Polad Həşimovun adı müqəddəsləşib

"Uşaqlara Polad adının verilməsi onların gələcək həyatlarına da təsir edəcək"

Azərbaycanda yeni doğulan körpələrə Polad adının verilməsi tədricən kütləviləşir. Əlbəttə, bu, şəhid general-mayor Polad Həşimovun adı ilə bağlıdır. Ana-atalar övladlarının da həmin generaltək mərd, cəsur və vətənpərvər olmasını arzulayırlar. Deməli, biz qəhrəmanlarımıza sahib çıxır, onları unutmur, unutdurmuruq.

 Sosioloq Əhməd Qəşəmoğlu  sözügedən tendensiyaya dair “Şərq”ə danışarkən bunu yüksək qiymətləndirdiyini dedi:

“Polad bəy doğrudan da qeyri-adi şəxs idi. O, Vətən müharibəsindən əvvəl şəhid olsa da, şəhadətə qovuşması ilə cəmiyyətimizdə təlatüm yaratdı. Beləliklə, cənab generalın şəxsiyyətinə hörmət, rəğbət fomalaşdı. Əlbəttə, bu istiqamətdə KİV-in xüsusi rolu var. Məhz medianın fəaliyyəti nəticəsində insanlarımız Polad bəyin orta məktəbdə əla oxuduğunu, Türkiyədə hərbi təhsil aldığını öyrəndilər. Cənab general milli şüurumuzda mərdlik simvoluna çevrildi, adı müqəddəsləşdi. Qeyd edim ki, onun xəyanətə uğraması barədə xəbərlər camaatda xainlərə nifrəti daha da artırdı”.

 Ə. Qəşəmoğlunun sözlərinə görə, uşaqlara Polad adının verilməsi onların gələcək həyatlarına da təsir edəcək:

“Təkcə valideyn yox, övladlar özləri də bu adın ağırlığını dərk edəcək və daha məsuliyyətli davranacaqlar. Onlarda vətənpərvərlik hissi digərlərindən daha çox olacaq. Biləcəklər ki, daşıdıqları ada layiq olmaq lazımdır”.