“MilliÖn” qınandı: “1 manat qərarı hamıya təsir edəcək” - İZAH   

Pandemiyanın yaratdığı gərgin vəziyyət öz nəticəsini indi daha çox büruzə verir. Kimisi işsizlikdən əziyyət çəkir, kimisi də xərclərini qarşılaya bilmədiyi üçün maddi duruma görə çətinliklə üzləşir. Əhalinin önəm verdiyi əsas xərclərdən biri kommunal ödənişlərdir. Dünən “MilliÖn” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində çıxış edib. Bildirib ki, ödəmə terminallarından “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq:


“Bu, xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olarkən monitorda qeyd olunub. Qərar “MilliÖn” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib və yalnız “MilliÖn” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında digər şirkətlərə də şamil edilib”.

Bu qərar qeyri-əhali ödənişlərinə şamil edilsə də, cəmiyyətdə narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə insanlar bildirirlər ki, bu gün qeyri-əhali qrupuna aid edilən qərar, çox keçməz ki, əhali kateqoriyasına da daxil edilə bilər.

Görəsən, aidiyyəti qurumlar "millət necə tarac olur olsun, nə işim var?"deyib, susaqlar, yoxsa qərarına dəyişdirilməsinə çalışacaqlar. 



Əhalinin narahatlığına aydınlıq gətirən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə atılan addım qaydalara ziddir. Ölkədə rüsum yalnız Tarif Şurası, Nazirlər Kabineti və Parlament tərəfindən tətbiq edilə bilər:

"Bu pis bir örnəkdir. Hələlik insanlara birbaşa təsir etmədiyinə görə məsələ ciddi müzakirə edilmir. Amma, məncə, müzakirə olunmalı durumdur. Zatən həm qeyri-əhali qrupuna daxil olan şirkətlər, həm hüquqi şəxslər, həm də VÖEN-lə çalışan şəxslərin xərclərinin artımının son ödəyicisi biz istehlakçılarıq. Onların xərcləri artdıqca, xidmətlərinin və satdığı məhsulların dəyəri də yüksəlir. Ona görə də, bu hamını maraqlandıran və hər kəsə təsir edən qərardır".

Ekspert dünya təcrübəsində mobil tətbiqlərin geniş yayıldığına görə kommunal ödənişlərin avtomatik olaraq həyata keçirildiyini bildirib:

"Bir çox ölkələrdə örnəklər var ki, kredit kartı ilə bağlı hesablar olur. Öncədən imzalanan müqavilə əsasında hesabdan vəsait silinməsinə və ödənişlər edilməsinə imkan verilir. O demək deyil ki, kim necə istədi ödəniş platformalarında rüsum tətbiq edə bilər?!".