70 dollara yaxınlaşır...

Neft dövrü hələ başa çatmayıb

"2030-cu ilin sonunadək qlobal iqtisadiyyatda əsas güc və aparıcı mənbə rolunda yenə də neft amili çıxış edərək qalacaq"


Neftin qiymətində  artım müşahidə edilir. Bu, ötən ildən dünyanın başını qatan pandemiyanın artıq səngiməyə doğru getdiyi anlamına gəlirmi? Azərbaycan üçün hazırda əsas məsələnin işğaldan azad edilmiş ərazilərdə abadlıq, yenidənqurma işlərinin  aparılması olduğunu nəzərə alsaq, neftin qiymətindəki artım prosesi nə dərəcədə sürətləndirə bilər? İqtisadçı Pərviz Heydərov neftin qiymətindəki yüksəlmə fonunda dünyada baş verən prosesləri belə izah etdi:  

- Neftin 1 barelinin qiyməti 70 ABŞ dollarına yaxınlaşır. Bu, gözlənilməz yüksəlişdir. Ancaq bir az araşdıranda isə bəlli olur ki, heç də belə deyil. Yəni əslində, gözlənilməz heç nə baş vermir. Əvvəla, pandemiya sanki, səngiyir kimi görünür. İkincisi, inkişaf etmiş ölkələrin iqtisadiyyatları bərpa istəyi nümayiş etdirir.

Üstəlik, qış çox sərt keçir. Xüsusən də inkişaf emiş ölkələrin bəzilərində. Həmçinin, digər səbəblər də vardır. Neçə illərdir neft sənayesinə qoyulan kapital həcmi ardıcıl olaraq aşağı düşməkdədir.

Bu faktı bir çoxları nəzərə almır. Pandemiyaya qədər olan dövrədək vəziyyət əgər tam bərpa olunarsa, mövcud təklif tələbatı ödəməyəcək. Neft dövrü isə hələ başa çatmayıb. Yaşıl enerji filan, əsla, yenicə qədəm qoyduğumuz bu onilliyin işi deyil. 2030-cu ilin sonunadək qlobal iqtisadiyyatda əsas güc və aparıcı mənbə rolunda yenə də neft amili çıxış edərək qalacaq. Odur ki, neftin qiyməti məsələsi hələ uzun müddət əsas müzakirə və diqqət mərkəzində olaraq saxlanılan məsələ sayılacaq.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsinə başlanılan quruculuq işlərinə gəlincə, P.Heydərov  neft gəlirlərinin artmasının prosesi sürətləndirəcəyini bildirdi: 

- Cari ilin dövlət büdcəsində neftin proqnoz qiyməti bilirsiz ki, 40 ABŞ dolları səviyyəsində götürülüb. Bu isə o deməkdir ki, ölkəmiz hazırda satdığı neftdən artıq gəlir götürür.

Məlumdur ki, büdcə gəlirlərimiz bütövlükdə neftdən asılıdır. Və bu il ərzində isə 30 ilə yaxın idi ki, işğal altında olan ərazilərimiz azad edildiyindən dövlətin və hökumətin qarşısına yeni vəzifələr çıxıb. Həmin ərazilərdə bərpa və yenidənqurma işləri aparılmalıdır və artıq, bütün bunlara başlanılıb. Bunun üçün ilkin olaraq, 2 milyard manatdan çox vəsait ayrılıb.

Təbii ki, bunun mənbəyini neft pulları təşkil edir. Odur ki, neftdən gələn gəlirlər nə qədər çoxluq təşkil etsə, bu, sözügedən işlərin və vəzifələrin daha genişmiqyaslı və zaman etibarilə daha tez yerinə yetirilməsinə şərait yaradacaq.

Nəzərə almalıyıq ki, həmin ərazilərdə məqsədə nə qədər tez çatılsa, bu, qeyri-neft sektorumuzun inkişafına və genişlənməsinə töhfə verəcək. Ümumiyyətlə, həmişə qeyd etmişəm və yenə qeyd edirəm ki, neftdən asılılığımız müddəti bitməyincə dünya bazarlarında qiymət səviyyəsi üzümüzə sonadək "gülsə" yaxşıdır.

Ancaq bundan maksimum effektli bəhrələnməyimiz tələb olunur. Çünki qeyri-neft sektorunun inkişafı uzunmüddətli məsələdir.