Manukyanın planları baş tutmayacaq

Paşinyan ölkənin vəziyyətini ermənilərə anlada bilib

"Məhz ona görə müxalifətin mitinqi zəif və uğursuz alınır. Ermənistan cəmiyyəti növbəti müharibəni arzulamır"


Fevralın 20-də Yerevandakı mitinqdə çıxış edən müxalif hərəkatın lideri Vazgen Manukyan Baş nazir Nikol Paşinyanın istefası üçün “A” və “B” planlarını açıqlayıb. Onun sözlərinə görə, mitinqlərə nə qədər insan toplansa da, Paşinyan könüllü istefa verməyəcək. Müxalifəti təmsil edən siyasətçinin fikrincə, baş nazirin güvəndiyi ilk qrup problem qapılarını döyənə qədər dövlətin hansı yolla getdiyini anlamayan vətəndaşlardır: “Bu vətəndaşlara bu ölkədə nə baş verdiyini və nəyin baş verəcəyini izah etmək bizim borcumuzdur”.

Manukyan güc strukturları ilə bağlı da fikirlər səsləndirib: “Polislərə və Milli Təhlükəsizlik Xidmətinə qarşı sərt olmalıyıq, onları inandırmalıyıq. Əmin olun ki, bütöv bir xalq şəhərdə uzun müddət dayansa, polis könüllü olaraq xalqa qoşulacaq”. Hakimiyyətə iddialı olan Manukyan revanşist fikirlərini təkrarlamağı da unutmayıb: “Hər şeydən öncə ordunu bərpa etməli, təhlükəsizliyimizi təmin etməliyik. Keçmiş müdafiə naziri Seyran Ohanyanla məsləhətləşmişik. Türkiyəyə qarşı olan istənilən qüvvə - Rusiya, Çin və ya İranla əməkdaşlıq bizim üçün vacibdir. Əvvəl-axır hər dövlətlə münasibətimiz qurulacaq. Lakin indiki kölə şərtlərlə deyil, bizim diktə etdiyimiz şərtlər daxilində əlaqələrimizi qurmalıyıq. Ona görə də kim Türkiyə ilə mücadilə edirsə bizim müttəfiqimizdir. Heç kim bizim taleyimizi həll edə bilməz”.



Erməni müxalifətçinin bəyanatlarını “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Qarabağ məsələsində birinci mərhələ başa çatıb. İkinci mərhələ müzakirələr, razılaşma və anlaşmalar dövrüdür:

“Paşinyan ağır məğlubiyyətdən sonra erməni cəmiyyətini toparlamağa çalışdı. Paralel olaraq qonşu ölkələrlə iqtisadi əlaqələrin bərpasına önəm verdiyini ifadə edərək, xalqı da buna hazırlamağa başladı. Lakin baş nazir müxalifətin ciddi müqaviməti ilə üzləşdi. Hazırda erməni müxalifəti 1988-ci il havasındadır. Manukyanın ifadələrindən göründüyü kimi yeganə məqsəd Paşinyanı devirməkdir. Onların Ermənistanı çətin durumdam çıxarmaq planları yoxdur. Müxalifətin vahid lideri Manukyanın bəyanatları isə populizmdən başqa bir şey deyil. Ermənistanın yenidən müharibəyə cəhd etməsi, bir dövlət olaraq mövcudluğunu sual altında qoyacaq. Artıq bu reallığı sadəcə Yerevan hökuməti deyil, erməni xalqı da dərk edir. Manukyanın Türkiyəyə qarşı olan bütün dövlətlərlə birləşmək iddiası da çox gülüncdür. Ermənistan hansı potensialla və hərbi-iqtisadi güclə öz müttəfiqliyini təklif edəcək?!”. 

Analitik vurğulayıb ki, Ermənistan de-yure dövlət sayılsa da, de-fakto müstəqilliyini itirmiş bir ölkədir:

“Paşinyan ümumən ölkənin vəziyyətini ermənilərə anlada bilib. Məhz ona görə müxalifətin mitinqi zəif və uğursuz alınır. Ermənistan cəmiyyəti növbəti müharibəni arzulamır. Düşmən ölkə hadisələrin yenidən hərbi fazaya keçəcəyi təqdirdə Azərbaycandan hansı zərbəni alacağının fərqindədir. Separatçı dəstənin başçısı Araik Arutyunyanın Rusiya sülhməramlılarının razılığı ilə Xankəndidə tarixə qovuşmuş bir günü “bayram” etməsi hadisələri 1988-ci ilə qaytarmaq cəhdidir. Məhz o zaman davamlı mitinqlər vasitəsilə erməni separatizmi beynəlxalq gündəliyə düşə bilmişdi. Hesab edirəm ki, Paşinyan 11 yanvar razılaşmasını həyata keçirənə qədər hakimiyyətdə qalacaq.

Çünki məlum anlaşmanın altında Moskvanın da imzası var. Ümumən isə Ermənistanda normal və sivil hakimiyyətin qurulması qonşu ölkə kimi bizim də maraqlarımıza xidmət edir. Ümid edək ki, erməni xalqı seçimini doğru edəcək və öz-özünü məhv olmaqdan qurtaracaq”.