“Atamın məzarını dəyişmişəm, bir az köhnə idi”

Tanınmış müğənni Nadir Qafarzadə  ARB tv-nin “Səhər-səhər” verlişinə qonaq  olarkən həyatı ilə bağlı açıqlamalar verib. Valideynlərindən danışan müğənni göz yaşlarına hakim ola bilməyib.

“Sherg.az” xəbər verir ki, N.Qafarzadə mərhum anasından, uşaq vaxtı yaşadığı çətinliklərdən söz açıb:


“Hər kəsin ata-anası özünə görə yaxşıdır. Mənim üçün isə tamam başqadır.

Övlad da, bacı da, qardaş da sağ olsun.Lakin yaşlandıqca ana, atanı daha çox istəyirsən. Bu yaxınlarda xəstələndim, ən çox anamı axtardım. Hətta huşumu itirmişdim.

Sevinc deyir ki, ananı çağırırdın, qışqırırdın. Sonra anam yuxuma girdi. Kəndə tez-tez gedirəm, bacılarımla birgə yasin oxutdururuq, məzarına gül qoyuruq. Atamın məzarını dəyişmişəm, bir az köhnə idi. Rəhmətə gedəndə, kasıb idik, ucuz başdaşı düzəltdirdik. 

Zaman keçdi, çoxları tənə etdi ki, Nadirin  atasının başdaşı köhnədir. Möminlər dedi ki, başdaşını dəyişmək düzgün deyil. Amma bizim insanları bilmirsiz? İki gün olar, gedib, məzarını yeniləmişəm. Həm də onların yanında oğlum yatır.

Vəsiyyət etmişəm ki, atamın, anamın, övladım yanında torpağa tapşırsınlar məni. İki övladımı itirmişəm, biri oğlan, biri qız. Biri burdadır,o biri kəndə”.

Nadir kövrələrək əlavə edib ki, atası, anası sağ olan insanlara  həsəd aparır:

“Bir nəfər danışır ki, anam məni incidir.  Deyirəm, kaş anam sağ olaydı, məni incidərdi. Deyir, axı hərdən haqsız davranır. O həmişə haqlı danışır, haqsız sənsən. Ana necə haqsız ola bilər?

Haqsız  ananın özü haqlıdır. Təki anam sağ olaydı, əlil ya kor fərqi yox, amma nəfəsi gələrdi. Hər dəfə yaşlı qadın görəndə qucaqlayıram, deyirəm anamın iyi gəlir.

Tez-tez kimisə anama oxşadıram. Anam çarşablı qadın olub. Heç vaxt onu şalsız görməmişəm. Özü də çox zəhmətkeş idi. Atamdan sonra 6 uşaq böyütdü.

İndi  çoxları deyir ki, kimsə dolana bilmir, gedib hansısa işə əl atır. Bəs bizim anamız, ana deyildi? Gündüz bir yerdə işləyirdi, axşam başqa yerdə.  Düz yolla çörək pulu qazanırdı.

Özü geyinmirdi, bizi geyindirirdi, yemirdi, bizi yedizdirirdi. Qonşular deməsin ki, bunların imkanı yoxdur. Yamaqlı da geyinirdik.  Amma o abır-həyanı saxlayırdı”.