Jurnalistlər Ağdamda giriş biletləri də görüblər

Ermənilər turistləri cəlb etməklə Şahbulaq qalasından qazanc məqsədilə istifadə ediblər


Azərbaycanın bir qrup media nümayəndələri  işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Onlar Qarabağdakı erməni vandalizminin izləri ilə yerindəcə tanış olublar. Səfər edən jurnalistlər arasında "Azvision.az"ın əməkdaşı Anar Kəlbiyev də olub. O, öz təsərrüatlarını "Şərq"lə bölüşüb.

Anar Kəlbiyev açıqlamasında vurğulayıb ki, Müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərində, eləcə də Xocavənd rayonunun Edilli və Tuğ kəndlərində olub.

O qeyd edib ki, bu ərazilərə səfər zamanı müəyyən edilmiş yollarla hərəkət ediblər:

"Ərazidə mina və partlamamış hərbi sursatların ola biləcəyi səbəbindən biz deyilən bütün qaydalara əməl edirdik. İşğaldan azad edilən bu torpaqlara ayaq basdıqca dəhşətə gəlməmək mümkün deyildi.  Çünki hər yer ermənilər tərəfindən tamamilə dağıdılıb, binalar sökülüb və bütün yaşayış evləri yerlə-yeksan edilib. Ermənilər işğaldan sonra tarixi abidələrimizin və məscidlərin hər birini mal tövləsinə çeviriblər. Bunun canlı şahidi olduq. İçəridə yığılan ot bağlamaları və kəskin peyin qoxusu ermənilərin həmin yerlərdə mal-qara saxladığını təsdiqləyirdi. Dağıtmadıqları yerləri isə qazanc məqsədi üçün istifadə ediblər. Məsələn, nümunə kimi Şahbulaq qalasını göstərmək olar. Ermənilər 1993-cü ildə Ağdamın işğalından sonra digər tarixi abidələrimiz kimi Şahbulaq qalasını da özününküləşdirməyə çalışıblar. Qalada olduğumuz zaman bunun əyani şəkildə şahidi olduq. Belə ki, ermənilər füsunkar təbiətə malik ərazidə yerləşən Şahbulaq qalasından qazanc məqsədilə istifadə ediblər. Qalaya turistlərin qanunsuz səfərləri təşkil olunub. Bunu orada gördüyümüz giriş biletləri də təsdiqləyir".

Anar Kəlbiyev  vurğulayıb ki, Xocavənd rayonunun Tuğ kəndində də tarixi abidələrimiz ermənilər tərəfindən tamamilə dağıdılıb: "Məkrli niyyətlərindən əl çəkməyən ermənilər bu kənddə də tarixi abidələrimizi saxtalaşdırmağa çalışıblar.

Tuğda yerləşən qədim alban məbədlərini kilsəyə çeviriblər. Məbəd ərazisindəki daşlar sonradan düzəldilərək ora gətirilib. İşğalçılar yalançı qəbiristanlıq salmaqla, buranın guya qədim erməni kilsəsi olması görüntüsünü yaratmaq istəyiblər. Olduğumuz ərazilərdəki bütün qəbiristanlıqlar ermənilər tərəfindən tamamilə məhv edilib. Bir sözlə, hansı əraziyə getdiksə, orada erməni vandalizminin şahidi olduq".