Bir gözünü itirən döyüşçü:“Kaş tez yaralanmazdım...”

Deyirlər, candan şirin şey yoxdur. Amma lazım gələndə ondan keçmək də mümkündür. Məsələn, söhbət Vətənin taleyindən gedəndə oğullarıməz toya-bayrama  yollanırmışcasına ön cəbhənin yolunu tuta bilərlər. Tutdular da. Biz bunu bir neçə ay əvvəlki- İkinci Qarabağ müharibəsində gördük. Yüzlərlə mərd oğul torpağa sipər oldu. 1998-ci il təvəllüdlü Amil Əliyev də belə qəhrəmanlardandır. 
O, Vətən müharibəsindəki iştirakına dair “Sherg.az”a açıqlama verib: 

“2019-cu ildə hərbi xidmətə çağırılmışam. Üç ay Goranboyda “gənc əsgər” kimi xidmət etdikdən sonra Tərtərə göndərilmişəm.Vətənin ərazi bütövlüyü uğrunda gedən müharibədə siravi əsgər kimi Ağdərə istiqamətində döyüşmüşəm.



Baş atıcı idim. Sentyabrın 29-da mina partlaması nəticəsində yaralandım. Beləliklə, görmə qabiliyyətimi itirdim. Ruh yüksəkliyimiz çox yüksək idi.

Bəzi yoldaşlarımız şəhadətə qovuşdular. Bəziləri isə mənim kimi yaralandılar. Nəzərinizə çatdırım ki, komandirlərimin köməyi ilə həyatda qaldım. İlk tibbi yardım göstəriləndən sonra Bakıdakı Mərkəzi Hospitala gətirildim və gözlərimdən əməliyyat olundum.

Kaş, belə tez yaralanmaz və növbəti döyüşlərdə də iştirak edəydim. Təəssüfləndiyim yeganə məqam budur. Hazırda bir gözümün görməyinə rəğmən, yenə də Vətənimi yağı düşməndən qorumağa hazıram.

Ali Baş Komandanın əmrindəyəm! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.