Uşaqlarınızı bağçalardan saxlamayın

Əks halda onların psixikasında ciddi problemlər yarana bilər

Qorxusu yoxdur, bir-iki günə onlar öz təbii mühitinə uyğunlaşacaqlar

Bir neçə gündür ki, məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) əyani təhsil bərpa edilib. Məktəbəqədər təhsil müəssisələrində artıq həftə içi hər gün əyani təlimlər aparılacaq. Amma buna baxmayaraq, bəzi valideynlər öz övladlarını bağçaya göndərməkdə tərəddüd edirlər. Onlar bunu həm pandemiya ilə, həm də uzun müddətdir ki, qapalı mühitdə qalan uşaqların yenidən cəmiyyətə adaptasiyasında çətinliklərin yaradacağı ilə əlaqələndirirlər. Bəzi valideynlər hesab edir ki, evdə qapalı şəraitdə qalmış uşaqların birdən-birə 6-7 saat ərzində bağçada qalması düzgün deyil. Bu onların ilk növbədə mövcud durumuna mənfi təsir edə bilər.  



Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən sosioloq Elçin Bayramlı deyib ki, hər hansı bir ciddi problem olmayacaq. Ekspertin sözlərinə görə, ilk günlər bəzi uşaqlarda re-adaptasiya problemi ola bilər:

"Lakin hesab edirəm ki, bir-iki gündən sonra bundan heç bir əsər-əlamət qalmayacaq. Uşaqlar öz təbii mühitlərinə tez uyğunlaşacaqlar. Bu, onların sağlamlığı, tərbiyəsi və təhsili üçün əvəzolunmazdır". 

E.Bayramlı qeyd edib ki, əks halda uşaq psixikasında da ciddi problemlər yarana bilər:

"Bu səbəbdən də bağçaların açılmasını çox tədqirəlayiq hesab edirəm".