İslamda Qurana and içmək yoxdur? – Fikirlər haçalandı 

 
Elşad Miri:“Allaha and içərək onu şahid tuturuq və Allah vasitəsilə inandırmağa çalışırıq”

Seyid Camal Əzimbəyli:“Qurana and içilməsi təqdirəlayiqdir.  Lakin yerli-yersiz  “Qurani-Kərimi” istismar etmək yol verilməzdir”


Dinlə əlaqəli mövzular zaman-zaman cəmiyyətdə müzakirələr doğurur. Hər kəsin bu haqda müxtəlif fikri, fərqli yanaşması olur. Bəzən ziddiyyətli məsələlər də özünü büruzə verir. Eynilə İlhaiyyatçı-alim Elşad Mirinin  Feysbuk profilindəki statusu kimi. O, “İslamda Qurana and içmək yoxdur” deyə qeyd edib. İlahiyyatçının fikirlərini dəstəkləyənlərlə yanaşı, əksini düşünənlər də olub.


 
Biz də Elşad bəyin özü ilə əlaqə saxlayaraq bu barədə ətraflı məlumat aldıq. E.Miri “ Sherg.az”a dedi ki, bəziləri Qurandakı andları əllərində bayraq tutaraq bu kitabın insan sözü olduğunu iddia edirlər:

“Bunu da and içməyin insana məxsus olması ilə əlaqələndirirlər. And içməyin, Allaha nisbətin düzgün olmadığını deyirlər. Lakin belə iddia sahibləri ilahi kitabın məğzini bilmədikləri üçün fikirlərini əsaslandırmağı bacarmırlar. Bəşər tarixi boyunca insanlar həm sözlərinə güc qatmaq, həm də qarşısındakını inandırmaq üçün dəyər verdiklərinə and içiblər. Biz əziz sayılan bir şəxsin və ya şeyin adını çəkməklə öz sözümüzə, vədimizə, yaxud öhdəmizə götürdüyümüz  vəzifəni layiqincə yerinə yetirəcəyimizə inandırmaq üçün anddan istifadə edirik. Allaha and içərək onu şahid tuturuq və Allah vasitəsilə inandırmağa çalışırıq. Biz and içərək ya kimisə inandırırıq, ya da and içilənə inanırıq”.

Ekspert həmçinin  qurandakı andlardan da söz açıb:

“Birincisi, ərəblərdə and içmək adəti var. Allah da həmin dilə və bu dildə danışanlara uyğun kitabında andlardan istifadə edib. And içilənlərin əhəmiyyəti xüsusi olaraq vurğulanır, dəyər verilir, ucaldılır. Məhşərlə əlaqəli hadisələrə diqqət cəlb edilir. Axirət barədə bilmədiyimiz məsələlərə diqqətimiz çəkilərək o bir dünya təsəvvürü formalaşdırılır. And içiləndən sonra gələn mövzu ilə əlaqə qurulur və onların əhəmiyyəti vurğulanır. Allah iradəli canlıları şahid, iradəsiz varlıqları isə dəlil olaraq göstərir. Göndərilən mesaja diqqət cəlb edilir. Mesajın göndərildiyi insanları məsuliyyətli olmağa və yanaşmağa, 24 ciddiliyə dəvət edir. Adiləşən heyrətamiz hadisələrə diqqət çəkilir. Hər gün gördüyümüz və gözümüzdə adiləşən əhəmiyyət vermədiyimiz nemətlər xatırladılır. Səhv bilinən məsələlərə düzəliş olunur. Allahın and içməsi kainatda yaradılan heç nəyin və heç kimin mənasız və məqsədsiz yaradılmadığını göstərməkdir. Yaradan bununla onların yaradılışı ilə öz yaradılışımız arasındakı əlaqəni qurmağımızı istəyir”.



Şərqşünas Seyid Camal Əzimbəyli müqəddəs dəyərlərə yerli-yersiz and içməyin düzgün davranış olmadığını düşünür:

“Dinimizin prinsiplərinə, İslamın qaydalarına, hökümlərinə  bələd olanlar bilir ki, Allah təala “Qurani-Kərim”də yalançılara lənəti vacib buyurur. Eynilə   qurana yaxud da müqəddəs adlara yalandan and içənlərə olduğu kmi. Quran andının içilməsini təqdir etmirəm. Lakin  Azərbaycanda tarixən dəyərlərə, sayğı-sevgi göstərilib. Xatırlayıram, Birinci Qarabağ müharibəsində yüzlərlə  oğulumuz “Qurani-Kərim”ə and içərək yola düşdü. Yaxud da Ali Baş Komandanın Qurana əl basaraq and içməsi də toxunulmaz dəyərlərdəndir. Ölkə başçısı Qarabağımızı işğaldan azad edərək andına sadiq qaldığını təsdiqlədi. Bu baxımdan Qurana and içilməsi təqdirəlayiqdir. Lakin yerli-yersiz  “Qurani-Kərimi” istismar etmək yol verilməzdir”.