadiyyatın dirçəlməsi üçün bütün lazımi tədbirlər görüləcək. Bu, Prezidentin çıxışlarında da öz əksini tapmaqdadır: 

“Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Ümumiyyətlə, Şuşanın turizm sahəsi üzrə inkişaf potensialı yüksəkdir. Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq. Şuşa artıq təkcə Azərbaycanın yox, bütün Qafqazın mədəniyyət paytaxtına çevriləcək. Bu, birmənalı şəkildə qəbul edilmiş bir haldır. Bütün dünya Şuşanın zəngin mədəniyyət beşiyi olduğunu anlayacaq və görəcək”.

Parlament üzvü vurğulayıb ki, ermənilər nə qədər özününküləşdirməyə çalışsalar da, Şuşa hər zaman bizim olub və bizim də qalacaq:

“Şuşa bizim mədəniyyət beşiyimizdir, tariximizdir. Vaxt gələcək ki, Şuşa nəinki Azərbaycanın, Cənubi Qafqazın mədəniyyət paytaxtına çevriləcək. Şuşa şəhərinin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1748-1763) adı ilə bağlıdır. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırırdılar. Bu dilbər guşə əsrlər öncə də bizə məxsus olub. Bütün tarixi faktlar bunu göstərir. Ermənistan daim bu mənfur siyasəti yürüdərək öz planlarını həyata keçirməyə çalışıb. Lakin nə qədər cəhdlər etsə də, hamısı puça çıxıb. Çünki tarix hər şeyin sübutudur”.