Sosioloq AQTA-nı istefaya çağırır !- Bunun üçün fakt göstərir 

“İri mağazalarda günəbaxan yağının litri 1,7 manatdan başlayır. Günəbaxanın kq-ı 2 manatdan bahadır”

“Bu yağı necə və nədən düzəldirlər ki,700 qram günəbaxandan 1 litr yağ çıxara bilirlər? Bu möcüzəyə necə nail olurlar?”

“Sanki bunlar monopolistlərin bazarının genişlənməsinə və kiçik fərdi sahibkarların bazardan çıxarılmasına çalışırlar”


“Altay” Sosial- İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, jurnalist, sosioloq Elçin Bayramlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini istefaya çağırıb. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb: “Qida Təhlükəsi Agentliyinin rəhbərliyi tam heyətdə istefa verməlidir”. 
Həqiqətənmi, bu, şərtdir? Başqa yol yoxdur?

Fikrini “Sherg.az”a izah edən E. Bayramlının sözlərinə görə, AQTA-nın ləğv edilməsi ən ideal variantdır: 

“AQTA-nı niyə tənqid etdiyimin səbəbini bilmək üçün dükan-bazardakı vəziyyətə baxmaq kifayətdir. Bu gün qida məhsulları bazarında tam anarxiya, nəzarətsizlik və saxtakarlıq baş alıb gedir.



Satışda olan ərzaq məhsullarının böyük əksəriyyəti saxta, vaxtı keçmiş və ya ən yaxşı halda keyfiyyətsizdir. Bununla bağlı həm mən, həm digərləri on dəfələrlə faktları yazıb, yayıb. Ona görə də indi geniş toxunmuram. AQTA bəzən reydlər edir, nə isə aşkarlayır.  Amma bu, satış bazarındakı biabırçılığın heç 0,00001 faizini də əhatə etmir.

Özü də əsasən, kiçik sahibkarlara, kənddən məhsul gətirib satanlara, heyvan gətirib kəsənlərə və s. qarşı. İri istehsalçılara, böyük market şəbəkələrinə isə toxunmurlar. Sanki bunlar monopolistlərin bazarının genişlənməsinə və kiçik fərdi sahibkarların bazardan çıxarılmasına çalışırlar.

Burada sadə və kiçik fakt verim, gedib araşdırsınlar, görək, nədir, necədir- iri mağazalarda günəbaxan yağının litri 1,7 manatdan başlayır.

Günəbaxanın kq-ı 2 manatdan bahadır. Bu yağı necə və nədən düzəldirlər ki,700 qram günəbaxandan 1 litr yağ çıxara bilirlər?

Bu möcüzəyə necə nail olurlar? İstəsələr yüzlərlə belə fakt verərəm, amma hələlik dediyimlə  məşğul olsunlar. Baxaq, görək, nə isə edə bilirlərmi”.